Azərbaycanın arsenalında hansı ölkələrin silahları üstünlük təşkil edir? Hərbi ekspert: “Bu sazişlərin sayəsində...” Azərbaycan Silahlı Qüvvələrinin arsenalında əsasən hansı ölkələrin silahlarının üstünlük təşkil etdiyi barədə müzakirələr son günlərdə yenidən qızışıb. Buna səbəb iyulun 12-dən etibarən ermənilərin cəbhənin Tovuz rayonu istiqamətində təxribatlara əl atmalarından sonra başlayan döyüşlərdir. Azərbaycan ordusu ən müasir silahlarla düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirməkdədirlər. Bəzi hərbi və siyasi ekspertlər bu savaşı Qərb, Türkiyə İsrail və Rusiya silahlarının müharibəsi adlandırır.
Lakin hərbi icmalçı Ramil Məmmədli fərqli düşünür: “Azərbaycan Silahlı Qüvvələri 2004-cü ildən başlayaraq, silah-texnika imkanlarını modernləşdirmək məqsədilə dünyanın bir sıra ölkələri ilə satınalmalara dair layihələr həyata keçirib. Bu əsasən Rusiya, Türkiyə, İsrail, Belarus və Qərb ölkələridir. Rusiyadan əldə olunan texnikalar sayəsində ordumuz hava hücumundan müdafiə, zirehli texnika, artilleriya parkını yeniləyə bilib. Bu sazişlərin sayəsində Azərbaycan Rusiyadan S-300 ”Favorit", BTR-82A və müxtəlif təyinatlı raket-artilleriya qurğuları satın alıb. Türkiyədən də əsas satınalmalar zirehli texnika, İT texnologiyaları və raket-artilleriya sistemləri sahəsində olub. Yüksək dəqiq silahlar sahəsində isə əməkdaşlıq İsraillə yüksək həddə çatdırılıb. Buradan həm yüksək dəqiqlikli raket sistemləri və zenit-raket sistemləri alınıb.
Bununla yanaşı, pilotsuz uçuş aparatları parkı da İsrail vasitəsilə yaradılıb və indi də Azərbaycanda istehsalı həyata keçirilir. Qərb ölkələrindən isə müxtəlif təyinatlı hərbi qurğuların alınması reallaşdırılıb. Ümumilikdə, bu gün Azərbaycanla hərbi-sənaye sahəsində satınalmalara görə ilk yeri Rusiya tutur. Digər iki yerdə isə İsrail və Türkiyə bərqərar olub. Bundan başqa, cari tələbatın həyata keçirilməsi üçün isə milli müdafiə sənayesi sektorunun inkişafı yüksək səviyyəyə qaldırılıb. Yuxarıda bildirdiklərimdən belə qənaətə gəlmək olar ki, Ermənistan-Azərbaycan müharibəsini Qərb, Türkiyə, İsrail və Rusiya silahlarının müharibəsi adlandırmaq olmaz".
Politoloq: “Savaş meydanında həm də müxtəlif ölkələrin silahları təcrübədən keçirilir”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Savaş meydanında həm də müxtəlif ölkələrin silahları təcrübədən keçirilir. Kasıb Ermənistanın silah təchizatı məhduddur. İşğalçı dövlət ancaq Rusiyadan diləndiyi silahlarla bizə atəş aça bilir. Azərbaycanın əlində isə Rusiya, Türkiyə, İsrail və digər bir neçə dövlətin silah və hərbi texnikası var. Erməni hədəflərini vuran pilotsuz uçuş aparatlarımız Türkiyə və İsrail istehsalıdır. Bu aparatlar düşmənə sarsıdıcı zərbələr endirirlər. Türkiyə son illər hərbi-sənaye kompleksini xeyli inkişaf etdirib. Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatları İraqda, Suriyada və Liviyada sınaqdan uğurla keçib. Təsadüfi deyil ki, dünyanın bir çox ölkəsi Türkiyənin pilotsuz uçuş aparatlarına xüsusi maraq göstərir, onları almağa çalışırlar. Bu baxımdan qardaş dövlətin istehsalı olan hərbi texnika düşmənə qarşı mübarizədə bizə çox böyük fayda verir. Türkiyə bununla kifayətlənmək istəmir. Qardaş ölkə Azərbaycana daha çox hərbi texnika və sursat göndərməyə hazırdır. Rəsmi Bakı da Ankara ilə hərbi sahədə əməkdaşlığı artırmaqda maraqlı görünür. Bu baxımdan Azərbaycanın müdafiə nazirinin müavinin Ankaraya yollanıb qardaş ölkənin müdafiə naziri Hulusi Akarla görüşməsi təsadüfi deyil”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Komen