Azərbaycan coğrafi mövqeyi nəzərə alaraq, strateji əhəmiyyətli Naxçıvan bölgəsində özünün hərbi iştirakını artırmaqda, Əlahiddə Ümumqoşun Ordunu ən yeni, dağıdıcı və yüksək dəqiqlikli silah sistemləri ilə təchiz etməkdə davam edir. Bu barədə ABŞ-ın Ceymstaun Araşdırma Fondunun (“Jamestaun Foundation”) saytında dərc edilmiş məqalədə deyilir.
Müəllif Can Kasapoğlu qeyd edir ki, Bakı Naxçıvandakı qüvvələrini gücləndirmək üçün genişmiqyaslı səylərə hazır olduğunu nümayiş etdirir. Bunun növbəti sübutu isə strateji əhəmiyyətli anklavda Türkiyədən alınan ən yeni və yüksək dəqiqlikli TRG-300 “Kaplan” 300-millimetrlik reaktiv yaylım atəşi sistemlərinin yerləşdirilməsidir. Həmin silahlar Azərbaycan Müdafiə Nazirliyinin YouTube kanalında mayın 2-də yerləşdirilmiş və Naxçıvan qarnizonunda silahların, hərbi texnikanın yay rejiminə keçirilməsi barədə süjetində gözə dəyir.
Müəllif bildirir ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemi Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Bu sistem kifayət qədər yüksək dəqiqlikli raketlər buraxır. “Kaplan” raketlərinin hədəfdən ehtimal olunan dairəvi yayınması 10 metrdən də azdır. Raketlər GPS sistemi ilə dəstəklənir, 105 kiloqram ağırlıqlı döyüş başlığına malik olan “Kaplan” raketinin radiusu 120 kilometrdir. Lakin raketin daha dağıdıcı döyüş başlığına malik olan versiyası da var. Belə ki, 190 kiloqramlıq döyüş başlığı daşıyan “Kaplan” raketi 90 kilometrdən hədəfi vura bilir, bu zaman hədəfdən mümkün yayınma 80 metrə qədər çata bilər. Amma bu ehtimal olunan yayınmanı raketin yüksək dağıdıcı gücü kompensasiya edir.Habelə Naxçıvanda “Smerç” reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla digər reaktiv sistemlər yerləşdirilib. O cümlədən Azərbaycanın İsraildən aldığı yüksək dəqiqlikli “Lora” əməliyyat- taktiki raketlərinin də Naxçıvanda yerləşdirildiyi məlumdur.
Can Kasapoğlu daha sonra yazır ki, Naxçıvan Qarabağda alovlana biləcək mümkün irimiqyaslı hərb əməliyyatlar zamanı hücum üçün ikinci istiqamət rolunu oynaya bilər. Belə ki, bu hücum iki mümkün variantda baş verə bilərdi. Azərbaycanın Naxçıvanda dislokasiya olunmuş Əlahiddə Ümumqoşun Ordusu Qarabağ istiqamətində erməni qüvvələrini yayındırmaq üçün Ermənistanın paytaxtı İrəvan istiqamətində hücuma keçə bilər. İkinci variant isə hücum Ermənistanla Qarabağdakı erməni qüvvələri arasında kritik əlaqəni kəsməyə hesablana bilər.
Comments