top of page

Azərbaycan və Ermənistan arasında sülh danışıqları intensivləşir


Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronun Kişineuda keçirilmiş “Avropa siyasi birliyinin” 2-ci Zirvə toplantısı çərçivəsində qeyri-rəsmi görüşdə gözlənilənlərin əksinə olaraq hər hansı bir sənəd imzalanmayıb. Lakin bütün tərəflər görüşün müsbət keçdiyini və gələcək irəliləyişlərə ümid verdiyini qeyd ediblər.

Görüşdən sonra Aİ Şurasının Prezidenti Şarl Mişel azərbaycanlı jurnalistlərə bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlarda müəyyən irəliləyiş var.

Bu, həm də ondan xəbər verir ki, növbəti görüşlərin və danışıqların qrafiki artıq müəyyən edilib. Belə ki, iyunun 12-də ABŞ-ın paytaxtı Vaşinqtondan çox da uzaqda yerləşməyən Arlinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri may görüşünün davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə yenidən müzakirələr aparacaqlar. İyulun 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Brüsseldə görüşəcəklər. Bundan başqa, oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək “Avropa siyasi birliyinin” 3-cü Zirvə toplantısında Kişineu formatında görüş yenidən planlaşdırılır.

Danışıqların intensivləşməsi belə qənaətə gəlməyə imkan verir ki, tərəflər dialoqu davam etdirmək əzmindədirlər. Üstəlik, onlara yardım göstərənlər isə prosesin dalana dirənməməsi üçün əllərindən gələni etməyə çalışırlar. Doğrudur, Ermənistan bəzən bəzi məsələlərdə qeyri-konstruktiv yanaşma ilə bu prosesə mane olmağa çalışır. Amma o, yenə də sülhə alternativ olmadığından danışıqlar masası arxasına əyləşmək məcburiyyətində qalır.

Hətta yardım göstərmək istəyən bir çox tərəfin olması da mənfi amil kimi qiymətləndirilməməlidir. Vasitəçilərin hər biri, istər rəsmi Vaşinqton, istər Brüssel, istərsə də Moskva münasibətlərin normallaşması prosesinə xüsusi töhfə vermək istəyir.

Ukraynadakı müharibə fonunda Avropanın xüsusilə təhlükəsizlik məsələlərindən narahat olduğu mürəkkəb geosiyasi vəziyyət onun təkcə hüdudlarından kənarda deyil, həm də daha geniş məkanda sülh və sabitlik məsələlərini yenidən nəzərdən keçirməsinə səbəb olub. Mühüm tərəfdaşların (təbii ki, Azərbaycan da bu siyahıya daxildir) çiçəklənməsi və onların yerləşdiyi regionda sülhün əhəmiyyəti də başqa cür qəbul olunmağa başlayıb.

Buna görə də Aİ, ABŞ və Rusiya danışıqları davam etdirmək və bunun üçün yeni platformalar təqdim etmək üçün hər cür səy göstərəcək. Ümid var ki, Azərbaycan və Ermənistan liderləri arasında tez-tez görüşlər tərəfləri sülh sazişinin imzalanmasına yaxınlaşdıracaq.


Comments


bottom of page