"Azərbaycan xaricdəki soydaşlarımızın yanındadır"-XİN bəyanatı


Bu gün Xarici İşlər Nazirliyində mətbuat konfransı keçirilib.


Azadpress.az xəbər verir ki, brifinqdə XİN və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Brifinq son günlər erməni radikal qüvvələrinin xarici ölkələrdə Azərbaycan icmalarının üzvlərinə və diplomatik nümayəndəliklərə qarşı törətdiyi vandalizm mövzusuna həsr edilib.

XİN-in sözçüsü Leyla Abdullayeva bəyan edib ki, Azərbaycan xaricdəki soydaşlarımızın yanındadır. Vətəndaşlarımız xaricdəki diplomatik nümayəndəliklərdən hər cür dəstək ala bilərlər.


Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib ki, son günlər cəbhədə baş verən erməni təxribatına qarşı xarici ölkələrdə keçirilən dinc yürüşlərə qarşı ermənilər tərəfindən vandalizm aktları həyata keçirilib. Ermənistan rejimi hərb meydanında məğlub olduqdan sonra müxtəlif xarici ölkələrdə dinc aksiya keçirən azərbaycanlılara qarşı vəhşiliklər törədiblər. Bir sıra ölkələrin paytaxt və böyük şəhərlərində belə hadisələr baş verib. Onların əsas məqsədi diqqəti əsas məsələdən yayındırmaqdır. Xaricdəki azərbaycanlılar dinc yolla aksiya keçirərək erməni vəhşiliyinə son qoyulmasını tələb edirlər.

“Hadisələr baş verən ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqə saxlayırıq. Onlar vəziyyətlə bağlı ətraflı məlumatlandırılırlar. ABŞ polisi bu ölkədə azərbaycanlılara qarşı vandalizm aktını ətraflı araşdıracaq və lazımi tədbir görəcək. Bunu ABŞ-ın Azərbaycandakı səfiri də deyib”, - deyə nazir müavini vurğulayıb.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.