
Azərbaycanda vətəndaşların bir-birinə dəstək ola bilməsi üçün online layihə yaradılıb.
Azadpress.az xəbər verir ki, “Dəstək ol!” layihəsinin həyata keçirilməsində məqsəd cəmiyyətdə ehtiyacı olan insanlara yardım etmək arzusunda olan fərdlər, eləcə də müvafiq xidmətlərə ehtiyac duyan fərdlər arasında ünsiyyət və əlaqə körpüsünün yaradılmasıdır.
https://destekol.az/ layihəsi könüllü, ictimai fəaliyyətdə sizin vasitəçiniz olacaq. İnsanlara yardım edərək, çöhrələrində və həyatlarında bir şölə yandırmaq, onlara sevinc bəxş etmək arzusunda olan insanlar məişətdə istifadə etmədikləri maddi ləvazimatlarını (kitab, oyuncaq, geyim, mebel, ev əşyaları, qida və s.) qarşılıqlı faydalanma prinsipi əsasında ehtiyacı olan insanlarla paylaşma imkanı əldə edəcəklər.
Həmçinin, müxtəlif peşə sahibləri fəaliyyət göstərdikləri sahələr üzrə ehtiyacı olan fərdlərə ictimai əsaslarla xidmətlər (hüquqi xidmət, təhsil xidməti, tibbi xidmət və s.) təklif edə biləcəklər.
Belə ki, yardım edəcək fərdlər, eləcə də yardıma dəstək duyan fərdlər platformaya daxil olaraq qeydiyyatdan keçə və əks olunan iki bölmədə (“Ehtiyacım var” bölməsi, “Təklifim var” bölməsi) müvafiq xidməti təklif edə, eləcə də əldə edərək bəhrələnə bilərlər.
Ehtiyacı olan insanlara ictimai əsaslarla, könüllü şəkildə yardım etmək amalı ilə portala daxil olan şəxslər “Təklifim var” bölməsində paylaşmaq istədikləri əşya(lar)ın fotolarını yerləşdirməli və başlıq hissədə qısa məlumat qeyd etməlidirlər. Müvafiq olaraq çalışdıqları sahədə insanlara xidmət ilə töhfə vermək arzusunda olan şəxslər qeyd olunan bölmədə xidmətin məzmunu barədə və əlaqə imkanları barədə elan yerləşdirməlidirlər.
Məqsəd – cəmiyyətdə faydalı könüllü fəaliyyətinin təşviq olunması, cəmiyyətin həssas qrupuna daxil olan fərdlərinə xidmətlərin əlçatanlığının təmin edilməsi və davamlı dəstəyin göstərilməsi
Comments