Rusiyanın, xüsusilə Sankt-Peterburq şəhərinin qida sahəsində ən böyük şirkətlərindən sayılan “İntertorq” şirkətinin və “Spar” ərzaq mağazalar şəbəkəsinin yerli franşizasının həmsahibi olan Allahverdi Abdullayev həbs olunub.
Rusiya mətbuatı xəbər verir ki, Allahverdi Abdullayevlə birlikdə şirkətin 2 meneceri də saxlanılıb. Allahverdi Abdullayev “Sberbank”dan 8 milyard rubl (107 milyon dollar) vəsaiti təyinatı üzrə xərcləməməkdə təqsirləndirilir.
Valyuta.Az-ın verdiyi xəbərə görə, istintaq materiallarında kredit adı ilə dövlət bankları və s. maliyyə müəssisələrindən alınan vəsaitin xaricə çıxarıldığı vurğulanır.
Xatırladaq ki, Allahverdi Abdullayev qardaşı Müşviq Abdullayevlə birgə, Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda aktiv bizneslə məşğulb olur. Onlara məxsus “İntertorq” holdinqi – “Narodnaya Semya”, “İdeya” və “Spar” (regional franşiza) mağazalar şəbəkəsini aktiv inkişaf etdirirdi. 2018-ci ildə Abdullayevlər mağazalarının ümumi sayını 1000-ə çatdırmağı planlaşdırırdı. Lakin həmin ildən “İntertorq” şirkəti ciddi maliyyə sıxıntısı ilə üzləşdi.
50 yaşlı Abdullayev müsahibədə bildirirdi ki, Rusiyada ticarət haqqında yeni qanunun qəbulu onların işini çətinləşdirib. Çünki əvvəllər təchizatçılara aldıqları malın pulunu 45-90 gün ərzində ödəyə bilirdilər, yeni qanun isə bunun üçün 5 gündən 15 günə qədər vaxt qoyur. Onun fikrincə, bazardakı bəzi rəqiblər “İntertorq”a qarşı hücuma başlayıblar və sıradan çıxarmağa çalışırlar.
Azadpress.az
Comments