top of page

Azərbaycan COP29 çərçivəsində Yaponiya ilə birgə iş birliyinə hazırdır




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edib.


Azərbaycan Prezidenti ilə görüşdən böyük şərəf hissi duyduğunu deyən Katsuya Vatanabe xoş sözlərə görə minnətdarlığını bildirib. O, ölkələrimiz arasında dostluq və xoş münasibətlərin mövcud olmasında dövlətimizin başçısının rolunu xüsusi qeyd edib.

Səfir COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib və qeyd edib ki, yaşıl iqtisadiyyata keçid, yüksək texnologiyaların inkişaf etdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan COP29 çərçivəsində Yaponiya ilə birgə iş birliyinə hazırdır.

Katsuya Vatanabe öz növbəsində qeyd edib ki, ölkəsi yaşıl cəmiyyətin qurulması, yüksək texnologiyalar əsasında inkişafa mühüm əhəmiyyət verir və bu sahədə də ölkələrimiz arasında əməkdaşlıq üçün böyük imkanlar var. Səfir Azərbaycan-Yaponiya əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.


bottom of page