“Bəhram Bağırzadəyə təcili ağ ciyər köçürülməlidir”


“Əməkdar artist Bəhram Bağırzadəyə təcili olaraq ağ ciyər köçürülməlidir”

Bu fikri Musavat.com-a açıqlamasında Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.


O, bildirib ki, hazırda Bəhram Bağırzadənin ağ ciyərləri faktiki olaraq işləmir:

“Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır. Bu gün onu ilk olaraq süni nəfəs aparatına qoşublar. Lakin ağ ciyərin vəziyyəti pis olduğu üçün onun bu aparata qoşulması nəticə verməyib. Buna görə də təcili olaraq Bəhram Bağırzadə ürək-damar cərrahı, professor Rəşad Mahmudovun rəhbərliyi altında  ECMO aparatına qoşulub. ECMO aparatından Azərbaycanda cəmi 6 ədəd var. Bu aparatların qiyməti 6 milyon dollardır. İndiyə qədər Azərbaycanda ECMO aparatına qoşulacaq qədər ağır xəstə olmayıb. Bəhram Bağırzadənin görünür ağ ciyərində əvvəldən hansısa problem olub. Eyni zamanda çəkisinin də normadan artıq olması vəziyyəti qəlizləşdirir. Hazırkı situasiya tələb edir ki, zaman itirmədən onun ağ ciyəri çıxarılsın. Çünki ağ ciyərdən onun orqanizminə infeksiya yayılır. Artıq ağ ciyər tamamilə qeyri-işlək vəziyyətdədir. İnsanlar ECMO aparatı vasitəsilə 2 aydan bir qədər artıq yaşaya bilir. Bununla bağlı dünyada təcrübə var. ECMO cihazı altında  ağ ciyərsiz yaşama müddəti maksimum 62 gündür. Ona görə də hazırda ağ ciyər çıxarılmalı, ECMO ilə orqanizmə oksigen verilməlidir. Bu müddət ərzində canlı donor tapılmalıdır. Çünki Azərbaycandakı müvafiq qanunlara görə meyitin orqanlarından istifadə edilmir. Bəhram Bağırzadə üçün 3-4 donordan olmaqla hərəsindən 1-2 pay götürülməlidir. Bu ağ ciyər parçalarını köçürməklə, Bəhram Bağırzadənin həyatını qurtarmaq ehtimalı meydana gələ bilər. Bu nümunə var və müsbət nəticələr əldə edilib. Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.