“İngilis və rus dillərində indiyə qədər düşmənlərimizlə söz güləşdirirəm. Hələ ki, mənə qalib gələ bilməyiblər. Allahın köməyilə, bu informasiya savaşında qalib gələ də bilməyəcəklər. Çünki haqq bizim tərəfimizdədir. Paylaşımlar üçün yüzlərlə tanımadığım izləyicilərdən təşəkkür məktubları alıram. Eyni zamanda özümü böyük bir mətbuat orqanı kimi hiss edirəm”.
Bu sözləri musavat.com-un suallarına cavab verən Dövlət Sərhəd Xidmətinin baş leytenantı, müğənni Elnarə Xəlilova deyib. O, cəbhədə yaşananlardan sonra sosial şəbəkədə ermənilərlə informasiya savaşı apardığını bildirib:
“Dünyanın 4 yerindən tanımadığım soydaşlarımız mənə gün ərzində onlarla foto və video materiallar göndərirlər. Təbii ki, mən onların hamısını sərgiləmirəm. Öz süzgəcimdən keçirib millətə, dövlətə lazım olan aspektdən görüntüləyir və şərh edirəm. Bu çox vacib bir məqamdır. Mətbuatda hal-hazırda çalışan hər bir kəsdən də bunu gözləyirəm. Azərbaycan maraqlarını gözləmək və diqtə etmək lazımdır”.
- Baş leytenat olan 4 uşaq anası Elnarə bu günlərdə yaşananları övladlarına necə izah edir?
- Övladlarımı maksimum olub-bitənlərdən uzaq tutmağa çalışsam da, mənə müharibə ilə bağlı çoxlu sual verirlər. Mən də sevə-sevə doğru olanları və lazım bildiklərimi söyləyirəm. Körpələrə dost və düşmən uşaqlıqdan aşılanmalıdır. Hərdən mənə elə gəlir ki, onlar məndən də çox bilirlər. Azadpress.az
Comments