top of page

Bakının barışıq planı:İsrail-Türkiyə yaxınlaşması baş tutacaqmı?





Artıq bir həftədir ki, Türkiyə mediasında iki ölkə arasında münasibətlərin düzələcəyi,hətta müttəfiqlik səviyyəsinə çatacağı haqqında iddialı məqalələr dərc edilir. Məqalə müəllifləri Qarabağ uğrunda savaşda Azərbaycana ən çox dəstək olan İsrail və Türkiyənin barışığına rəsmi Bakı təşəbbüs göstərdiyini qeyd ediblər. Yalnız Türkiyə mediası deyil, ərəb mətbuatı da bu haqda geniş reportajlar hazırlayır.


Məşhur “Al Monitor” dərgisi Türkiyə İsrail ilə münasibətləri səhmanlamaq üçün görüşmələr təşkil etdiyini yazıb. İddiaya görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan israilli rəsmilərlə münasibətləri normallaşdırmaq üçün gizli görüşlər keçirib.İki ölkə arasında mübasibətlərin korlanmasından 10 il ötür. Türkiyə 2010-cu ildə İsrailin Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücumundan sonra İsraildəki səfirini geri çağırıb. Lakin 2016-cı ildə rəsmi Ankara İsrailə yenidən səfir təyin edib.İsrailin Qəzza bölgəsində hərbi hərəkətləri və ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsindən sonra 2018-ci ildə Türkiyə və İsrail qarşılıqlı olaraq səfirlərini geri çağırıblar.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün İsrail ilə münasibətlərdəki gərginlik mövzusuna münasibət bildirərkən deyib ki, Türkiyə heç vaxt kəşfiyyat sahəsində İsrail ilə əlaqələrini kəsməyib:

"Bu əlaqələr bu gün də mövcuddur. Amma eyni zamanda bu ölkənin rəhbərliyi ilə bir sıra problemlərimiz var"


Dövlət başçısı Ankaranın İsrail ilə münasibətlərini yaxşılaşdırmaq istədiyini, ancaq İsrailin Fələstinlə bağlı mövqeyini qəbul edə bilməyəcəyini qeyd edib.

"İsrailin addımları Türkiyənin ədalətin təmin edilməsi və dövlətlərin bütövlüyünün qorunması yanaşmalarına ziddir", o deyib.


Politoloq Elxan Şahinoğlu son günlər İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması haqda müzakirələri şərh edərkən deyib ki, növbəti illərdə İsrail-Türkiyə-Azərbaycan arasında üçlü iqtisadi formatın yaradılması mümkündür. Bu, real bir yanaşmadır, çünki Azərbaycan nefti, Türkiyə hərbi sənayesi və İsrail maliyyəsi bir araya gələrək, geniş imkanlara malik formata çevrilə bilər.

O bildirib ki, Fələstin ətrafında baş verən proseslər səbəbilə uzun müddətdir Türkiyə-İsrail münasibətlərində soyuqluq, bəzən isə gərginliklər yaşanmaqda idi:

“Bu soyuq münasibətlərə baxmayaraq, iki ölkə arasında ciddi bir iqtisadi münasibətlər qalmaqda idi. Digər tərəfdən, İsrail Azərbaycandan aldığı neft-qazı Türkiyə üzərindən daşıyırdı. Bildiyiniz kimi, İsrailin neftə olan tələbatının 40-50 faizini Azərbaycan ödəyir.

Ümumiyyətlə, İsrail-Türkiyə münasibətlərinin normallaşması gözlənilən idi. Çünki real yanaşsaq, hər iki ölkənin bir-birinə ehtiyacı var. Türkiyə yaxşı başa düşür ki, İsrail kiçik ölkə olsa da, dünya maliyyə sistemində, diaspor sahəsində kifayət qədər nüfuza sahibdir. Bundan başqa, İsrail bu regionun bir parçasıdır və istər-istəməz bu ölkə ilə də əməkdaşlıq vacibdir”.

Politoloq qeyd edib ki, İsrail regionun müsəlman ölkələri ilə münasibətləri bərpa etməkdə maraqlıdır:

“İsrailin Misir, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman, hətta Mərakeşlə münasibətlərdə normallaşma mərhələsinə qədəm qoyub. Bu reallıqlar çərçivəsində niyə Türkiyə ilə normallaşma olmasın? Düşünürəm, hazırda iki ölkənin bir-birinə ehtiyacı var və bu yaxınlaşma gələn il də davam edəcək”.

Politoloq Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında Azərbaycanın rolu haqda da danışıb:

“Türkiyə-İsrail münasibətlərinin pisləşdiyi dövrdə bu vəziyyətdən ən çox narahat olan Azərbaycan idi. Real mənzərə onu göstərir ki, Azərbaycanın səyləri bu gün bu iki ölkənin yaxınlaşmasında mühüm rol oynayır. Həm Türkiyə, həm İsrail Azərbaycanın strateji müttəfiqləridir. Hər iki ölkə ilə tarixi və çoxtərəfli münasibətlərimiz var. 44 günlük müharibə zamanı biz bunun bir daha şahidi olduq. Mən deyərdim, bu gün İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasında Azərbaycan diplomatiyasının səyləri misilsizdir”.


Lakin İsrail höküməti tərəfdən bu yaxınlaşma söhbətlərinə rəsmi münasibət bildiriməyib. Çox güman ki, İsrail ərəb dövlətləri ilə münasibətlərin bərpası fonunda Türkiyə ilə yaxınlaşma mövzusunu önə çəkmək istəmir. Əgər bir nüans olmasaydı:İsrail tərəfdarı kimi çıxış edən ABŞ prezidenti Trampın hakimiyyətdən getməsi İsrailin xarici və təhlükəsizlik siyasətinə mənfi təsir edəcəyi bəllidir. Bu səbəbdən İsrailin Türkiyə ilə yaxınlaşması məsələsi xarici siyasətdə prioritet təşkil edir. İsrail siyasətçiləri tərəfindən bu yaxınlaşma sanki ikinci dərəcəli məsələ kimi qələmə verilsə də,əslində Tel-Əviv üçün mühüm əhəmiyyət kəsb edir. Hələlik İsrailin ənənəvi Türkiyə rəqibi Yunanıstan və Qərbyönümlü ərəb dövlətləri ilə hərbi-siyasi və iqtisadi münasibətləri getdikcə inkişaf edir. Baş nazir Netaniyahu isə Türkiyə ilə münasibətlərə dair fikir bildirmir...


Eldəniz Cəfərov

bottom of page