Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov son günlər Ermənistan hərbi birləşmələrinin dövlət sərhədimizdə növbəti genişmiqyaslı hücum cəhdindən sonra yaranmış gərgin situasiya ilə bağlı xalqa, siyasi qüvvələrə müraciət edib.
Virtualaz.org-un məlumatına görə, Ayaz Mütəllibov vətənimizin, xalqımızın növbəti dəfə ağır sınaq, imtahan qarşısında olduğunu deyib: "Bir tərəfdən pandemiya - xəstəlik elan olunmamış “müharibə”ni davam etdırir və bunun törətdiyi fəsadlar olduqca ağırdır: istər insan təlafatı, istərsə də iqtisadi zərərləri göz qabagındadır. Digər tərəfdən isə ermənilərin son xain hucumları əsgər balalarımızın, hətta general, polkovnik və mayorlarımızın şəhid olmasına, gərginliyin daha da artmasına gətirib çıxarıb.
Şəhidlik zirvəsinə ucalmış qəhrəman general, zabit və əsgərlərimizin yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlıği verir, “Allah rəhmət eləsin!”, “Vətən sağ olsun!” deyirəm.
Xalqın səbr kasası haqlı olaraq daşıb. Axı nə qədər gözləmək olar? Nə qədər bu təcavüzkar Ermənistanın nazı ilə oynamaq olar? Axıdılan qanlara, nahaq qurbanlara görə bütün məsuliyyət işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşür. Erməni siyasətbazları bu vəziyyətdə belə, yenə də öz riyakarlıqlarından əl çəkmirlər. Bütün dünya Azərbaycanın haqq tərəf olduğunu çox gözəl bilir və beynəlxalq hüquq, qanunlar bizim tərəfimizdədir. Amma 30 ilə yaxındı, biz zülm altındayıq, ərazilərimiz işğal olunub. Belə bir vəziyyətdə isə bir sıra təşkilat və dövlətlər bizdən güzəşt tələb edirlər - böyük haqsızlıqdır.
Təcavüzkar tərəf Ermənistandır və onlar dərhal torpaqlarımızı azad edib öz ərazilərinə çəkilməli və soydaşlarımız öz dədə-baba yurdlarına sahib çıxmalıdır. Çünki xalqımız bu işğalla heç zaman barışmayıb və barışmayacaq da...".
Son hadisələrdən söz açan sabiq Prezident siyasi baxışından, əqidəsindən asılı olmayaraq hamının bir nəfər kimi dövlətin ətrafında sıx birləşməli olduğunu bildirib: "Düşmən tərəf ilk növbədə bizim milli birliyimizi pozmağa çalışaraq aramıza təxribat, düşmənçilik toxumu səpməyə cəhd edir.
1991-1992-ci illərin hadisələrini yada salsaq, kifayət edər. O zaman Prezident kimi mən nə qədər çalışsam da, müxalif qüvvələri dəfələrlə müstəqilliyimiz, ərazi bütövlüyümüz naminə dialoqa dəvət etsəm də və bu istiqamətdə konkret addımlar atsam da, faydası olmadı. Hakimiyyətə müxalifyönlü bəzi şəxslər və qruplar xarici mərkəzlərin sifarişi ilə bütün nifrəti erməni təcavüzkarlarının üzərinə yox, Prezidentin hakimiyyətinə doğru yönəltdilər. Halbuki dövlətin, xalqın, ərazimizin müdafiəsində birbaşa məsuliyyət mənim üzərimdə idi. Qəsbkar qonşularımıza qarşı birgə mübarizə əvəzinə, hakimiyyətlə, Prezidentlə mübarizəni üstün tutub dövləti iflic vəziyyətinə saldılar. Nəticədə xalqla rəhbərlik arasında dərin uçurum yarandı, düşmənə qarşı müqavimətimiz zəiflədi ki, bu da torpaqlarımızın işğalına yol açdı. Bu faktı o vaxtkı siyasətçilərin böyük əksəriyyəti yanız indi qəbul edir. Uzun illər biz o illərin “demokrat” adlanan müxalif qüvvələrinin xain əməllərinin əziyyətini çəkdik və hələ çəkməkdə davam edirik...
Amma bu gün vəziyyət tamam fərqlidir. Məndə olan məlumata qörə, əksər siyasi qüvvələr bu çətin, həssas qünlərdə dövlətin və Prezidentin yanında olduqlarını dilə gətiriblər. Alqışlanmağa layiq bir haldır".
Ayaz Mütəllibov bu gün çox güclü, professional, hazırlıqlı Ordumumuzun olduğuna diqqət çəkib: "Bütün lazımi texnika və silahlarla təhciz olunmuşuq, bir vaxlar biz bunu yalnız arzu edə bilərdik. Tam əminliklə demək olar ki, Ordumuz torpaqlarımızı qeri qaytarmağa, bütün ərazimizdə suverenliyimizi bərpa etməyə qadirdir".
O, eks-prezident kimi bir daha bütün xalqı həyati vacib məsələdə dövlətimizə, Ordumuza dəstək verməyə, arxa olmağa, təxribatlara uymamağa, nizam-intizamlı olmağa, ən əsası, olduqca ayıq-sayıq olmağa çağırıb. Azadpress.az
Comentarios