top of page

BMT-yə üzvlüyün 30 ili - "dünya hökuməti" Azərbaycana nə verdi?


Nizamnaməsinə və üzvlərinin sayına görə BMT dünyanın ən böyük təşkilatıdır. Hazırda təşkilatın 193 üzvü var. Onun əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-yə “dünya hökuməti” də deyirlər. Bu təşkilat nizamnamə və qəbul etdiyi sənədlərə əsasən həm də beynəlxalq hüququn qorunmasına yardım edir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən təxminən üç ay sonra, 1992-ci il martın 2-də bu nüfuzlu təşkilata üzv qəbul olunub. BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilat yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb. Bir zamanlar “Yox, bayrağım bayraqlar içində” demiş Məhəmməd Hadinin və Azərbaycan dövlətinin, bayrağının olması uğrunda mübarizə edənlərin, bunu arzulayanların istəyi reallaşdı.

Azərbaycan BMT-yə çox çətin günlərində üzv qəbul olunub. Ona Ermənistanın təcavüzünün qarşısının bu təşkilatın yardımı ilə alınacağına ümid çox idi. 1993-cü ilin aprel, iyul, oktyabr və noyabr aylarında təşkilatın Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasına dair 4 qətnamə qəbul etmişdi. Ancaq bu sənədlərə Ermənistan 27 il əhəmiyyətsiz bir sənəd kimi yanaşdı. BMT Azərbaycana münasibətdə 27 il nizamnaməsinin əsas prinsiplərindən birini - dövlətlərin ərazi bütövlüyünü gerçəkləşdirə bilmədi. Təcavüzkar Ermənistana qarşı bir cümləlik sanksiya belə tətbiq edilmədi. Bundan şirniklənən işğalçı yeni ərazilər ələ keçirmək iddiasına düşdü. Ermənistan davamlı olaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutdu, dövlət sərhədini pozdu.

BMT və başqa beynəlxalq təşkilatların fəaliyyətsizliyi Azərbaycanı öz ərazi bütövlüyünü əks-həmlə əməliyyatı ilə bərpa etməsinə şərait yaratdı. 2020-ci il sentyabrın 27-də Azərbaycan torpaqlarını işğalçı Ermənistandan azad etməsi istiqamətində əməliyyat keçirməyə başladı. Onda BMT-nin Baş katibi Antoniu Quttereş münaqişənin hərbi yolla həll olunmadığını təkrarlayaraq tərəfləri bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırmışdı. O, dünyanın aparıcı güclərini Azərbaycan-Ermənistan münaqişəsinin dayandırılması və tez bir zamanda atəşkəsin təmin olunmasına kömək etməyə çağırmışdı. Quttereşin 4 qətnamədən xəbəri yox idi? Yaxud 27 il ərzində dinc, danışıqlar yolu ilə münaqişənin həll olunmadığını bilmirdi? Əlbəttə bilirdi...

44 gün sürən müharibə Azərbaycan torpaqlarının Ermənistanın işğalından təmizlənməsi ilə başa çatdı. Bundan sonra Cənubi Qafqazda yeni şərait yarandı. Azərbaycanın apardığı ədalətli müharibə BMT-nin 27 il məhəl qoyulmayan qətnamələrinin tələblərini həyata keçirdi. 30 ilə yaxın tapdanan beynəlxalq hüquqa hörməti Azərbaycan yada saldı.

Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya. Bu dövlətlər 27 il məlum qətnamələrin dinc yolla reallaşmasına cəhd belə etməməklə özlərinə olan etibarın azalmasına rəvac verdilər. Şura üzvlərinin BMT nizamnaməsinə və qəbul etdikləri qətnamələrə hörmətsizliyi sonrakı illərdə keçmiş sovet respublikaları ərazisində yeni fəsadlara yol açdı. 2008-ci ilin avqustunda Gürcüstanda baş vermiş, 2014-cü ildə başlayıb və 2022-ci ilin fevralında bərpa olunan Ukrayna müharibəsi buna sübutdur. Hər iki hadisə BMT Nizamnaməsi, dövlətlərin ərzi bütövlüyü, suverenliyi və seçim hüququnun pozulması ilə nəticələnib. Təşkilatın şurası keçmiş sovet respublikalarında baş qaldıran və xaricdən dəstəklənən separatçılara qarşı mübarizədə BMT-yə üzv olan həmin dövlətləri dəstəkləmədi. Azərbaycan torpaqlarını işğaldan azad etməklə BMT-nin itən və gözdən düşən nüfuzunu qaldıra bildi.

Azərbaycan 30 il ərzində təşkilatın sülhməramlı, humanitar layihələrinə qatılır. Azərbaycan BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR), Uşaq Fondu (UNICEF), Təhsil, Elm, Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişafı Təşkilatı (UNIDO) kimi alt qurumları, habelə Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA), Nüvə Sınaqlarının Əhatəli Qadağası Təşkilatı (CTBTO) kimi yardımçı təşkilatlarla yaxından əməkdaşlıq edir. Belə ki, UNICEF ilə əməkdaşlıq Azərbaycanda qaçqın və məcburi köçkün uşaqları və yeniyetmələrin vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. 1995-1997-ci, 1998-2000-ci illərdə ölkəmiz UNICEF İcraiyyə Komitəsinin üzvü olub.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən təşkilatla əlaqələrə dair bunları da demişdi: “BMT-nin digər təsisatları ilə daimi təmasdayıq. Bizə ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərdən geniş beynəlxalq iştirak və yardım lazım olacaq. Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır. Bakıdakı nümayəndəliyinizin bu işə fəal cəlb olunacağına güvənirik”.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladıqları bəyanatın 7-ci maddəsində məcburi köçkünlərin öz yurdlarına qayıtması ilə bağlı bildirilib: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”.

Bu, rəsmi Bakının BMT ilə əməkdaşlıq etmək istəyini bir daha təsdiqləyir. Azərbaycan həm də bu təşkilatın daha da təkmilləşməsi tərəfdarıdır. Bu baxımdan BMT-nin güclənməsi, nüfuzunun artması beynəlxalq münasibətlərə, hüquqa və normalara daha çox hörmətlə yanaşmaya səbəb ola bilər. Bu zaman “güclüsənsə, haqlısan” prinsipi indiki kimi beynəlxalq arenada və əlaqələrdə baş rolu oynamaz.

Report.az


Kommentare


bottom of page