BNA hüquqşünası hüququ pozaraq qiymətlərin yüksələcəyini elan edib


Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi xidməti ilə bağlı yeni konsepsiyanı ictimai müzakirəyə çıxarmasından sonra bu gün qurumun şöbə müdiri Hikmət Babayevin ARB telekanalına verdiyi açıqlamalar müzakirələrə səbəb olub.

Lent.az məlumat verir ki, H.Babayev deyib ki, taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib:

“Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır. Taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma mövcuddur”.

Mövzu ilə əlaqədar saytımıza açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, BNA-nın taksilərlə bağlı konsepsiyasının konkret hansı müddəalardan ibarət olacağı tam elan edilməyib:


“Dünən sadəcə məlumat verildi ki, taksi xidməti tariflərinin eyniləşdirilməsi, vahid operator sisteminin və kvotaların tətbiqi düşünülür. Əslində isə sözügedən məsələ bu il yox, ötən ildən qaldırılıb və ötən il də bununla bağlı fikirlər səslənmişdik ki, taksi xidmətlərinin tariflərinin eyniləşdirilməsi vacib deyil”.

E.Cəfərov düşünür ki, hazırlanan konsepsiyada taksilər üçün ümumi qaydalar tətbiq edilə bilər:

“Burada isə iqtisadi vəziyyətindən asılı olaraq bunu edə bilməyən taksi sürücüləri, eləcə də fiziki, hüquqi şəxslər taksi fəaliyyətini dayandıracaqlar və qaydalardan sonra işsizliyin sayı artacaq.

Taksi sürücüləri hazırda bir çox ölkələrdə aztəminatlı ailələrin əsas qazanc mənbəyidir. Bir çox dövlətlərdə hökumət maraqlı olur ki, iqtisadiyyatın bir sahəsi olsun ki, işsizliklə üzləşməmək üçün əhali qazanc əldə edə bilsin. Bunlardan biri də taksi xidmətidir. Axı biz aztəminatlı ailələrə qaydalar, tariflər tətbiq etsək cənab Prezidentin sosial siyasəti necə dəstəklənəcək?

Mən inanıram ki, Nazirlər Kabineti, xüsusən də Baş nazir bu məsələyə öz fikrini bildirəcək və konsepsiyaya xitam veriləcək. Bu məsələ isə bir daha qaldırılmayacaq”.

Ekspert diqqətə çatdırıb ki, taksi xidməti ölkədə müştərilərin, vətəndaşların tələblərinə uyğun olaraq qurulub:

“Burada mobil tətbiqlərin, beynəlxalq təcrübəyə malik olan taksi xidmətlərinin də rolu var. Hazırda çox rahat qaydada əvvəlcədən ünvana gələcək taksinin markası, ödəniş miqdarı, sürücünün nömrəsi və bir çox məlumatlar qeyd edilir. Bununla da hər hansı bir problem yarananda hüquqi müstəvidə bunun həlli olduqca rahat olur. Bugünkü dövrdə bu sistemi laxlatmaq nəyə lazımdır bilmirəm?

Düşünürəm ki, taksi tariflərinin eyniləşdirilməsi bazar iqtisadiyyatına ciddi təsir edəcək və taksi qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq. Qurumun şöbə müdiri Hikmət Babayevin də efirdən söylədiyi fikirlər bunu deməyə əsas verir. Çünki onun söylədiyi fikirlərlə artıq qiymətlərin yüksəlməsi anonsu verildi". Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.