Cəlilabad rayonunda dəhşətli hadisə törətməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü İlqar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azadpress.az teleqraf.com-a istinadən xəbər verir ki, İlqar Həsənov 7 iyun 2018-ci il tarixdə, saat 13 radələrində Cəlilabad şəhərində yerləşən “Brend Star” adlı mağazanın qarşısında əvvəllər aralarında münaqişə olmuş tanışı Şahin Həsənovun ona qarşı qərəzli xuliqanlıq hərəkətləri etməsindən hiddətlənib.
O, qardaşı İqbal Həsənovla birlikdə Şahin Həsənovu öldürmək qərarına gəlib. Bu məqsədlə Cəlilabadda yaşadığı evin həyətinə gedib, orada saxladığı “Kalaşnikov” konstruksiyalı, “AKC-74 Y” markalı avtomat silahı götürüb. Qardaşı İqbal isə ov silahı ilə silahlandıqdan sonra həmin gün saat 13.30-da “Lexus GX 470” markalı avtomobillə Şahin Həsənovun yaşadığı evin qarşısına gəlib.
Şahin Həsənov və onun qardaşı Səxavət Həsənovun həyətdə olduğunu görən İlqar avtomobilin içərisindən Şahin Həsənova, eləcə də baş vermiş münaqişəyə heç bir aidiyyəti olmamasına baxmayaraq Səxavət Həsənova avtomat silahdan atəş açıb.
Bu zaman avtomobildə əyləşmiş İqbal Həsənov da ov silahından bir neçə ardıcıl atəşlər açıb. Lakin sərrast vura bilməmələri, Şahin və Səxavət Həsənovların cavab atəşi açmaları, ətrafda yaşayan şəxslərin toplaşması, yaxalanacaqlarından qorxaraq hadisə yerindən uzaqlaşmaları səbəbindən cinayət əməli başa çatdırılmamış qalıb.
Bundan başqa, 9 iyun 2018-ci il tarixdə İlqar Həsənovun yaşadığı evdə aparılmış axtarış zamanı mənzilin ikinci mərtəbəsində dəhlizin sonunda yerləşən yataq otağından soyuq silah sayılan bıçaq da aşkar olunub.
İstintaq orqanı tərəfindən İlqar Həsənovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Həsənovun anlaqsız olması nəticəsinə gəlinib. Onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə tədbiri tətbiq edilib, qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Hökmdən narazı qalan İlqar Həsənov və onun qanuni nümayəndəsi Namiq Həsənov apelyasiya şikayəti veriblər.
Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilməlidir. Belə ki, qərarda İlqar Həsənova elan edilmiş Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 228.2.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qardaşı İqbal Həsənovla qabaqcadan əlbir olan bir qrup halında törətdiklərinin müəyyən edildiyi qeyd olunub.
Məhkəmə həmin qərarla İqbal Həsənov barəsində təqsirsizlik prezumpsiyasının pozub. İqbal Həsənov barəsində qeyd olunan cinayət işinə hazırda Cəlilabad Hərbi Məhkəməsində baxılır.
Həmin qərar prosessual qərar olduğundan sonradan İqbal Həsənovun barəsində baxılan cinayət işi üzrə preyudisial əhəmiyyətə malik ola bilər.
Ona görə də həmin qərar həmin hissədə dəyişdirilməli, İqbal Həsənovun adı qərardan çıxarılmalıdır.
Bundan başqa İlqar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 228.2.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri qabaqcadan əlbir olan bir qrup halında törətdiyini təsdiq edən sübutlar yoxdur.
Hadisə yerinə baxış protokolu ilə ekspert rəyləri, ifadələr arasında kəskin ziddiyyətlər var. Ekspert rəylərinin qanuni və əsaslılığına ciddi şübhələr yaradır.
Bu şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İşə baxılması üçün hakim Etibar Camalovun icraatına verilib.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, verilən apelyasiya şikayəti qismən təmin olunub və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarının “Müəyyən etdi” hissəsində “qardaşı İqbal Həsənov” söz ifadələri “digər şəxs” söz ifadəsi ilə əvəz edilib.
Qeyd edək ki, İqbal Həsənovun barəsində olan cinayət işi Cəlilabad Hərbi Məhkəməsində araşdırılır.
Bundan başqa, cinayət işində zərərçəkmiş qismində tanınan Şahin Həsənov və Səxavət Həsənova da ittiham elan edilib.
Istintaq orqanı tərəfindən hər iki qardaşın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 228.2.2-ci (təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
İttihama görə, hadisədən sonra kriminal aləmdə “Şahin” kimi tanınan Şahin Həsənov və onun qardaşı Səxavət Həsənov odlu silahla silahlanaraq İlqar Həsənov və İlqar Həsənovların yaşadıqları evləri atəşə tutub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Şahin Həsənov, onun qardaşı Səxavət Həsənovun evində axtarış aparılıb. Axtarış zamanı evdən xeyli sayda silah-sursat aşkarlanıb. Polis tərəfindən Şahin Həsənov və Səxavət Həsənov da saxlanılıblar.
Onların barələrində olan cinayət işi baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilib. Məhkəmə hər iki təqsirləndirilən şəxsin barəsində həbs olmayan cəza növü təyin edib.
Bu hökmdən prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxslərin barəsində olan cəzaların ağırlaşdırılmasını istəyib.
Hökmdən təqsirləndirilən şəxslərdə narazı qalıb. Onlar apelyasiya şikayətlərində günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Kamil Bəşirovun icraatına verilib. Yaxın günlərdə bu şikayətlər üzrə də məhkəmə başlanacaq.
Comments