top of page

Dünya üzrə rekord bahalaşma nə ilə əlaqədardır?



Bütün dünya üzrə inflyasiyanın sürətlənməsi müşahidə edilir. Dünyanın ən iri iqtisadiyyatına malik ABŞ-da inflyasiya fevralda 7,9 %-ə kimi sürətlənib. Bu, 1982-ci ildən bu yana ən yüksək göstəricidir.

Analoji vəziyyət Avropada da müşahidə edilir. Avrozonaya daxil olan 19 ölkədə illik inflyasiya ötən ay 5,9 %-ə (yanvarda 5,1 % idi) çatıb. Bu göstərici Avrostatın müşahidələr tarixi (1997-ci ildən) üçün rekorddur. Nəzərə almaq lazımdır ki, bir il əvvəl Avrozonada inflyasiya illik cəmi 0,9 % olub. Avropa İttifaqının 27 ölkəsində isə illik ifadədə qiymət artımı fevralda hətta 6,2 %-ə çatıb.

Ötən il “köhnə kontinentdə” qiymət artımının əsas səbəbkarı koronavirus pandemiyası olub. Belə ki, sərhədlərin bağlanmasından dolayı tədarük zənciri sıradan çıxdı. Avropa bazarı bir çox məhsul, xammal və hissələrsiz qaldı. Qlobal şirkətlərin istehsallarının əhəmiyyətli hissəsinin yerləşdiyi Asiyada koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bir çox istehsallar dayandırıldı. Həmin məhdudiyyətlər aradan qaldırılandan sonra qiymət artımını dayandıra biləcək həcmdə məhsul tədarük etmək mümkün olmadı. Bunu avtomobillər, məişət texnikası və elektronika üçün yarımkeçiricilərin misalında görə bilərik. Defisit fonunda çiplərin qiyməti kəskin artdı. Bu mənada ötən ili çip istehsalçılarının "qızıl" dövrü də hesab etmək olar. “Apple”, “Samsung”, “Panasonic”, “Sony”, “Foxconn” və “Siemens” kimi nəhənglər üçün komponentlər tədarük edən “Winbond” şirkətinin xalis mənfəəti ötən il 887 % artıb. Oxşar vəziyyət sektorun əksər təmsilçilərində də müşahidə edilib.

İnflyasiyanın tətikləyən digər vacib faktor enerji daşıyıcılarının qiymətlərinin kəskin artması oldu. Bu, fevralda Avropada inflyasiyanın sürətlənməsinin əsas faktoru hesab edilir. Enerjidaşıcılarının qiymətləri fevralda illik ifadədə 31,7 % artıb. Bu gün "köhnə kontinent"də təbii qazın 1000 kubmetrinin qiyməti 1,4 min ABŞ dolları ətrafındadır. Son bir ildə təbii qazın qiyməti 6 dəfəyə yaxın artıb. Bu proses zəncirvari xarakter daşıyır. Belə ki, təbii qazın qiymətinin artması avtomatik olaraq maya dəyərinin 80 %-ni “mavi yanacaq” təşkil edən azot gübrələrini də bahalaşmasına səbəb olur. 2020-ci ilin əvvəlindən bu yana həmin gübrələr 4 dəfə bahalaşıb. Bu proses bütün digər gübrələr üzrə də müşahidə edilir. Hesabat dövründə fosfor və kalium gübrələrinin qiyməti 3 dəfə artıb. Bu, kənd təsərrüfatı məhsullarının maya dəyərinin sürətlə artmasını stimullaşdırır. Nəticədə ötən il ərzində qlobal ərzaq qiymətəri 28 % artıb, o cümlədən buğda 31,3 %, qarğıdalı 44,1 %, bitki yağları 65,8 %, şəkər 37,5 % bahalaşıb.

Proses hələ də davam edir və getdikcə vəziyyət daha da pisləşə bilər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) artıq bununla bağlı həyəcan təbili çalır. FAO ərzaq və yem qiymətlərinin artıq yüksəlmiş baza səviyyələrindən də 8-22 % yuxarı qalxacağını proqnozlaşdırır. Buna səbəb kimi Rusiya və Ukrayna arasındakı münaqişə nəticəsində yaranmış qlobal təklif defisiti göstərilir. Belə ki, bu iki ölkə qlobal ərzaq təminatında mühüm pay sahibidirlər. Buğdanın ən iri tədarükçüləri olan Misir, Türkiyə, Banqladeş və İranın taxıla olan ehtiyacının 60 %-ni məhz Rusiya və Ukrayna ödəyir.

Hərbi əməliyyatlardan dolayı Ukraynanın bütün limanlarında kommersiya gəmiçiliyi dayandırılıb. ABŞ dövlət departamentinin nümayəndəsi Uendi Şermanın sözlərinə görə Rusiyanın Hərbi Dəniz Donanması dünya bazarı üçün ərzaqla dolu 94 Ukrayna gəmisinin Aralıq Dənizinə çıxışına imkan vermir. Rusiyanın kənd təsərrüfatı məhsulları ixracı isə sanksiyalar altında olmasa da, beynəlxalq sığorta şirkətlərinin tətbiq etdiyi sanksiyalardan dolayı o, həmin məhsulları xaricə tədarük edə bilmir. Bu gün Yaxın Şərq və Afrikada ərzağın qiyməti kəskin artıb. Ukraynanın buğda, qarğıdalı və günəbaxan yağı ixracının 40 %-i, Rusiyadan - 70 %-i məhz bu regiondan olan alıcıların payına düşür. Alternativ mənbələr daha baha başa gəldiyi üçün xüsusilə üçüncü dünya dövlətlərində aclıqla bağlı vəziyyətin acınacaqlı miqyasa çatacağı gözlənilir. Ukraynadakı müharibə günü sabah dayansa belə, bazardakı boşluğun qısa zamanda doldurulması mümkün görünmür. Bu isə inflyasiyanın daha da sürətlənəcəyi deməkdir.

Rusiyadan alınan enerji daşıyıcıları ilə bağlı Qərbdəki qeyri-müəyyənlik gələcək perspektivin ürəkaçan olmayacağına dair şübhələri artırır. Belə ki, ABŞ Rusiyadan neft alışını dayandırıb, eyni şeyi bu ilin sonuna kimi Böyük Britaniya da edəcək. Polşa daha Rusiyadan kömür almayacaq və “Qazprom”la olan müqaviləni uzatmayacaq. Bolqarıstan da Rusiya ilə təbii qaz alışına dair müqaviləni uzatmayacağını deyir. Görünən odur ki, ən azından Rusiya neftini, qazını və körümürünü əvəz edəcək sabit tədarük kanalları tapılınca enerjidaşıyıcılarının bahalaşması davam edəcək. Bu təkcə Avropada deyil qlobal iqtisadiyyatın tərkib hissəsi olan bütün ölkələrdə müxtəlif dərəcədə özünü göstərəcək.

Dünya iqtisadiyyatına kifayət qədər inteqrasiya olunan Azərbaycan da həmin prosesdən kənarda qalmayacaq. Neftin qiymətlərinin ("Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin son qiyməti 112,28 ABŞ dolları təşkil edir) dövlət büdcəsi üçün kifayət qədər komfortlu səviyyədə (dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb) olması, qeyri-neft ixracının artan (ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-fevral aylarında 39,3 % artıb) dinamikası, hökümətin önləyici tədbirləri əhali üçün qiymət artımının mənfi təsirlərini minimuma endirməyə imkan verə bilər.

bottom of page