top of page

Dəyişikliklər dövrü. Dərketmə kapitalı və təhsilin rolu


Dəyişikliklər dövrü! Biz bu söz birləşməsini çox eşitməklə bərabər bu dövrü birlikdə yaşayırıq. Dəyişikliklər dövrü nədir və bizə nə vəd verir? Biz nəyə hazır olmalıyıq? Bu dövrü idarə etmək və uğur qazanmaq üçün hansı bilik və bacarıqlara sahib olmalıyıq?


Qısa bir məqalədə dərin bir mövzunu əhatə etmək olmasada bəzi maraqlı məqamlara toxunmaq mümkündür. Müasir texnoloqiyaların gətirdiyi dəyişiklər dövrü – yüksək sürət, daim hərəkətdə olmaq, qeyri müəyyənliyin çox olması, qeyri xətt üzərində hərəkət etməsi, əldə olunan biliklərin və bacarıqların tez köhnəlməsi, əmək bazarının, sosial və iqtisadi münasibətlərin dəyişilməsi ilə müşahidə olunur. Bu dövr bizim gözləntilərimizə və hazırlığımıza görə yox texnoloqiyaların gətirdiyi qanunauyğunluqlara görə davam edir.


Dəyişikliklər dövrünü idarə etmək və bu dövrdə uğur qazanmaq üçün biz hansı bilik və bacarıqlara malik olmalıyıq?

Davosda keçirilən Dünya İqtisadi Forumunda yaxın 10 ildə dəyişikliklərin formalaşdırdığı əmək bazarında mövqe tutmaq üçün 4 əsas bacarıqları vacibliyini vurğulayıblar, buna 4 K (yumuşaq bacarıqlar) da deyilir: kritik düşüncə, kreativlik, kommunikasiya və kooperasiya. Dünyaca ünlü biznes təlimçisi İcxak Adizes dəyişikliklər dövrünü idarə etmək və cəmiyytin bu dövrdə uğur qazanması üçün daha 3 resursun olmasının vacibliyini vurğulayır: etibarlılıq, özünəinam və israr (həvəsdən düşməmək).Bü bilik və bacarıqları, qeyd olunan içtimai resursları əldə etmək üçün cəmiyyətlər intellektual sıçrayış etməlidirlər və bunu üçün çalışırlar. O cümlədən bizim ölkəmizdə də o işlərə və islahatlara start verilib. İntellektual sıçrayışın mənbəyi əldə olunan təhsil imkanlarının məzmunu və keyfiyyətindən asılıdır. Məhz bu baxımdan, dünyanın bütün aparıcı ölkələrində təhsil sektorunda islahatlar gedir, bilik və bacarıqların sürətlə köhnələn bir dövründə yeni biliklərin al çatan olması, onlardan daha çox insanların faydalanması istiqamətində işlər gedir.

Yeni bilik və bacarıqların əldə olunması nəyə görə aktualdır?

Dəyişikliklər dövründə yeni ixtisasların yaranması, bir çox ixtisasların avtomatlaşdırılması, yeni tip idarəetmənin formalaşması sosial iqtisadi münasibətləri dəyişməklə, yeni imkanları yaratmaqla bərabər müyyən neqativ tendensiyalarda gətirir. Bunlardan ən çox gözə dəyəni dünya səviyyəsində əmək bazarında olan münasibətlərin dəyişməsi və işsizliyin artmasıdır. Bu baxımdan, biz hər birimiz yeni biliklər qazanmaq, onları yaratmaq və öyrədilməsi üçün məsuliyyət daşıyırıq.

Təhsil sistemlərində islahatlar, böyük layihələrin icra olunmasl - dəyişiklik dövrünün tələbidir. Çünkü təhsil sistemi ənənəvi və öyrəşdiyimiz “bilikləri ötürmək” funksiyasını tədricən itirir və daha çox cəmiyyətdə gedən sosial iqtisadi dəyişikliklərin əsas mexanizminə çevrilir, təhsil alanları yeni bilik və bacarıqlarla “silahlandırır”. Bu islahatlar yuxarıda da qeyd etdiyimiz kimi, dəyişikliklərin gətirdiyi neqativ nəticələri vaxtında müəyyən edərək onların aradan qaldırılmasına xidmət edir. Yeni biliklər və bacarıqlar ölkələrin inkişafında daha çox rol oynamaya başlayır və aparılan islahatlar bu sahədə düzgün strateqiyanın müəyyən olunmasına xidmət edir.

Niyə öyrədirik? Nə öyrədirik? Necə öyrədirik?

Bu aparılan islahatların əsas açar suallarıdır. Bu suallar təhsil strateqiyasını, məzmununu və metodoloqiyasını müəyyən edir

Burada yeni bir sual yaranır: tədrisin məzmunu, mövcud metodoloqiya, məktəblərin və valideynlərin hazırlığı və onların təhsil sistemlərindən gözləntiləri, əməkdaşlıq etmək həvəsi və imkanları bu bacarıqları formalaşdırmağa şərait yaradırmı?

Bu gün məktəb əsasən biliklərin ötürülməsi ilə məşqul olur və şagirdlərə, tələbələrə yaxın perspektivdə uğur qazanmağa kömək edir. Məsələn, illik qiymətlərin yaxşı olması, olimpiyadada yaxşı nəticə göstərmək, ali məktəbə qəbul olmaq üçün yaxşı bal toplamaq və diplom almaq. Onların uzun müddətli perspektivlərdə uğur qazanmaları nə təmin edə bilirik nədə ki, ölçə bilirik. Məsələn, əmək bazarında fəaliyyət göstərən işə götürən şirkətlər ali məktəblərin məzunlarının sadə biznes əməliyyatlarının apara bilməməsi, onlarda danışıqlar aparmaq bacarıqlarının olmaması, özünü təqdim etmə və iş yeri tapmaq üçün məlumatlarla işləmək bacarıqlarının zəif olması, şəxsi karyera ilə bağlı planlarının olmaması ilə bağlı haqlı şikayətlər edirlər.

2000 ci ildən başlayaraq dünya ölkələrində beynəlxalq PİSA (Programme for International Student Assessment) testi – monitorinqi aparılır. Sadə dildə desək – bu testlərin əsas məqsədi şagirdlərin əldə etdiyi funksional biliklərin praktikada tətbiq etmə imkanlarını, bu biliklərin onlar tərəfindən dərk edilməsini və bu biliklərlə müxtəlif gündəlik problemlərini həll etmək bacarıqlarını ölçməkdir. PİSA müəllifləri monitorinq aparılan ölkələrin sosial iqtisadi inkişafının məhz şagirdlər tərəfindən alınan Biliklərin Dərkedilməsindən asılı olmasını vurğulayırlar.

Biliklərin dərk edilməsi və onların tətbiqi Dərketmə Kapitalı kimi artıq istıfadə olunur və geniş məna daşıyan İnsan Kapitalının sinoniminə çevrilib.


Şagirdlərimizdə Dərketmə Kapitalının artırılması, əldə olunan funksional biliklərin tətbiqi üçün hansı işlər görülməlidir?

Qeyd edək ki, bizim əldə olunan biliklərin və informasiyaların tətbiqi ilə bağlı problemlərimiz daha erkən yaşlarda, uşaq bağçalarında başlayır (bununla bağlı ayrıca qısa araşdırma aparmağa ehtiyac var)

Şagirdləri əldə olunan biliklərin dərk edilməsi və praktiki tətbiqinin öyrənilməsinə dair araşdırmalar 20 əsrin əvvəllərində amerikalı pedaqoq Djon Dyui və rusiyalı pedaqoq Lev Viqotski ayrı ayrı vaxtlarda aparıblar. Finlyandiya təhsilin uğurlarında Lev Viqotskinin təcrübəsindən çox istifadə olunub. Bunu Finlyandiyada təhsil sisteminin islahatlarının əsas fiqurlarından biri Harvard Universitetinin Professoru Pasi Salsberq öz müsahibəsində açıqlayıb.

Dyui və Viqotskinin Dərketmə Kapitalının formalaşdırdığı məktəblər fəaliyyət məktəbləri adlanır. Bu məktəblərdə şagirdlər biliklərə müxtəlif fəaliyyətlər nəticəsində yiyələirlər. Bunun nəticəsində onlar daha sərbəst fəaliyyət qura bilir, öz səhvlərini düzəltmək imkanları əldə edirlər, onların yaradıçılığı və komandada işləmək bacarıqları artır, yeni biliklərə yiyələnməkdən qorxmurlar və buna müqavimət göstərmirlər, yeni bilikləri əldə etmək imkanlarını müəyyən edə bilirlər, sosial məsələlərin və sosial layihələrin həllində aktiv iştirak edirlər və ən əsası onlarda Özünəinam, Etibarlılıq və İsrar (həvəsdən düşməmək) artır. Bu özünü dəyişmək fəlsəfəsidir və dəyişiklilər dövrünün əsas resursudur.

Nəyə görə fəaliyyət yönümlü məktəb bu gün daha çox vacibdir? Dünyada biliklərin və məlumatların həcmi o qədər artır ki, bu bilikləri yadda saxlamaq və ənənəvi qaydada şagirdlərə ötürmək çətin, vaxt baxımından mümkünsüz və az faydalıdır. Təhsil verənlər və Təhsil alanlar birgə fəaliyyət nəticəsində lazım olan bilikləri əldə etməyi bacarmalıdır. Ölkəmizdə də artıq bu istiqamətdə işlərə başlanılıb. Azərbaycan Məktəblərində Dəretkmə Kapitalının formalaşmasına yönələn STEAM layihəsi icra olunur və biz inanarıq ki, bu layihələr bizim şagirdlərin inkişaf etməsində və onların yaxın gələcəkdə bu layihələrdən əldə etdikləri bilik və bacarıqlarla ölkəmizin sosial iqtisadi inkişafında öz töhfələrini verəcəklər.

Bu sahədə daha hansı işləri görə bilərik? Düşünürük ki, 2 istiqamətdə işlərin sürətləndirilməsi qeyd olunan bilik və bacarıqların artmasına kömək edə bilər. Bunlardan biri, son dövrlər dünyada əsas sosial iqtisadi inkişaf resursuna çevrilən peşə təhsilinin imkanlarını və orta məktəblərin təcrübələrinin inteqrasiyası, digəri isə orta məktəblərdə tədris olunan fənlərin kəsişməsindən yarana biləcək yeni biliklərin və bacarıqların mənimsənilməsidir.

Orta məktəb ərazisində şagirdlərlə birgə kiçik bir bağın salınmasında müxtəlif fənlərdən olan biliklərin Dərk Edilməsində çox kömək edə bilər. Məsələn, riyaziyyat fənnindən (əkilən sahənin ölçülməsi və hesablanması), fizikadan (əkin vaxtı mexaniki hərəkətlərin öyrənilməsi), tarixdən (əkilən bitkilərin tarixnin öyrənilməsi), kimyadan (torpağın sadə yolla analizi), biologiyadan (bitkinin strukturu), ədəbiyyatdan (bu bitki ilə bağlı şifahi xalq ədəbiyyatı nümünələri), coğrafiyadan (əkin sahəsinin müəyyən olunması) biliklər şagirdlər tərəfindən daha tez dərk olunar.

İnanırıq ki, bu təhsil formatında olan ünsiyyət və birgə fəaliyyət bizə yaratmağa və inkişaf etməyə imkan verəcək. Bu istiqamətdə çalışan bütün maraqlı tərəflərə və Ölkəmizə Uğurlar arzulayırıq!

Afər Kərimov – Təhsil Siyasəti üzrə magistr

bottom of page