Erməni lobbisi İsrail səfirini hədəfə alıb



Amerikanın Erməni Milli Komitəsi (ANCA) İsrailin Azərbaycandakı səfiri Corc Dikə qarşı qarayaxma kampaniyası aparırlar.


Azadpress.az report.az-a istinadən xəbər verir ki, komitənin “Twitter” səhifəsində səfirlə bağlı təxribat xarakterli məlumatlar yayılıb.


Ermənilərin qarayaxma kampaniyasına başlamasına C.Dikin “Twitter”də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ümumən Azərbaycan haqqında xoş sözlərdən ibarət status yazması səbəb olub. İsrailli diplomat yazıb:

“Mənim dostum səfir Elin Süleymanov İsrail-Azərbaycan arasındakı yaxın münasibətlərə görə ən xoş sözlərə layiqdir. Onun bizim dostluğumuza olan sarsılmaz inamı ürəkaçandır. Bizim dostluğumuz tolerantlıq və nifrətlə antisemitizmin qəbuledilməzliyinə söykənir. Təəccüblü deyil ki, israillilər Azərbaycana səfər etməyi sevir”.


İsrailin 36 yaşlı diplomatının bu sözləri amerikalı ermənilərin qəzəbinə səbəb olub. İş o həddə çatıb ki, Amerikanın Erməni Milli Komitəsinin rəsmi “Twitter” səhifəsində bununla bağlı tvit paylaşılıb:

“İsrailin Azərbaycandakı səfiri xristian ərəb olan Corc Dik Artsax və Ermənistan xristianlarına qarşı yüzillik Azərbaycan irqçiliyi, dözümsüzlüyü, şiddəti və müharibənin görməzdən gələrək Bakının “nifrəti qəbuledilməz” saymağını yüksək qiymətləndirib”. Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.