Ermənilərin yeni oyunu - Qarabağın rusiyalaşdırılması


Ermənistan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni icmasının rəhbərlərindən, separatçı rejimin başçılarından arxayın deyil. Ehtimal etmək olar ki, həm də buna görə Ermənistan rəhbərləri havadarları və himayədarlarının yardımı ilə işğal altında saxladıqları Azərbaycan torpaqlarına tez-tez səfərlər edir, guya “dövlət əhəmiyyətli” tədbirlər keçirirlər. Bununla Yerevan rəsmiləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyan, bu ölkənin prezidenti sayılan Armen Sarkisyan özlərini ermənilər üçün vacib iş görən kimi göstərməyə çalışırlar.

Avqustun 30-da Qarabağda Nikol Paşinyanın, Ermənistanın müdafiə naziri David Tonoyanın, habelə separatçı rejimin nümayəndələrinin iştirakı ilə “xidməti müşavirə” keçirilib. “Tədbirdə” təhlükəsizliyin gələcəkdə gücləndirilməsi kimi məsələnin də müzakirə olunduğu bildirilib.

Nikol Paşinyan və separatçı rejimin başçısı Araik Arutyunyan hərbi hissələrdə olub, işğalçı əsgərlərin yeni sistemlə qidalanması mərasimində iştirak ediblər və s.

İndiki ağır iqtisadi vəziyyətdə Ermənistan hakimiyyəti Qarabağda bu kimi işləri görmək üçün maliyyə vəsaitini haradan əldə edir? Ermənistan müxalifətinin milyonçu lideri, deputat, Çiçəklənən Ermənistan Partiyası və “Sarukyan” fraksiyasının lideri Qaqik Sarukyan ötəngünkü açıqlamasında bildirib ki, Ermənistan əhalisi iqtisadi böhran və epidemiya səbəbindən uçuruma yuvarlanır. Onun sözlərinə görə, banklar üzrə kredit faizləri ödədiklərindən valideynlər xəstə övladlarını müalicə etdirə, yaxud onları normal qidalandıra bilmir.


Nikol Paşinyanın ali komandanı olduğu Ermənistan silahlı qüvvələrində dövlətin külli miqdarda maliyyə vəsaiti mənimsənilir. Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işi başlayıb. Həmin hərbçilər dələduzluqda ittiham olunurlar. Milli Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalarla müəyyən edilib ki, həmin məmurlar 2019-cu ilin may-iyun aylarında Ermənistan Müdafiə Nazirliyinin tikintilərində və binalarında havalandırma sistemlərinin, eləcə də su borularının təmiri ilə bağlı elan edilən açıq tenderdə hüquqi şəxs qismində iştirak etmiş şirkəti qalib elan ediblər. Şirkət hərbi hissələri təmir etməyi öhədəsinə götürsə də, nazirliyin vəzifəli şəxsləri ilə sövdələşərək heç bir iş görmədən iyulun 13-ü və 31-də imzalanan müqavilə əsasında 150 milyon dram (312 min 410 ABŞ dolları) məbləğində maliyyə vəsaitini mənimsəyib. Həmin hərbçilər barəsində Cinayət Məcəlləsinin dələduzluq, sənəd, ştamp, möhür, blank və nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının saxtalaşdırılması, xidməti vəzifədən sui-istifadə maddələri üzrə cinayət işi başlanılıb.

Əslində, bu kimi faktları artırmaq da olar. Belə bir halda olan Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlamağa gücü çatarmı?! Əlbəttə, xeyr! O, bu gücü və maliyyə yardımını daha çox həmsədr ölkələrdən alır. Həmin vəsaitin bir qisminin Yerevan tərəfindən separatçılara yönəldiyi də istisna edilmir. Bu əməliyyat zənciri uzun illərdir davam edir. Artıq Qarabağdakı separatçı rejim başçılarında da Yerevana inamsızlığın yarandığı görünən qədərdir. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyana qarşı ittihamlar Ermənistana etimadsızlğı daha da artırıb.

Yerevan Xankəndində müxtəlif tədbirlər keçirməklə özünü Qarabağda hakim, vəziyyətə nəzarət edən kimi göstərməyə çalışsa da, şəraitin sahibinin başqası olduğu da məlumdur. Ermənistan bütün mənalarda Rusiyanın nəzarəti altındadır. 2018-ci ilin məlum may hadisələrindən sonra Kreml Yerevanda hakimiyyətə gələn yeni qüvvələrə şübhə ilə yanaşmağa başladı. Bu inamsızlıq hələ aradan qalxmayıb. Moskva gec-tez Ermənistandakı keçmiş təbəələrinin onu satacağını bilməmiş deyil. Ona görə də Qarabağdakı erməni icması arasında son günlər rus dili və Rusiya ilə “tarixi bağlar” daha çox təbliğ olunur. Bu məsələyə separatçı rejimin başçısı Araik Arutyunyan və silah qaçaqmalçılığına görə əvvəllər həbs olunmuş Samvel Babayan rəhbərlik edir. İcmanın başbilənləri iddia edirlər ki, Rusiyada Qarabağdan olan çoxlu erməni yaşayır. Həmin ermənilərlə gələcəkdə əlaqələri gücləndirmək üçün rus dilinin təbliğatını gücləndirmək lazımdır. Bu məqsədlə Qarabağda ermənicə yayımlanan “İctimai Televiziya”da rus dilində efir vaxtının artırılması nəzərdə tutulub. Bundan başqa, işğal altında olan ermənicə ümumtəhsil və ali məktəblərdə rus dilinin tədrisinə ayrılan saatların artırılması planlaşdırılır. Arutyunyan işğal edilmiş ərazidə bütün informasiyaların rusca yayılması tapşırığını da verib.

Yaxın 5 ildə Qarabağla Rusiya arasında münasibətlərin genişləndirilməsi və inkişaf etidirilməsi nəzərdə tutulub. Eyni zamanda Samvel Babayan Qarabağın Rusiyanın mandatı altına verilməsi ilə bağlı bəyanat verib. Ermənistanda Qarabağdakı erməni icması təmsilçilərinin bu sayaq çıxışı “separatçılıq” adlandırılır. Ünumiyyətlə, işğal altında olan Azərbaycan torpaqlarında bu məsələnin yayılması yeni plan da sayıla bilər. Başqa sözlə, Qarabağda ermənilərin ruslaşdırılması (rusiyalılaşdırılması), yaxud rusiyalaşdırılması prosesinin başladığını da ehtimal etmək olar.

Deməli, Qarabağın ermənistanlaşdırılmasını istəməyən havadarlar onu yeni plan üzrə Azərbaycanın da əlindən birdəfəlik çıxarmaq planı cızırlar. Bu yolla perspektivdə Azərbaycana yeni təzyiqlərin ola biləcəyini də ehtimal etmək olar. Yaxın 5 ildən sonra separatçıların indi apardığı təbliğatın səsinin çıxacağı təhlükəsi var. Odur ki, Qarabağla bağlı bu kimi gözlənilməz hadisələrə hazırıqmı?!

(Report)

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.