top of page

Erməni cəsuslar Azərbaycana necə daxil olub?-İstintaq başa çatıb


Azərbaycan ərazisində casusluq etməkdə ittiham olunaraq həbs edilən daha üç erməni Bakıda hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama yazılır ki, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçiblər və hərbi məlumatlar toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına ötürüb, casusluq ediblər. Təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. Onlar 2020-ci il sentyabr ayında Davit Davtyanla birlikdə Sünikdən Gorusa, oradan da Azərbaycan ərazisinə daxil olublar.

Həmin ərazidə ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olaraq, qanunsuz silah-sursat əldə ediblər. Daha sonra onlar döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, say tərkibi və s. məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanların ötürüblər.

2020-ci il noyabr 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə gələn zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşları tərəfindən saxlanılıblar.

Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç ittiham üzrə özlərini qismən təqsirli biliblər.Onlar deyiblər ki, yalnız Azərbaycanın dövlət sərhədini qanunsuz keçdikləri üçün özlərini təqsirli bilirlər.

Prosesdə Gevorg Sujyan sərbəst ifadəsində bildirib ki, Ermənistanda xeyriyyə təşkilatı var: "Müharibə başlayan zaman məni tanıyanlar yardımlar gətirməyə başladılar. Mən həmin yardımları toplayaraq orada olan əsgərlərə, hərbiçələrə, Xankəndində vətəndaşlara köməklik edirdim. Mən həmin yardımları hamısını "facebook" səhifəmdə paylaşırdım. Goruşdan yardımları toplayıb, Xocavənd rayon ərazisində hərbi hissələri apardım. Hər birinin şəklini çəkib, yardım verən adamlara atırdım. Şuşaya da ibadət üçün gəlmişəm. Orada jurnalistlərə açıqlamalar da verdim, daha sonra Xankəndidə olan vəziyyətlə bağlı videoçarxlar hazırlayaraq sosial şəbəkələrdə paylaşmışdım. Noyabrın 10-da kaputulasiya aktından sonra qərara gəldim ki, Xankəndiyə gedim. Çünki orada bizə çoxlu müraciətlər var idi. Onlara yardım aparmalı idim. Ayın 11-də Laçın dəhlizindən rus sülhməramlıların yanından keçdik. Maşınımızı yoxladılar. Biz onlardan soruşduq ki, gedə bilərikmi? Onlar bizə icazə verdilər. Dəhlizlə yolumuza davam etdik. Bu zaman gördük ki, Azərbaycan bayrağı görsənir. Biz həmin yerdə dayandıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlandıq".

Prokurorun suallarına cavab olaraq Gevorg Sujyan bildirib ki, 2018-ci ildən "Yeni Ermənistan Vətən" diaspor təşkilatını təsis edib: "Heç zaman xüsusi xidmət orqanların əməkdaşlıq etməmişəm. Artak adlı şəxsi tanımışam. Lakin onun xüsusi xidmət orqanın əməkdaşı olduğundan xəbərim olmayıb. Mən onu Rusiyada yaşayan ermənilərin təşkilatının rəhbəri kimi tanımışam. Davitlə 2020-ci ilin yay aylarında tanış olmuşam. Yardımları onunla birlikdə aparırdım. Silah-sursatdan istifadə etməmişəm. Lakin bir dəfə döyüş bölgəsində əsgərdən silahını alıb şəkil çəkdirmişəm".

Təqsirləndirilən şəxsin istintaq verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadəsində ziddiyyət olduğundan istintaqdakı ifadəsi elan edilib.

O istintaqda ifadəsində deyib ki, atası Rusiya vətəndaşıdır və Sank-Peterburq şəhərində yaşayır: "Uzun müddət həmin şəhərdə ailəliklə yaşamışıq. Məktəbi Ermənistanın Şirak vilayətində bitirmişəm. Univeristeti Rusiyada bitimişəm. Daha sonra hərbi xidmətimlə əlaqədar Ermənistana qayıtmışam. Peşəkar boksla məşğul olmuşan. Bu səbəbdən hərbi xidmətdə Kirovakan şəhərində kəşfiyyatçı kimi xidmət etmişəm".

Təqsirləndirilən şəxs istintaqda ifadəsində qeyd edib ki, 2019-cu ildə yaz aylarında Ermənistan xüsusi xidmət orqanlarından bir nəfər ona zəng edərək görüşməyi təklif edib: "Mən də qanun qarşısında təmiz olduğumdan Artak adlı xüsusi xidmət orqanın əməkdaşı ilə görüşdüm. O, mənə təşkilatımla bağlı suallar verdi. Pul köçürmələri ilə bağlı problem olduğunu, çirkli pullarla bağlı köçürmələr olduğunu dedi. Bu səbəbdən mənə qarşı cinayət işinin açılacağını və həbs edəcəklərini qeyd etdi. Mən də həbs olunmaqdan qorxduğum üçün onlarla əməkdaşlıq edəcəyimə söz verdim və iltizama qol çəkdim. O, müxtəlif vaxtlarda mənə tapşırıqlar verəcəyini dedi. 27 sentyabr 2020-ci ildə müharibə başlayandan sonra Artak mənə zəng edərək görüşməli olduğumuzu dedi. Səhəri gün biz kafedə görüşdük. O, mənə vəziyyətin pis olduğunu və Ermənistanın mənim kimi oğlanlara ehtiyacı olduğunu bildirdi. Mən özüm də silahlı birləşmələrdə iştirak etmək istədiyimi dilə gətirdim. O, mənə tapşırıq verdi ki, döyüş bölgəsində Azərbaycan ordusunun olduğu mövqeləri, saylarını və texnikaları ilə bağlı məlumat toplayıb ona deyim. Mən məcbur qalıb onunla razılaşdım. Davitlə birlikdə hərəkət edəcəyimi ona bildirdim. Artak da bununla razılaşdı. Biz səhəri gün Gorus istiqatimətindən Azərbaycan ərazisinə keçdik".

Məhkəmə araşdırması davam edir.

İlkin Muradov

https://www.musavat.com/news/ermeni-casuslarin-mehkemesi-xeyriyyeci-sujyan-nece-kesfiyyatci-olub_816897.html

bottom of page