Rəsmi Tiflis regionda geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalmaq istəmir, yeni perspektivlərdən faydalanmağa can atır; Rusiya ilə ortaq öhdəliklərdən yayınmağa çalışan Gürcüstan öz hədəflərini Azərbaycan və Türkiyə ilə etibarlı tərəfdaşlıq münasibətləri üzərindən reallığa çevirmək niyyətindədir...
Gürcüstan da fəallaşmağa başlayıb. Bu qonşu dövlətin regional proseslərdən kənarda qalmamaq üçün hərəkətə keçdiyi müşahidə olunur. Və artıq konkret hədəflərini gündəmə gətirməyə çalışdığı da nəzərə çarpır.
Əslində, təəccüblü deyil. Çünki, Gürcüstan Cənubi Qafqaz ölkəsi olmaqla yanaşı, Azərbaycanın ən yaxın tərəfdaşıdır. İndiyə qədər rəsmi Bakı Azərbaycanın əsas geoiqtisadi layihələrini məhz Gürcüstan üzərindən reallaşdırıb. Üstəlik, Gürcüstan iqtisadiyyatinda külli miqdarda Azərbaycan sərmayəsi dövriyyədədir.
Əlbəttə, hər iki qonşu ölkə bu tərəfdaşlıqdan uzun illər maliyyə-iqtisadi mənfəət əldə ediblər. Bu əməkdaşlıq daha geniş ortaqlıq perspektivlərinə də açıqdır. Və yəqin ki, strateji tərəfdaşlıq görüntüləri qazanmış bu əməkdaşlıq hələ öz potensialını tükəndirməyib.
Onu da qeyd edək ki, keçmiş SSRİ-nin dağıldığı ilk illəri nəzərə almasaq, Gürcüstan və Azərbaycan arasında hər hansı ciddi problem yaşanmayıb. Belə ki, müstəqilliyin ilk illərində o dövrün prezidenti Zviad Qamsaxurdiyanın millətçi dünyagörüşü müəyyən narazılıqlar yaradırdı. Hətta onun və təcrübəsiz siyasi komandasının Azərbaycana qarşı mənasız, həm də əsassız ərazi iddiaları iki qonşu ölkə arasında müəyyən qədər gərginliyə də yol açmışdı.
Ancaq millətçi prezident Z.Qamsaxurdiyanın təcrübəli Eduard Şevardnadze ilə əvəzlənməsi bir çox problemləri aradan qaldırdı, narazılıq səbəbləri azaldı. Daha sonra islahatçı prezident Mixail Saakaşvilinin hakimiyyəti dönəmində Azərbaycan-Gürcüstan münasibətləri dostluq və faydalı tərəfdaşlıq səviyyəsinə yüksəldi. Bununla da Azərbaycan və Gürcüstan arasında yeni dövrün əsası qoyulmuş oldu.
Son illər ərzində Gürcüstanın davranışları yalnız bir dəfə rəsmi Bakının narazılığını doğurub. Ötən ilin yayında bu qonşu ölkənin ərazisindən Ermənistana silah-sursat yüklənmiş maşınlar keçirilmişdi. Rəsmi Bakının etirazlarından sonra bu problem də dərhal öz həllini tapdı.
Belə ki, rəsmi Tiflis Gürcüstan sərhədlərini qapatdı və hər iki münaqişə tərəfinə öz ərazisindən hərbi məqsədlər ilə istifadə edilməsinə imkan vermədi. Bununla da, savaş dövründə öz neytrallığını tam şəkildə qorumuş oldu.Təbii ki, rəsmi Tiflisin bu mövqeyi Gürcüstanı Azərbaycan üçün ən etibarlı regional tərəfdaş statusuna yüksəldir. Və Gürcüstan hazırda Azərbaycanın ən dəyərli qonşularından biridir.
Ermənistanın biabırçı məğlubiyyəti ilə yekunlaşmış savaşdan sonra isə artıq regionda yeni mərhələ başlayıb. Yaxın gələcəkdə bu regionda yeni geoiqtisadi layihələrin reallaşdırılacağı artıq şübhə doğurmur. Bu layihələrin öz iştirakçılarına geniş maliyyə-iqtisadi imkanlar açacağı da hər kəsə məlumdur.
Təbii ki, yeni regional perspektivlər rəsmi Tiflisin də diqqətindən kənarda deyil. Gürcüstan da haqlı olaraq, önəmli bir region ölkəsi kimi, bu geoiqtisadi perspektivlərdən faydalanmağa can atır.
Odur ki, rəsmi Tiflisin son günlər fəallaşmağa cəhd göstərməsi tamamilə başadüşüləndir. Əslində, regionun gələcək inkişaf perspektivləri Gürcüstanın iştirakı olmadan təsəvvür edilə biləcək məsələ deyil. Və bu baxımdan, rəsmi Tiflisin fəallığının qarşılıq tapacağı qətiyyən şübhə doğurmur.
Maraqlıdır ki, Gürcüstanın öz regional maraqlarını məhz Azərbaycan və Türkiyə ilə artıq sınaqdan uğurla çıxmış münasibətləri üzərindən reallaşdırmağa üstünlük verdiyi də nəzərə çarpır. Belə bir prinsipial geopolitik seçimin edilməsinin ciddi səbəbləri olmamış deyil.
Məsələ ondadır ki, Gürcüstanın Rusiya ilə ciddi problemləri mövcuddur. Üstəlik, bu problemin yaxın illərdə nizamlanması da inandırıcı görünmür. Çünki həmin problemlər əsasən Gürcüstanın ərazi bütövlüyünə yönəlik ziddiyyətlərdən qaynaqlanır. Kremlin beynəlxalq hüquqa görə, Gürcüstanın ayrılmaz tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiya problemlərinə yönəlik mövqeyi rəsmi Tiflisin Rusiya ilə münasibətlərini “qırılma nöqtəsi”nə gətirib.
Ona görə də, rəsmi Tiflis regional proseslərdə Rusiya ilə ortaqlıq öhdəlikləri doğura biləcək şərtlər daxilində iştiraka qətiyyən həvəsli deyil. Hətta məhz bu səbəbdən, rəsmi Ankaranın gündəmə gətirdiyi Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın iştirakı ilə 6 dövlətin iqtisadi əməkdaşlıq formatına da ehtiyatla yanaşır.
Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili də bu məsələyə aydınlıq gətirərkən, məhz Rusiya ilə mövcud problemləri qabartmışdı. Onun fikrincə, sülh platforması Cənubi Qafqazın üç ölkəsi - Gürcüstan, Azərbaycan və Ermənistan arasında dialoq və əməkdaşlıq çərçivəsində yaradılmalıdır: "Bu, vacib regional layihələrin və əməkdaşlığın inkişafı üçün başlıca şərtdir".
Daha geniş formatda regional sülh platforması təşəbbüsünə gəlincəsə, gürcü diplomat "Gürcüstan öz ərazilərini işğalda saxlayan dövlətin (Rusiyanın) də təmsil olunduğu platformada iştirak etməyəcək” demişdi.
Göründüyü kimi, Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə uymayan mövqeyi hazırda regional əməkdaşlıq imkanlarına da ziyan vurmağa başlayıb. Kremlin yaxın vaxtlarda öz mövqeyinə düzəliş etmək niyyəti isə hələlik müşahidə olunmur.
Bu baxımdan, geopolitik proseslərin perspektivləri qarşısında müəyyən böhran təhlükəsinin mövcudluğu da nəzərdən qaçırılmamalıdır. Yəqin ki, bu təhlükə yaxın gələcəkdə istər-istəməz regionda ortaq maraqları olan dövlətlərin gündəmini məşğul edəcək.
Hələlik isə rəsmi Tiflis regional maraqlarını Rusiyadan yan keçməklə reallaşdırmağın yollarını sınaqdan çıxartmağa çalışır. Belə ki, Gürcüstan geoiqtisadi layihələrə ikitərəfli anlaşmalar üzərindən qatıla biləcəyinə ümid bəsləyir. Və ilk olaraq, rəsmi Bakı ilə məsləhətləşmələrə qərar verib.
Məsələ ondadır ki, Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın vaxtlarda Azərbaycana rəsmi səfərə hazırlaşdığını bildirib: "Bu səfər çərçivəsində Gürcüstan üçün böyük əhəmiyyət daşıyan geopolitik layihələr müzakirə olunacaq".
Göründüyü kimi, Gürcüstanın xarici işlər nazirinin Bakıya səfərində konkret hədəflər var. Rəsmi Tiflis geopolitik proseslərdən və geoiqtisadi layihələrdən kənarda qalmaq istəmir. Rusiya ilə ziddiyyətlərdən qaynaqlanan əngəlləyici faktorları isə ikitərəfli tərəfdaşlıq imkanları ilə zərərsizlədirməyə çalışır. Və bu məsələdə həm Azərbaycan, həm də Türkiyə Gürcüstana dəstək verə biləcək önəmli tərəfdaş dövlətlərdir.
Belə anlaşılır ki, rəsmi Tiflisin yeni "gürcü arzusu" geopolitik və geoiqtisadi layihələrdən maksimum səviyyədə yararlanmaq niyyəti ilə birbaşa bağlıdır. Əslində, Gürcüstan ilə geopolitik və geoiqtisadi layihələr reallaşdırmaq istiqamətində geniş təcrübəyə malik olan Azərbaycan üçün də yeni "gürcü arzusu" tamamilə sərfəlidir.
Elçin XALİDBƏYLİ, Siyasi ekspert.
Σχόλια