top of page

“Haqsız rəqabətə son qoyulmalıdır”


Azərbaycan həm pandemiyanın yaratdığı təsirlər, həm də qlobal bazarlarda olan qeyri-müəyyənlik şəraitində iqtisadi tənzimləmə strategiyasını müəyyən edib. Mənfi təsirlərlə yanaşı iqtisadi idarəetmənin təkmilləşdirilməsi, daxili bazarı ödəyə biləcək rəqabətli ixrac potensialına malik istehsal-emal zəncirinin genişləndirilməsi vacib edib. Azərbaycan post-pandemiya dövründə iqtisadi artımın yeni modeli üzərində fokuslanıb.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” ilə bağlı keçirilən konfransda deyib.

Nazir bildirib ki, gələcək model haqqında danışarkən əsas kimi dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair milli prioritetlər”i qeyd etməliyik.

Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi inkişafa yenidən baxmaq planları, Qarabağ bölgəsində inkişafa nail olmaq kimi mühüm məsələni gündəmə gətirib:

“Üzunmüddətli dövrdə dayanıqlı iqtisadiyyatın artımı və rifaha nail olunması üçün ilk növbədə iqtisadi fəallığın bərpa edilməsini hədəfləyirik. Post-pandemiya dövründə qısa müddət ərzində sahibkarların iqtisadi aktivliyinin, gəlirlərinin ilkin səviyyəsi və istehlak fəallığı bərpa edilsin. Bu həm də yeni iş yerlərinin yaradılmasına təkan verəcək. İkinci mühüm məqam biznesin və özəl investisiya imkanlarının canlandırılmasına, qeyri neft-qaz sektorunun sürətli artımına nail olmaqdır. Bu sahədə qeyri-neft məhsullarının istehsalının daha da stimullaşdırılması, özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaq. Ümüncüsü, biznes mühit daha da yaxşılaşdırılacaq. Kiçik və orta sahibkarların imkanları daha da genişləndirilməlidir. Həmçinin KOB-ların dövlət satınalmalarında iştirakı təşviq edilməli, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir”.

Mikayıl Cabbarov vurğulayıb ki, haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün zəruri islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək:

“Sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndirilməlidir. Bununla əlaqədar biznesin təşviqi alətlərinə baxmağa hazırlaşırıq. Dövlətin yanaşması belədir ki, təşviq mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Prioritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük veriləcək”.

bottom of page