top of page

Heydər Əliyev Rusiyanın nüfuzlu generalını necə susdurdu...



Dövlət təhlükəsizlik orqanlarında əsrin dördə biri qədər (1944-1969) şərəflə xidmət keçən, Azərbaycan tarixində ilk DTK general-mayoru olan, 1969-cu ildən respublikaya rəhbərlik edən, 1982-ci ildə SSRİ tarixində Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçilən, 19 nazirliyin fəaliyyətinə nəzarət edən, Sovet İttifaqı kimi qüdrətli dövlətin başından duran 10-11 nəfərdən biri olan birinci və sonuncu azərbaycanlı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən Heydər Əliyev milli maraqlarımızın ittifaq səviyyəsində müdafiə edilməsində, milli mənlik şüurunun oyanışında, ana dilimizin saflığının qorunub saxlanılmasında da əvəzsiz xidmətlər göstərib.

Bu gün sizlərə Heydər Əliyevin həyatının bir epizodunu təqdim edəcəyik. Bu epizod ulu öndərin Azərbaycanın maraqlarını müdafiə etmək üçün ortaya necə prinsipial mövqe qoymasının daha bir nümunəsidir.

Beləliklə, 1999-cu il iyulun 1-də Bakıda Cenevrə Demokratiya Quruculuğu İnstitutunun “Medianın dəstəklənməsi” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib. Konfransda Gürcüstan və Ermənistandan olan jurnalistlər də iştirak ediblər. İyulun 2-də onlar ulu öndər Heydər Əliyev tərəfindən Prezident Sarayında qəbul ediliblər. Bu görüşün stenoqramı “Bakinski raboçi” qəzetinin 3 iyul tarixli sayında dərc olunub.

Qəbul zamanı erməni əsilli jurnalist Vigen Çeteryanın ümummilli lider Heydər Əliyevə verdiyi sualı və ona verilən cavabı təqdim edirik. Nəticə çıxarmağı isə hər kəsin öz ixtiyarına buraxırıq.

Vigen Çeteryan (İsveçrə): Cənab Prezident, mən Cenevrədənəm, ingilis dilində bir sual vermək istərdim. Siz Azərbaycanda NATO bazasının olmasını istərdinizmi? Necə hesab edirsiniz, bu bazalar Azərbaycanın gələcək təhlükəsizliyinə kömək edə bilərmi?

Heydər Əliyev: Bəs siz Azərbaycanda NATO bazalarının olmasını istəyirsiniz?

Jurnalist: Təəssüf ki, mən özümün bununla bağlı olan mövqeyim barədə hələlik danışmaq istəməzdim.

Heydər Əliyev: Bilirsinizmi, görünür, Azərbaycan müstəqilliyini qazandığı vaxtdan bu müstəqilliyi tam şəkildə həyata keçirməsi ilə seçilir. Azərbaycanda heç bir xarici qoşun, xarici hərbi baza yoxdur. Hərçənd ki, Rusiya tərəfdən buna cəhdlər olub. Məsələn, 2-3 il çalışdılar, – belə bir general var idi Nikolayev – Rusiyanın sərhəd qoşunlarının komandanı bura gəldi və dedi ki, bilirsiniz, gəlin İranla sərhədi sizinlə birlikdə qoruyaq.

Mən deyirəm: Niyə?

O deyir: Bilirsiniz, oradan bəzi cinayətkarlar gəlir, casuslar və sair, biz mütləq MDB-ni qorumalıyıq. Mən deyirəm: MDB bir ittifaqdır, burada hər bir dövlət öz sərhədlərini qoruyur və bu yolla biz MDB məkanını da qorumuş oluruq. Hətta orada belə bir termin var – MDB-nin xarici sərhədləri. Siz bir hüquqşünas kimi hüquqla əlaqədarsınız. MDB-nin xarici sərhədləri nədir?

Deyirəm: Mənə izahat verin – MDB-nin xarici sərhədləri nədir?

Məlum olur ki, Ermənistanda Türkiyə ilə sərhəd erməni və rus sərhədçiləri tərəfindən birgə qorunur və buna MDB-nin xarici sərhədləri deyilir. Deyirəm: İcazənizlə, Müstəqil Dövlətlər Birliyindən daha sıx münasibətlərə malik olan Avropa İttifaqı var. Məgər onlar orada xarici sərhədlərə malikdir, yoxsa necə? Almaniya – bəlkə də Avropa İttifaqının dominant ölkəsi – deyirmi ki, bilirsiniz, gəlin Çexiyanın, İtaliyanın sərhədini birgə qoruyaq? Yox.

Başa düşürsünüz, bu cəfəngiyyatdır, bu nonsensdir. Ancaq bu cür fikirlər geniş dövriyyədədir. Buna görə də o, bizim yanımıza gəldi və dedi ki, gəlin biz sizinlə birgə MDB-nin xarici sərhədlərini qoruyaq. Mən ona dedim: Bilirsiniz, siz öz sərhədlərinizi etibarlı şəkildə qorumağa çalışın, biz də bacardığımız qədər öz sərhədimizi qoruyacağıq. Yaxud da o, məsələn, belə bir təklif verir:

Gəlin Xəzərdə sərhəd quraq və onu qoruyaq. Deyirəm: Kimdən? İrandan. Deyirəm: Nədir, sizdə İranın Xəzər dənizində nəsə etmək istədiyi barədə məlumatlar var? Yox. Yeri gəlmişkən, İranla Sovet İttifaqı arasında Xəzər dənizi üzrə köhnə sərhəd var. Bəlkə də onun adı sizə məlum deyil – bu, Azərbaycanın Astara məntəqəsindən Türkmənistanın Həsənqulu məntəqəsinə doğru uzanan xəttdir. Mən Azərbaycanda çox işləmişəm, bütün bunların hamısını yaxşı bilirəm.

Və bütün illər, onilliklər ərzində Sovet İttifaqı Xəzər dənizinin dəniz hissəsini İrandan Astara-Həsənqulu xətti boyunca qorudu. Gözətçi gəmilərdən, təyyarələrdən və sairdən istifadə edilirdi. Hərçənd, mən görürdüm ki, İran o dövrdə Xəzər dənizində bir dənə də olsun hərbi gəmiyə malik deyil. Bir dənə də! Yaxşı, Sovet İttifaqı sərhədini balıqçı, yaxud başqa gəmi ilə pozacaqdılar? Buna baxmayaraq buna güc sərf olunurdu.

Sonra o mənə təklif edir: Gəlin, biz bu sərhədi qoruyaq. Deyirəm: Nə üçün? Mən hazırkı vəziyyətdə oradan təhlükə görmürəm. Siz ona görə nəsə etmək istəyirsiniz ki, burada öz mövcudluğunuzu təmin edəsiniz? Nə üçün? Niyə buna ehtiyacınız var?

Ümumiyyətlə, indi Rusiya İranla dostluğun elə bir səviyyəsindədir ki, mən onların sərhədləri qorumağa ehtiyaclarının olub-olmadığını bilmirəm. Bax, əslinə qalsa, sizin sualınızla bağlı mənim fikrim bundan ibarətdir. Yəni, dövlətin öz ərazisinin sahibi olması onun tam suverenliyini, müstəqilliyini şərtləndirir.

P.S. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin adını çəkməyə belə ehtiyac duymadığı bu şəxs SSRİ-nin və Rusiyanın hərbi və dövlət xadimi Andrey Nikolayevdir. O, 1949-cu ildə Moskvada zabit ailəsində anadan olub. Atası İvan Nikolayev SSRİ Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən general-polkovnik rütbəsində təqaüdə çıxıb. A.Nikolayev özü isə 1992-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini olub. 1993-cü ilin iyul ayında Rusiya Prezidenti Boris Yeltsin onu Rusiya sərhəd qoşunlarının komandanı – Rusiya təhlükəsizlik nazirinin müavini təyin edib. 1993-cü ilin dekabrında vəzifəsi dəyişdirilib və Rusiya Sərhəd Qoşunlarının baş komandanı olub. 1994-cü ilin dekabrında Rusiya Federasiyasının Federal Sərhəd Xidməti yaradılıb, general-polkovnik A.Nikolayev onun ilk direktoru təyin edilib. Ona ordu generalı ali hərbi rütbəsi B.Yeltsin tərəfindən 17 noyabr 1995-ci ildə verilib. A.Nikolayev 1994-1997-ci illərdə eyni zamanda Rusiya Təhlükəsizlik Şurasının üzvü olub.

1997-ci ilin dekabrında onunla B.Yeltsin arasında Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsinin yerləşmə yeri ilə bağlı fikir ayrılığı yaranıb. Nəticədə A.Nikolayev istefa ərizəsi yazıb. Ərizə qəbul olunub. O, 1998-ci ilin iyununda hərbi xidmətdən ehtiyata buraxılıb.

Müəllif: Səxavət Həmid

Comments


bottom of page