İsraildə səfirliyi hansı dövlət açacaq: Ermənistan, yoxsa Azərbaycan?


Ermənistanın baş naziri Nikol Paşinyan İranla əməkdaşlığa əhəmiyyət verir. O İranda rəsmi səfərdə oldu və iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi vacibliyindən danışdı.

Buna baxmayaraq, Ermənistan hakimiyyəti İsraildə səfirlik açıqlması istiqamətində də müəyyən işlər görür. Ermənistan və İsrail rəsmiləri arasında görüşlər olub. Ermənistan rəsmiləri və diplomatları İsraildə səfirliyin açılması mümkünlüyünü istisna etməyiblər. Ermənistan ona görə İsraildə səfirlik açmaq istəyir ki, İsrail-Azərbaycan əməkdaşlığına mane olsun. İrəvan bu əlaqələrdən narahatdır. İsrailin Azərbaycana müasir silahlar və hərbi texnika satması Ermənistanda böyük narazılıq yaradır. İsrailin Azərbaycana satdığı son raketlər İrəvana çatmaq imkanına malikdir. Buna görə də Ermənistanın hakimiyyət nümayəndələri İsraildə səfirlik açmaq və bu yolla İsrail-Azərbaycan hərbi əməkdaşlığına mane olmaq istəyirlər. Ancaq İrəvan ciddi mane ilə üzləşib.

Tehranda Ermənistan səfirliyi qarşısında etirazların sayı artıb. İran vətəndaşları Ermənistanın İsraildə səfirlik açmaq istəyinə etiraz edirlər. İranlılar tələb edirlər ki, Ermənistan İsraildə səfirlik açmaq planından əl çəksin və İsrail ilə bütün əlaqələri kəssin. İrandakı eitrazlar İrəvanı qorxudub. Çünki, Ermənistan rəsmiləri anlayırlar ki, səfirlik qarşısında etirazların arxasında İran hakimiyyəti dayanır. Tehran Errmənistan səfirliyi qarşısında etirazlara şərait yaratmaqla İrəvana xəbərdarlıq mesajı göndərir.

Bu arada, İsrail prezidenti Reuven Rivlinin Azərbaycan prezidenti İlham Əliyev məktubu diqqəti cəlb edir. Məktubda belə bir hissə var:  “Gələn il Azərbaycan və İsrail diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd edəcək. Cənab Prezident, fürsətdən istifadə edib münasibətlərimizdəki bu əlamətdar hadisəni qeyd etmək üçün Sizi İsrail dövlətinə tarixi səfərə dəvət edirəm”.

Məktubun ikinci hissəsindəki fikir də maraqlıdır: “Azərbaycanın yaxın gələcəkdə İsraildə səfirliyinin açılmasına səmimi qəlbdən ümid edirəm. Hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük addımlar atmağa təkan verəcək və bu da xalqlarımıza böyük fayda gətirəcək”.

Beləliklə, İsrail prezidentinin Azərbaycan prezidentindən iki xahişi var:

Birinci xahiş odur ki, Tel-Əviv Azərbaycan prezidentinin İsrailə rəsmi səfərə gəlməsini istəyir;

İkinci xahiş isə odur ki, Azərbaycan İsraildə səfirlik açsın.

İsrail rəsmiləri illərdir bu iki xahişi səsləndirirlər. Eyni sözləri İsrailin Azərbaycandakı səfiri son müsahibəsində vurğulayıb. Səfir öz ölkəsinin prezidentinin fikirlərini təkrarlayıb.

Əlbəttə, Azərbaycan İsraillə əməkdaşlığın inkişafında maraqldır. İsrail neftə tələbatının təxminən 35-40 fazini Azərbaycan nefti hesabına ödəyir. Azərbaycan İsraildən aldığı müasir hərbi texnikadan məmnundur. Misal üçün Azərbaycanın İsraildən aldığı LORA müasir raket kompleksləri böyük dağıdıcı gücə malikdir.

Buna baxmayaraq, rəsmi Bakı da İran faktorunu nəzərə alır. İran indiki halda belə Azərbaycan-İsrail münasibətlərindən narazıdır. Halbuki, bu münasibətlər İrana qarşı yönəlməyib. Aydındır ki, Azərbaycanın İsraildə səfirlik açması ilkin aylarda Tehranın Azərbaycana qarşı siyasətinin sərtləşməsinə gətirib çıxaracaq. Buna baxmayaraq, rəsmi Bakı Tel-Əvivdə səfirlik açdıqdan bir müddət sonra İran-Azərbaycan münasibətlərinin yenidən əvvəlki axarına qayıdacağını da ehtimal etmək olar. Türkiyənin illərdir İsraildə səfirliyi var və bu amil Ankara-Tehran münasibətlərini gərginləşdirmir.

Tel-Əvivin istədiyi kimi Azərbaycan prezidentinin yaxın müddətdə İsrailə səfər edəcəyini proqnozlaşdırmaq çətindir və bu yalnız İran amili ilə əlaqəli deyil. Rəsmi Bakı Türkiyə və ərəb dünyası amili ilə də hesablaşır. Belə bir səfər nə vaxtsa reallaşacaqsa, Azərbaycan prezidenti İsraillə yanaşı Fələstinə də keçəcək və bu ərəb ölkəsinin lideri ilə də görüşəcək. İsrailə səfər edənlər digər liderlə də belə edir. Elə Rusiya prezidenti Vladimir Putin bir neçə ay əvvəl İsrarilə səfərini yekunlaşdırdıqdan sonra Fələstinə keçərək bu ölkənin rəhbəri Mahmud Abbasla da görüşdü. 

Hazırki vəziyyətdə Azərbaycanın müxtəlif nazirlərinin İsrailə səfərləri reallaşa bilər. Ayrıca, iki ölkənin hökumətlərarası komissiyaları fəaliyyət göstərir ki, nazirlər il əzrində müxtəlif görüşlər həyata keçirirlər. Azərbaycanın İsraildə səfirliyi olmadan da iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirmək mümkündür. və bu əməkdaşlıq İrana qarşı yönəlməyib. Azərbaycan İranla əməkdaşlığın inkişafında və dost münasibətlərinin davamında maraqlıdır. Rəsmi Bakı müstəqil xarici siyasətində həm İran, həm də İsraillə yaxşı münasibətlərə malik olmaq istəyir.“Atlas” Araşdırmalar Mərkəzi

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.