top of page

İlham Əliyev:"Məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər"


Prezident İlham Əliyev iyulun 29-da bir gündə 5 rayona səfər etdi. Qobustan, İsmayıllı, Qəbələ, Şəki və Balakənə səfərləri zamanı dövlət başçısı modil tipli xəstəxanaların, yolların, “ASAN Xidmət” mərkəzinin, digər obyektlərin açılışını etdi, aqrar təsərrüfatlara baş çəkdi. Prezident bu tədbirlərdə iştirakı zamanı vətəndaşlarla görüşdü və çıxışlar etdi, mühüm açıqlamalar, bəyanatlar, mesajlar verdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Balakən regional “ASAN xidmət” mərkəzinin açılışındakı çıxışında işğalçı Ermənistan qarşısında bir şərt qoyub:


“Ermənistanın baş naziri deyir ki, “Dağlıq Qarabağ Ermənistandır” və ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Çünki danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışıqlar aparmalıyıq. Yoxsa, nəyin ətrafında? Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər.

Dövlətimizin başçısı vurğulayıb ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq”.

bottom of page