top of page

"İnsanlarımızın Şuşaya gedib-gəlməsində heç bir problem olmayacaq"


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qanun layihəsinin birinci və ikinci oxunuşda geniş müzakirə olunduğunu, bir sıra deputatların maraqlı təkliflər irəli sürüldüyünü bildirdi. Komitə sədri dedi ki, bir sıra vacib təkliflərin hökumət tərəfindən nəzərdən keçirilərək, qəbul ediləcəyinə inanır. Qeyd olundu ki, qanun layihəsi 15 maddədən ibarətdir.


Sənədə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini; Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni; abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini; ətraf mühitin mühafizəsini; Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini; nəqliyyatın təşkilini; mənzil fondunun idarə edilməsini; sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri; həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

Deputat Qüdrət Həsənquliyev çıxışında bildirdi ki, yenə də aydın olmadı, Şuşaya giriş-çıxış necə tənzimlənəcək? Millət vəkili qeyd etdi ki, bu məsələ təkcə onu yox, bütün Azərbaycan xalqını maraqlandırır, çünki hər kəs Şuşaya getmək istəyir.

Deputat Aydın Mirzəzədə çıxışında təklif etdi ki, Milli Məclis üzvlərinin də kiçik qruplar şəklində Şuşaya, Ağdama səfərləri təşkil olunsun.

Sahibə Qafarova qeyd etdi ki, ayrı-ayrı deputatlar xarici qonaqlarla, yaxud hansısa tədbirlər çərçivəsində Qarabağa səfərlər ediblər.

Q.Paşayeva Q.Həsənqulieyin sualına cavabında bildirdi ki, insanlarımızın Şuşaya gedib-gəlməsində heç bir problem olmayacaq.

Deputat Fəzail Ağamalının Şuşada universitet açılması ilə bağlı təklifinə gəldikdə, Q.Paşayeva dedi ki, bu kimi məsələlərin qanuna salınması təcrübədə geniş tətbiq olunmur, ancaq təklif nəzərə alına bilər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edildi.


bottom of page