Kanadada oğurlanan maşınlar Avropada satılır


Koronavirus pandemiyasının tüğyan etdiyi dövrdə yaranan qarışıqlıq kriminal aləmin təmsilçilərinin də əlinə fürsət verib.

Xüsusilə cinayət yolu ilə əldə olunan valyuta və əmtəələrin tranziti halları xeyli artıb.

Bu günlərdə Kanadada oğurlanan 40 avtomobil İtaliya limanlarından birində konteynerlərdə aşkar edilib.

Azadpress.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Toronto Star” saytı məlumat yayıb.

Oğrular həmin maşınları satmaq üçün Türkiyə və Liviyaya aparmaq istəyirmişlər.

Saytın xəbərinə görə, şübhəli dəniz konteynerlərinin aşkarlanması Kanadanın Sərhəd xidməti agentliyi və York şəhərinin Maliyyə cinayətləri idarəsinin birgə təhqiqatı sayəsində mümkün olub. Burada “Chevrolet Camaro”, “Leksus”, “Mersedes-Benz”, “Land Rover” və “BMW” markalı, dəyəri 2 milyon dollara çatan avtomobillər üzə çıxarılıb. 40 maşının hamısı yenidən İtaliyadan Kanadaya geri göndərilib.

Qeyd olunur ki, bundan öncə bu ilin aprel ayında İtaliyada 2018-ci il buraxılışlı “Audi Q8” markalı avtomobillərin oğurluq partiyası tapılmışdı. Həmin səbəbə görə yerli polis Salerno və Tauro limanlarında geniş araşdırma həyata keçirib. İtaliya mediasının məlumatına görə, son 2 ayda ölkəyə yüzlərlə şübhəli keçmişə və mənbəyə malik avtomobil gətirilib.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.