top of page

Köhnə maşınların qiyməti düşüb




Ölkədə pandemiya yayılandan sonra avtomobil bazarında da ciddi dəyişikliklər baş verib. Bunun bariz nümunəsi paytaxtda fəaliyyət göstərən maşın bazarlarının bağlanmasıdır. Digər tərəfdən, ölkəyə xaricdən avtomobil gətirilməsində də problemlər yaşanır. İnsanların maddi vəziyyətlərinin geriləməsi və evdən çıxmalarının məhdudlaşdırılması da avtomobil satışına təsir etməyə bilməz.


Azadpress.az xəbər verir ki,Avtomobil bazarı üzrə ekspert Elməddin Muradlı “Report”a verdiyi açıqlamada bunları təsdiq edib:

“Avtomobil bazarında həddən artıq zəifləmə var. Paytaxtda bazarlar bağlıdır. Sərt karantin rejimi tətbiq edilməyən bölgələrdə bazarlar açıq ola bilər. Amma o ərazilərdə də qiymət artımı var. Alıcılıq qabiliyyəti aşağı olduğuna görə internet resurslarında avtomobil qiymətlərinin ucuzlaşdığını görürük. Hətta yeni avtomobil bazarında xeyli ucuzlaşma var. Ən tanınmış modellərin qiymətində ilin əvvəlindən bu günə qədər 10-15 min civarında qiymət azalması müşahidə edilir. Bu gün internet resurslarında daha çox avtomobil satışa çıxarıldığını görürük. Xüsusən iri həcmli, daha çox yanacaq sərfiyyatı olan avtomobillərin satışa çıxarıldığı müşahidə olunur. Bəzi avtomobillər də var ki, aylardır internetdə satışa çıxarılsa da, alan yoxdur. Avtomobil alqı-satqısı edən insanlarla söhbət zamanı da bunu eşidirik. Onlar da etiraf edirlər ki, alıcılıq qabiliyyəti xeyli aşağıdır. Məsələn, yanvar ayında 15 minə satışa qoyulan avtomobilin qiyməti hər həftə və ya hər ay 500-1000 manat ucuzlaşaraq bu gün gəlib 10-11 min manata çatıb. Bəzən insanlar təcili maşınını satmaq istəyir. Belə halda isə avtomobil bazarında dəllallar işə düşür. Onlar insanların inamından sui-istifadə edib vəziyyətin daha da pisləşəcəyini deyir və avtomobili daha ucuz qiymətə alırlar”. Azadpress.az

bottom of page