top of page

Lider TV niyə autsayder oldu?


Mayın 24-də Lider TV-nin yayımının dayandırılması ilə bağlı MTRŞ qərar qəbul etdi. Belə ki, qurum “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq, onun ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.

Xatırladaq ki, Lider TV hələ ötən ilin 16 iyun tarixində müflis elan edilmişdi. Bu baxımdan adıçəkilən televiziyanın tezliklə bağlanacağı gözlənilirdi.

Lider TV-nin autsayder olmasının əsas səbəbləri hansılardır? Daha hansı telekanalları bu cür aqibət gözləyə bilər? Ümumiyyətlə, ölkədə yerli telekanallara niyə maraq yoxdur? Telekanallarda hansı islahatlar zəruridir? Bu və digər suallarla bağlı ekspertlərin rəyini öyrənməyə çalışdıq.

Qulu Məhərrəmli:”Lider"in efirinə elə aparıcılar çıxarılırdı ki, küçədə onlara heç baxmazsan"

Tanınmış tele-tənqidçi Qulu Məhərrəmli Lider TV-nin autsayder olmasının pərdəarxasından söz açıb. O qeyd edib ki, televiziya çox ziddiyyətli bir inkişaf yolu keçdiyi üçün bu cür nəticə ilə üz-üzə qalıb: “Əlbəttə ki, buna təəssüflənirik. Çünki hər halda, Lider TV bizim televiziya tariximizdə müəyyən rolu olan bir telekanaldır. Vaxtilə burada ”Azərbaycan studiyası" var idi, orada çox maraqlı filmlər çəkirdilər. Məsələn, Cümhuriyyət tarixi, onun qurucuları haqqında olduqca çox məzmunlu verilişlər, sənədli filmlər var idi. Ona bizim çox gözəl sənətkarımız Rafiq Əliyev rəhbərlik edirdi. Verilişin həm rejissor, həm də operator işi də səviyyəli idi. Lakin televiziyanın zərərli verilişləri də olub. Məsələn, onun “Kuklalar” layihəsi Azərbaycanda çirkin bir resurs idi və cəmiyyətdə konfliktlərin genişlənməsinə, maraqların pozulmasına gətirib çıxarırdı. Daha sonra isə uyğun olmayan videolar yayıldı və sairə. Sonrakı illərdə telekanalın maddi ehtiyaclar ucbatından vəziyyəti ağırlaşdı, işçilər maaş ala bilmirdi. Nə layihə gəldisə verir, sponsorlardan pul almaq xətrinə çox bəsit verilişlər efirə çıxarırdı. Ona görə də belə bir televiziyanın olmağındansa, olmaması daha uyğundur və MTRŞ yerində belə bir qərar verib. Bir daha qeyd edirəm ki, buna çox təəssüflənirəm, lakin başqa variant da yoxdur".

Qulu Məhərrəmli qeyd etdi ki, medianın reklam bazarı şəffaf deyil və bu da mənfi nəticələrə gətirib çıxarır: “Ölkəmizdə özəl yerli telekanalların maliyyələşməsi qeyri-şəffafdır. Bunlar haradan maliyyə alır, açıq fəaliyyət göstərə bilirlərmi? Bütün bunların hamısı sual olaraq qalır. Bu yaxınlarda MTRŞ audiovizional məşğul olan bütün qurumların hamısının fəaliyyətini araşdırmışdı, o cümlədən radioların fəaliyyətini. Bu zaman çox situasiyalar ortaya çıxmışdı. Məlum olmuşdu ki, bizdə il ərzində radiolar 5 milyon dollar reklam alır. Şəxsən bir mütəxəssis kimi mənim üçün bu çox gözlənilməz idi. Yəni elə situasiyalar var ki, biz onları dərinliklərinə qədər görə bilmirik. Lakin müəyyən bir monitorinqdən, araşdırmalardan bunları ortaya çıxartmaq olur.

Lider TV-nin bu vəziyyətə düşməsinin əsas səbəbi isə hesab edirəm ki, ilk olaraq onun sabit maliyyə qaynaqlarının olmaması, ikincisi, reklam bazarının aşağı olması, üçüncüsü isə təxminən son 5-6 ildə kanalda yaradıcı menecmentin axsamasıdır. Ora elə aparıcılar çıxarılır ki, küçədə onları görüb, heç baxmazsan. Yəni çox səviyyəsiz, bəsitdirlər. O cümlədən də siyasi verilişləri aparanların səviyyəsi o qədər aşağıdır ki, orta məktəb şagirdi qədər onların təfəkküründə işıq yoxdur. Amma indi onlara veriliş verilir, onlar da özləri ağılda olan qonaq dəvət edib, veriliş təqdim edir, guya ictimai, beynəlxalq prosesləri təhlil edirlər. Yəni bu cür bəsit televiziyanın mövcudluğu o nəticəyə gətirib çıxardı ki, bağlandı".


Qulu Məhərrəmli qeyd etdi ki, yeni televiziyaların yaranmasına böyük ehtiyac var: “Bunların hamısı dərsdir. İndi yeni televiziyalar yaratmaq haqqında düşünməliyik. İlk növbədə hesab edirəm ki, dövlətin dəstəyi, maliyyəsi ilə xüsusi tədris-təhsil kanalı olmalıdır. Hazırda hər şeydən əvvəl millətimizin, cəmiyyətimizin maariflənməyə ehtiyacı var. Bütün Youtube kanallarına, sosial şəbəkələrə, saytlara baxmayaraq, sözün əsl mənasında 20-30-cu illərin Amerikasında olduğu kimi cəmiyyətimizdə də həmin maariflənməyə ciddi ehtiyac var. Hazırda mədəniyyət, idman kanalları var, ixtisaslaşmış kanal kimi. Amma təhsil kanalının da olmasına ehtiyac var. Bu baxımdan televiziya məkanın problemlərini cəmiyyətinin ehtiyaclarını duymamaqda görürəm. Niyə yerli kanallara, verilişlərə baxmırlar? Çünki təbliğat informasiyanı üstələyib, aparıcı iddiası tamaşaçı marağından dəfələrlə üstün olur. Bütün bunların hamısı isə gətirib ona çıxarır ki, bizim auditoriya televiziya kanallarından üz çevirir. Doğrudur, son hadisələrdə, o cümlədən pandemiyanın ilk dövründə, həmçinin 44 günlük Vətən müharibəsi zamanında bizim televiziyalar müəyyən maraq doğururdu, auditoriya onlara maraqla baxırdı. Çünki mötəbər informasiyanın məhz orada olduğunu hesab edirdilər. Bu mötəbərliyi indi qoruyub saxlamaq, inkişaf etdirmək, cəmiyyətə çox ciddi mesajlar vermək, ciddi problemləri açıq şəkildə müzakirə etmək, televiziyaların təbliğat yükünü azaltmaq çox önəmlidir”.

Zeynal Məmmədli: “Vəziyyət bu cür davam edəcəksə, digər kanallar da autsayder olacaq”

Media eksperti Zeynal Məmmədli isə təklif edir ki, belə bir sosioloji sorğu aparılsın: “Cəmiyyət, auditoriya nə istəyir? Niyə Rusiya, Türkiyə və digər televiziya kanallarına baxırlar? Bununla bağlı ciddi sorğu aparılıbmı? Əlbəttə ki, aparılmayıb. Amma ciddi araşdırma aparmalı, səbəblər üzə çıxarılmalıdır. Digər tərəfdən, sorğularsız da aydındır ki, biz insanlara gərəkli mövzuları təqdim etməliyik. Məsələn, bölgələrdə işsizlik danılmaz faktdır, Bakıya dəhşətli axın var, paytaxt yüklənir. Bölgələrdə necə iş yerləri yaratmaq olar ki, bu axının qarşısı alınsın? Və yaxud Azərbaycanda 600 min bu və digər şəkildə əlil şəxs var. Bu, 10 milyon əhalimizin 6 faizi deməkdir. Beləliklə, bu mövzular ətrafında maraqlı xəbərlər hazırlansa auditoriya olacaq”.

Zeynal Məmmədli bundan əvvəl də bir neçə televiziyanın bağlanılmasını xatırlatdı: “Artıq hansısa televiziyanın sıradan çıxması adi hal olub. Bundan əvvəl də bir neçə televiziyamız müəyyən səbəblərdən sıradan çıxıb. Məsələn, ABA, ANS TV-ni misal göstərə bilərik. Məgər onların nüfuzu az idi? Əlbəttə ki, xeyir, auditoriyada kifayət qədər nüfuz toplaya bilmişdilər. Lakin Lider TV haqqında bunu demək olmur. Burada ayrı-ayrı verilişlərdən, aparıcılardan söhbət getmir, ümumilikdə nəzərdə tuturam. Ümumiyyətlə, Lider TV, həmçinin Space TV son illərdə autsayder etmişdilər. Bunun səbəbi peşəkar, obyektiv səbəblərdirmi? Özlərini necə maliyyələşdirirlər? Bizdə medianın reklam bazarı şəffaf deyil. Bu məsələlərə aydınlıq gətirmədən gerçək mənzərəni şərh edə bilməyəcəyik. Azərbaycanda bu cür vəziyyət davam edəcəksə, hətta hazırda öndə olan kanallar belə özlərini autsayder olmaqdan qoruya bilməyəcək. Həmçinin insanların xarici televiziyalara marağı qarşısıalınmaz olacaq”.

Zeynal Məmmədli insanların daha çox əcnəbi kanallara maraq göstərməsindən də söz açıb: “Bunun özü də araşdırma mövzusudur - tamaşaçılar xarici telekanallarda əsasən hansı proqramlara, nəyə baxırlar? Əgər xəbərə baxırlarsa, bu lap fəlakətdir. Əyləncəli verilişlərə, filmlərə, seriallara baxırlarsa, bu da ayrıca bir mövzudur. Demək ki, yerli telekanallarda xarici televiziyalarla rəqabətə girən seriallar yoxdur. Bunların hamısı çox ciddi məsələdir. Çünki biz ayrıca dövlətik, bizim vətəndaşımızın daha çox xarici televiziyalara maraq göstərməsi yaxşı hal deyil. Niyə bizdə maraq doğuran tarixi araşdırma verilişləri, maraq doğuran seriallar çəkilməsin? Demək ki, burada sahibkarların, ciddi menecerlərin dəstəyinə ehtiyac var. Ən birincisi isə ədalətli rəqabət üçün fərqli bazar yaradılmalıdır”.


bottom of page