Artıq bir neçə gündür ki, paytaxt Bakıda və bölgələrdə soyuq hava şəraiti müşahidə olunmaqdadır. Havalar kəskin soyuyan kimi isə istiliklə bağlı problemlər də özünü büruzə verir. Orta məktəblərdə sinif otaqlarının soyuq olması səbəbindən bəzi valideynlər uşaqlarını məktəbə aparmadıqlarını deyirlər. Məktəblərin istilik təchizatı ilə bağlı son günlər şikayətlərin sayı artıb.
Aygün Həsənova (ad şərtidir) adlı paytaxt sakini övladını sinif otağının soyuq olmasına görə məktəbdən çıxarmaq istədiyini deyib:
"Yeni Yasamalda yaşayırıq. 308 nömrəli məktəb evin yaxınlığında yerləşdiyinə görə qızımı da o məktəbə yazdırdım. Amma sonradan çox peşman oldum. İnanın, məktəb başlayandan orada kombi işləmir. Uşaqlar elə bil buzxanada dərs keçirlər. Sinifdə uşaqların yarısı xəstədir. Şərait çox aşağı səviyyədədir. Mən əlacsızlıqdan o məktəbə qoydum. Balaca uşağım körpədir deyə gedib-gəlmək çətindir. Yoxsa heç vaxt o məktəbə qoymazdım. Birinci siniflər çanta belində isti otaq axtararmı heç?!"
Axar.az xəbər verir ki, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Musavat.com-a açıqlamasında məsələyə aydınlıq gətirib.
"Məktəblərdə tədris pandemiya dövründən sonra ilk dəfə fevralın 1-dən siniflər üzrə pillə-pillə şəkildə açıldı. Bu zaman xüsusi qrup yaradıldı ki, bütün bölgələr diqqətdə saxlansın. Harada problemlər varsa, əlaqədar qurumlarla bir yerdə anındaca həmin məsələ həllini tapsın. Belə hallar olan zaman biz əlaqədar qurumlarla məsələni həll edirik. Bu kimi halların olması mümkündür. Belə hallar olanda məktəb rəhbərliyi tərəfindən nazirliyin bu işlərlə əlaqədar olan qurumlarına müraciət olunur. Bilavasitə bu məsələ Təhsil Nazirliyinin diqqətindədir. Bu, rəhbərlik səviyyəsində müzakirə olunur, həlli istiqamətində işlər görülür", - C.Valehov bildirib.
Nazirlik sözçüsü “valideynlər bu kimi neqativ hallarla üzləşəndə məktəb rəhbərliyinə, yoxsa nazirliyə müraciət etməlidirlər” sualını da cavablandırıb:
"Valideynlərin bunu deməsinə ehtiyac yoxdur. Ona görə ki, məktəb rəhbərliyi özü xəbər verir. Əgər məktəb rəhbərliyi bunu görürsə, anındaca reaksiya verir. O məktəblərdə yalnız şagirdlər deyil, müəllimlər də dərs keçir. Kiminsə isti otaqda, kiminsə soyuq otaqda olması nonsensdir. Ona görə də burada ayrı-seçkilik etməyə ehtiyac görmürəm. Həmin andaca məktəb rəhbərliyi aidiyyəti qurumlara müraciət edir, həll yolları ilə bağlı effektiv tədbirlər görülür. Bizim “Qaynar xətt”mizə, eyni zamanda nazirliyin sosial resurs səhifələrinə də yazırlar. Amma bir daha deyirəm, qaydalar çərçivəsində biz qış aylarının ən soyuq vaxtı olduğunu bilirik, bu və ya digər səbəbdən qəza baş verirsə, onun dərhal həll olunması istiqamətində bütün güclər səfərbər olunur".
Comentarios