Millət vəkili:"Gürcüstan BMT-nin silah ticarəti haqqında müqaviləsinin şərtlərini pozub"


"Serbiyadan sonra Gürcüstanda da səfirimizin çıxarılması Tovuzdakı döyüşlər zamanı bu iki dövlətin Ermənistana silah ötürmələrilə bağlı olduğunu göstərir".

Azadpress.az xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli açıqlayıb.

Millət vəkili xatırladıb ki, Rusiya da həmin günlərdə Ermənistana silah ötürüb: "Rusiyadakı səfirimizi də çıxaracaqlarmı? Bilmirəm. Amma onu bilirəm ki, Serbiya və Gürcüstan BMT-nin silah ticarəti haqqında müqaviləsinin şərtlərini pozublar. Həmin müqavilənin əsas prinsiplərindən biri, dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı gücün tətbiqindən və ya güclə hədələməkdən çəkinməkdir. Serbiya və Gürcüstan, ərazimizi işğal etmiş Ermənistana silah ötürməklə, iştirakçı olduqları müqavilənin bu prinsipini pozublar, çünki silahın bizə qarşı işlədiləcəyini biliblər (bilməmək ehtimalı olmayıb). Rusiya və Ermənistan bu müqaviləyə qoşulmayıblar. Biz də qoşulmamışıq. Bununla belə, ölkəmiz Beynəlxalq Ədalət Məhkəməsinin yursidiksiyasını heç olmasa bu iş üçün tanısaydı, Serbiyaya və Gürcüstana qarşı BƏM-ə iddia verə bilərdi. Serbiya və Gürcüstan BƏM-in yurisdiksiyasını tanıyırlar. Rusiyaya da BƏM-in yurisdiksiyasını tanıyır, amma ona qarşı bu məsələdə iddia mümkün deyil, çünki Rusiya sözügedən müqavilənin iştirakçısı deyil".

E.Qədirli deyib ki, ümumiyyətlə, bizdəki hökumət bu və başqa məsələlərdə üstünlüyü açıq məhkəmə çəkişmələrinə deyil, qapalı diplomatik yollara verir. Onun fikrincə, bunu etməklə özlüyündə yanlış bir iş görmür: "Güman ki, belə yollarla ölkəmiz üçün nisbətən qısa zamanda daha faydalı və ya az riskli nəticələri əldə edir, ya da edə biləcəyini düşünür. Üstəlik, ən azından Gürcüstanın örnəyində, iqtisadi təsir imkanlarından istifadə edir. Bununla belə, bizdəki hökumətin beynəlxalq hüququn potensialından yetərincə yararlanmadığı görünür. Güman ki, səfirliklərimizin zəif yerlərindən biri də budur - yerləşdikləri ölkələrin beynəlxalq öhdəliklərini və yurisdiksiya məsələlərini öyrənmirlər, rəsmi Bakını bununla bağlı məlumatlandırmırlar".

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.