Real TV-nin rəhbəri Mirşahin Ağayev proqramının növbəti buraxılışında büdcədən sosial ayrılmaları artırmağı təklif edən deputatlara iradını bildirib.
"Prezidentin dövlət vəsaitini əhalinin ehtiyaclarına sərvaxt və sərrast, ehtiyat və ehtiyacı nəzərə alaraq yönləndirməsi cəmiyyətin müəyyən bir qisminin, o cümlədən parlamentdə təmsil olunan maliyyə blokundakı bəzi fürsətcil populislərin müntəzəm “pul qopartmaq!” çağırışları ilə müşayiət olunur. Yəni Prezident keçirdiyi toplantılarda böyük vəsait itkilərinin qarşısını almaq tapşırıqları verir, buna nail olur, sızmaları yaradan qara dəlikləri axtarır, sonra hüquq-mühafizə orqanlarının dili ilə desək, aşkar edilərək götürülmüş vəsaiti xalqın ehtiyaclarına yönəldir. Parlamentin bəzi üzvləri isə Xeyriyyə Fondu məntiqilə yalnız “ona pul ver, buna pul ver!”, “onun müavinatını artır, bunun müavinatını artır, aradabir bizim də maaşımızı qaldır!” fəlsəfəsindən uzağa getmir.
Bu əhval-ruhiyyənin kökü bir neçə il əvvələ gedib çıxır - problemli kreditlərin ödənməsi, 11 min manatlıq vəsait ətrafında yaradılmış ajiotaj, hətta mədəniyyət və incəsənət nümayəndələrinin Prezident və birinci xanımla görüşündə mənəvi yox, məhz maddi məsələlərin prioritetə çıxarılması zamanına. Bax o zaman da köhnə deputatlar “hamam suyu ilə dost” prinsipinə uyğun olaraq dövlət büdcəsində deşik axtarırdılar. İndi də onların davamçıları dövlət büdcəsinə qənaət yox, səxavət gözü ilə baxırlar. Baxmayaraq ki, koronavirus dünyası fərdi məsuliyyət hissini prioritetə çevirib və bu gün insanlarda yəqin ki, ilk növbədə ağır durum üçün yeni büdcə mədəniyyəti aşılanmalıdır.
Bu baxımdan Milli Məclisin bəzi üzvlərinin dövlət büdcəsinə geniş ağuş bucağından baxması ondan xəbər verir ki, deyəsən, belə deputatlara pandemiya şəraiti, ağır günün xüsusi dolanışıq qrafiki barədə kurslar keçmək lazımdır" Azadpress.az
Comments