"Nikol Paşinyan həm reytinqini, həm də başını itirib"


Gürcüstanın siyasi ekspertləri rəsmi Tbilisinin Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı passivlik nümayiş etdirməsi fikirləri ilə razı deyillər.


Bunu “Report”un yerli bürosuna açıqlamasında gürcü politoloq, professor Simon Kopadze bildirib.


Onun sözlərinə görə, ərazi bütövlüyü məsələsi Gürcüstan və Azərbaycan üçün ümumi problemdir: “Gürcüstan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin müstəqilliyi və ərazi bütölüyünü hər zaman dəstəkləyir. Son hadisələr sübut edir ki, Cənubi Qafqazda sülhün bərqərar olmasında yalnız Azərbaycan və Gürcüstan maraqlıdır”.


Ekspert bildirib ki, Ermənistanın Azərbaycan tərəfini UAZ maşını ilə hərbi diversiya törətməkdə ittiham etməsi sadəcə gülüncdür: “Bu, hətta lətifə qədər gülməlidir”.


Onun sözlərinə görə, Ermənistan beynəlxalq siyasət arenasında müstəqil oyunçu kimi mövcud deyil: “Ermənistan marionet, kvazi-dövlətdir və tamamilə Rusiyaya tabedir”.


S.Kopadze Ermənistanın ölkədəki COVID-19-la bağlı ağır vəziyyət fonunda müharibəyə hazır olmadığını deyib: “İndi baş nazir Nikol Paşinyan nəinki reytinqini, başını da itirib”.


O qeyd edib ki, Ermənistan müstəqil dövlət olsaydı, Gürcüstan münaqişə tərəflərini Tbilisidə danışıqlar aparmağa dəvət edə bilərdi.


Gürcü tarixçi, Suxum Dövlət Universitetinin professoru Quram Marxuliya da “Report”a bildirib ki, Gürcüstanın qonşuluğunda baş verən toqquşmalara biganə qalması qeyri-mümkündür: “Bütün Gürcüstan xalqı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti ürək ağrısı ilə izləyir. Azərbaycanın problemi Gürcüstanın problemdir, çünki iki ölkə və xalq bir-biri ilə çox sıx bağlıdır. Gürcüstanın müstəqilliyi Azərbaycanın qüdrətindən asılıdır. Gürcüstan-Azərbaycan dostluğu və birliyi çox möhkəmdir”.

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.