top of page

Nuru Paşanın ordusu ilk döyüşdə niyə məğlub oldu?



Tarix elmləri doktoru, professor, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Tohidinin Qafqaz İslam Ordusunun 15 sentyabr 1918-ci ildə Bakının daşnak-bolşevik və ingilis qüvvələrindən azad edilməsi ilə Axar.az-a müsahibəsi:

- 15 sentyabr 1918-ci ildən öncəki, yəni işğal altında olan Bakını təsəvvür etməyə çalışaq...

- Mayın sonlarından iyulun ortalarına qədər Bakıda vəziyyət ciddi şəkildə pisləşmişdi. Vəziyyət olduqca ağır idi. Çünki ortada bolşevik-daşnak işğalı faktı vardı. Təkcə Bakı yox, bütün quberniya işğal edilmişdi. Şamaxı tamamilə dağıdılmışdı. Əhali öz yurd-yuvalarını tərk etməyə məcbur olmuşdu. Şamaxının mərkəzi bomboş idi. Ermənilər gedib Qubaya çıxmışdılar. Göyçayın qəzaları işğal olunmuşdu. Artıq iyunun 10-16-ı arası bolşevik-erməni ordusu Gəncəyə doğru irəliləmək haqqında qərar qəbul etmişdi.

- Bolşevik-daşnak dəstələrinin Gəncəyə hücum imkanları nə qədər idi?

- O dövrdə Gəncə müvəqqəti paytaxt idi. Gəncədə silahlı qüvvələr olsa da, nizami qoşun hissələri yaradılmamışdı. Eyni zamanda, yetərli dərəcədə silah-sursat da yox idi. Hökumət üzvləri hələ mart ayından, Trabzon danışıqları başlayandan Türkiyəyə gedib-gəlirdilər. Nağı bəy Şeyxzamanlı, Nəsib bəy Yusifbəyli də bu işin içində idi. Onlar hələ mart ayında Türkiyədən Gəncəyə kömək gəlməsini xahiş etmişdilər. Hətta Azərbaycanın Osmanlıya birləşdirilməsi fikirləri də vardı. Türk qoşunları Gəncəyə gələndə müəyyən böhran da yaranmışdı. Böyük Turan və mərhələli şəkildə ərazilərin Osmanlıya birləşdirilməsi kimi fərqli planlar müzakirə olunurdu. Cümhuriyyətin elan olunmasından sonra Rəsulzadə və onun əqidədaşları bu məsələyə birmənalı olaraq nöqtə qoydular. Bildirdilər ki, Azərbaycanın öz dövlətçiliyi olmalıdır və dövlət də Azərbaycan Cümhuriyyəti adlandırılmalıdır. Bakı da Azərbaycanın paytaxtı olmalıdır. Hətta Trabzon danışıqlarında da Türkiyənin qardaş ölkə kimi Azərbaycan türklərinə köməyə gəlməsinin vacibliyi ifadə edilmişdi.

- Sona xanım, Bakının azad olunması prosesi necə başladı?

- Qafqaz İslam Ordusu Azərbaycana girən kimi o qüvvələrə 30 min azərbaycanlının qoşulacağı haqda Nuru Paşaya vəd verilmişdi. Təəssüf ki, belə olmadı – Qafqaz İslam Ordusuna ilk günlərdə cəmi 37 nəfər qoşuldu. Adamlar orduya getmək istəmirdlər. Nuru Paşa gördü ki, durum yaxşı deyil. Əvvəlcə köməyə gələn dəstələr komplektləşdirildi. Türkiyədən əlavə qoşun dəstələri gətizdirildi. İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etdi və bundan sonra könüllülərin sayı artdı.

Bakının azad edilməsi ilə bağlı ilk savaş Qaraməryəm döyüşləridir. Həmin döyüşlərdə Qafqaz İslam Ordusu məğlub oldu. Çünki döyüşə Qafqaz İslam Ordusunun ön dəstələri girmişdi, hətta Gəncədən gələn ordunu gözləməmişdilər. İlk döyüşdəki məğlubiyyətdən sonra Nuru Paşa milli hökumətin nümayəndələri ilə özü Qaraməryəmə gəldi.

- Sonra nə baş verdi və nə dəyişdi?

- 27 iyun-1 iyul tarixində Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və Qafqaz İslam Ordusu Bakı istiqamətində əks-hücuma başladı. Daşnak-bolşevik qoşunu darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Növbə Bakıya çatdı. Bakı elə bir şəraitdə azad edilib ki...

Almaniya, Britaniya Bakıya sahib olmaq istəyirdi. Ermənilər də bu məsələdə çox fəal idi. Bakını əllərində saxlamağa çalışırdılar. Bütün böyük dövlətlərin gözü Bakıda idi. Yəni Qafqaz İslam Ordusu Bakını təkcə erməni daşnakları və bolşeviklərdən deyil, bütün böyük dövlətlərin əlindən aldı.

- Rəsulzadə də Bakının azad olunmasının sürətlənməsini istəyirdi və onun bu istəyi nəzərə alınmışdı...

- Rəsulzadə həmin vaxt yazırdı ki, Bakı Azərbaycanın ayrılmaz hissəsidir. Onu da əlavə edirdi ki, Bakını işğaldan azad edərək paytaxtı oraya köçürməli və hamını fakt qarşısında qoymalıyıq. Bakı olmasaydı, Azərbaycan da olmayacaqdı. Yəni dövlətin taleyi həll edilidi. Ona görə də Bakının daşnaklardan təmizlənməsi İstiqlal Bəyannaməsinə bərabər bir iş idi. Bakı azad edilməsəydi, Azərbaycan Cümhuriyyəti kağız üzərində qalacaqdı.

- Belə çıxır ki, Bakı uğrunda döyüşlər üç ay çəkib?

- Bəli. İyunun 17-də Qaraməryəmdə başlayan döyüşlər sentyabrın 15-i günorta saat 2-də Bakının işğaldan azad edilməsi ilə başa çatdı. Döyüşlər üç ay çəkib. Qafqaz İslam Ordusu Bakı ətrafında güclü müqavimətlə üzləşmişdi. Çünki “Sentrokaspi hökuməti”, bolşeviklər ingilis ordusunu, general Denstervili köməyə çağırmışdılar. Polkovnik-leytenant Həbib bəy Səlimovun dəstəsi dəmir yolu ilə cənub istiqamətindən, türk qoşunları isə Şamaxı tərəfdən irəliləyirdi.

-Niyə Şamaxı istiqamətindən?

- Çünki erməni silahlı dəstələri hamısı Şamaxıya daraşmışdı. Camaat sərgərdan şəkildə küçələrdə qalmışdı. Əhali evlərini tərk etmişdi. Türk qoşunları əvvəlcə dağılmış əhalini toplayırdı. Sonra əraziləri işğaldan azad edib, əhalini oraya yerləşdirirdi. Erməniləri də birdəfəlik qovurdu. Hətta erməni dəstələrinin başçısı Amazasp Qafqaz İslam Ordusunun gəldiyini görüb, öz dəstəsini qoyub qaçmışdı. Mikoyan Şaumyana məktubunda yazırdı ki, Amazaspı güllələmək lazımdır. Amma Şamaxıdan qaçan ermənilər gəlib Bakı ətrafında türk ordusuna qarşı birləşmişdilər.

- Bakının işğaldan azad edilməsində buradakı yerli əhalinin rolu nə qədər idi?

- Çox böyük rolu var idi. Hətta general Denstervil yazırdı ki, Bakının 80 minlik müsəlman əhalisinin hamısı Osmanlı qoşununa işləyir. Onun xatirələrində qeyd olunurdu ki, ingilis qoşunlarının dislokasiya yerləri, batareyaların olduğu nöqtələr çox dəqiqliklə türk qoşunlarına ötürülür. Bunu yerli müsəlman əhalidən kimlərsə həyata keçirirdi. Çünki Qafqaz İslam Ordusu ancaq həmin yerləri, özü də çox dəqiqliklə məhv edirdi. General Denistervil belə deyir. Özü də bu kimi kəşfiyyat işlərində müsavatçılar çox aktiv olublar. Şəhərin planını, daşnak və ingilislərin yerləşdikləri nöqtələri çox dəqiqliklə türk qoşunlarına çatdırırdılar.

- Maraqlıdır, bunu necə bacarırdılar? Axı Qafqaz İslam Ordusu ilə yerli əhali arasındakı məsafə çox uzaq idi?

- Maraqlı sualdır, təbii ki, poçt göyərçinləri ilə bunları gerçəkləşdirirdilər. Bir maraqlı faktı deyim: deməli, ermənilər Çəmbərəkənddə cavan, 18 yaşlarında bir oğlanı quş uçurtduğuna görə ata-anasının gözü önündə güllələmişdilər. Həmin gənc oğlan poçt quşu vasitəsi ilə türk qoşunlarına xəbər ötürürmüş.

- Bəs Bakı qoçularının rolu nə dərəcədə idi?

- Onların da Bakının işğaldan azad edilməsində müəyyən rolu olub. Nuru Paşa, Səlim və Mürsəl paşalar qədər olmasa da, Bakı qoçuları bu işdə fərqləniblər. Mərdəkan dairəsi tərəfdə daşnakların yolunu kəsmişdilər ki, onlar həmin kəndlərə girməsinlər. Qoçular təhlükəni görüb öz aralarında sülh bağlayıb barışıq elan etmişdilər. Ümumi düşmənə qarşı birgə döyüşürdülər.

- Gələk sentyabrın 15-i gününə. Döyüşlər tam olaraq nə vaxt bitdi?

- Ayın 15-i saat 3-də döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Ayın 14-nə qədər ingilislər 14 saat türk qoşunlarına müqavimət göstərdi. Qafqaz İslam ordusunun zərbələri gücləndikcə daşnakların komandirləri aradan çıxırdı. Bakıdakı erməni əhali arasında panika və təşviş hökm sürürdü. Ermənilər gəmilərlə Bakıdan qaçırdı. Amma əvvəlcə daşnak qüvvələrinə rəhbərlik edənlər qaçmışdılar. Dəstələrini başsız qoymuşdular. Gecə qaranlıq düşən kimi ingilis qoşunlarının komandanlığı da çıxıb getdi.

15-i səhər başda müsavatçılar olmaqla, Qafqaz İslam Ordusunun ön hissələri Bakıya daxil olur. Camaat eyvanlara axışır. Uşaqlar damlara çıxıb türkləri alqışlayırlar.

Əhali həddən artıq çox sevinirmiş. Hətta Əhməd Cavadın “Bismillah” şeirini deyə-deyə yürüş ediblər. Eyni zamanda, həmin gün Qurban bayramı imiş, qurbanlar da iki məqsədlə kəsilib: bir məqsəd də Bakının azad olunması ilə bağlı olub.

Bu, Azərbaycan tarixi üçün çox böyük bir gündür. Hətta almanlar belə Nuru Paşanın ordusuna qoşulmaq istəyirdilər. Çalışırdılar ki, burada onların da “əməyi” olsun. O zaman Ənvər Paşa Nuru Paşaya yazırdı ki, almanlar özbaşına gəlmək istəsə, körpü və dəmir yollarını partladın. Elə də eləmişdilər.

- Bakını azad edən qoşun niyə Qafqaz İslam Ordusu adlandırılmışdı?

- Ona görə ki, beynəlxalq güclərin təzyiqi vardı. Deyirdilər ki, Osmanlı qoşunu Qafqaza girə bilməz. Ənvər Paşa da danırdı, deyirdi ki, Osmanlı qoşunu deyil, könüllülərdir, özləri köməyə gedib. Hamı da bunun yalan oldğunu anlayırdı. Çünki nizami ordu gəlirdi və başında da Nuru Paşa dayanırdı.

Comments


bottom of page