“Onların ağzını bağlamaq üçün... qanun qəbul etməliyik”


Deputat Razil Nurullayev Milli Məclisin plenar iclasında çıxış edərək sosial şəbəkədəki “soyüş müxalifəti”nə kəskin etirazını bildirdi.

“Təəssüf edirəm ki, mədəniyyətsiz, savadsız, ağızlarını söyüşlə açıb-bağlayan bir qrup var və onlar ölkəmizdə də bir qisim insanları təsir altında saxlaya bilir. Ağına-bozuna baxmadan hər kəsi təhqir edir, şəxsiyyətini alçaldır. Onların təhqirini, söyüşünü, ailə tərbiyəsini bütün xalq eşidir, hər kəsin evində anası, bacısı, qızı-gəlini var. Onların ağzını bağlamaq üçün biz də Türkiyədə olduğu kimi sosial şəbəkələr haqqında qanun qəbul etməliyik və mütləq sosial şəbəkələrin nümayəndəsi Bakıda oturmalıdır”, deyə, deputat qeyd etdi.

R.Nurullayev əlavə etdi ki, xaricdə oturub ölkəni, insanları, siyasətçiləri, dövlətin atributlarını, ölkənin Birinci şəxsini və ailəsini ən kəskin ifadələrlə təhqir edən şəxslər barədə dövlət və hökumət səviyyəsində bütün səviyyələrdə siyasi danışıqlar aparılmalı və onların həbsi və ya ölkəyə verilməsi tələbi irəli sürülməldir: “Onların hər bir videosu cinayət xarakterlidir və təəccüblüdür ki, biz bu məqamdan istifadə edə bilmirik. Cəmiyyətə açıqlansın ki, o şəxslərin oturduqları ölkələrin aidiyyatı qurumları ilə siyasi danışıqlar aparılıbmı və nəticəsi nədir? Yeri gəlmişkən deyim ki, bu məsələnin qaldırılması siyasi müstəvidə - səfirliklər, XİN və dövlət səviyyəsində olmalıdır. Bizim hüquq-mühafizə orqanları cinayət işi qaldırıb, amma onların həbsi və cəzalandırlması üçün siyasi danışıqlar lazımdır. Məgər o ölkələrə onların söyüşlərinin və təhqirlərinin tərcüməsini vermək olmazmı? Belə çıxır ki, biz də burada imkan yaradaq ki, o ölkələrin birinci şəxslərini və dövlət adamlarını ən ağır təhqirə məruz qoysunlar? İkinci bir qrup ölkədədir və içərisində xeyli siyasətçi və ya özünü belə hesab edən fəallar var. Klaviatura arxasında və təhlükəsiz yerdə oturub hər şey demək olar, İrəvanı bir saata işğal edib, Rusiyanı mat da qoymaq olar, Köçəryan və Sərkisyanı əlibağlı da gətirmək olar. Özünü və ətrafını idarə edə, ömründə bir qarış torpaq ala bilməyənlər Xankəndini alır, nüfrət püskürür, hər şeyə rişxənd edir, özlərini supermən elan edir, heç baron Münhauzen belə yalanlar danışmayıb. Onlar da ölkə içində bir qrup vətəndaşı təsir altına alıb onların gələcəyini məhv edir. Biz siyasətdə yalana, şər-böhtana, şərəf və ləyaqətin alçaldılmasına qarşıyıq. Bununla bərabər, təhqirə, şər-böhtana və söyüşə yol verənlərin birmənalı cinayət məsuliyyətinə cəlb edilməsini istəyirik”.

Azadpress.az