top of page

Orta təhsilin ləğv edildiyi ölkədə tələbə qəbulu...


“Bunker repetitorluğu” institutu və kütləvi tələbə köçürülməsi ənənəsinə son qoyulmasa, tələbə qəbulunda ədalətdən danışmaq mümkün deyil Builki tələbə qəbulu ilə bağlı bir neçə gün öncə yazdığımız yazıya DİM-dən cavab gəlib. Yenə də mənasız söz yığını, konkretlikdən uzaq arqumentlər, özünə haqq qazandırmalar... Bizim qeyd etdiyimiz irad və iddialar konkret idi. Soruşurduq ki, nədən 2 il öncəyə qədər hər mövsüm on minlərlə insanın (valideynlərin və abituriyentlərin) məmnun qaldığı test üsulu ilə tələbə qəbulundan artıq razı qalan yoxdur? Əski qaydalar nəyə görə pisliyə doğru dəyişdirildi? Niyə qəbulda yüksək bal yığmaq seriyasına son qoyuldu? 2018-ci ildə 27 abituriyentin 700, onların yüzlərlə həmyaşıdının 600-dən artıq bal toplaması nəyə görə narahatlıq doğurdu? İndi deyirlər, hələ son nəticələr açıqlanmayıb. Guya açıqlananda nə olacaq ki? Buraxılış imtahanlarında yüksək nəticə göstərənlər minimal sayda olandan sonra blok imtahanında maksimal nəticə göstərənlərin sayı maksimum olsa da, yetərli olmayacaq, statistika xoşagəlməz olacaq.

11 illik təhsilin ləğv olunması Söz yox, tələbə qəbulundakı problemlərin əsas qaynağı təhsil sistemidir. Heç kəs çıxıb etiraf etmir, amma faktdır: 10-11-ci sinif təhsili qeyri-rəsmi ləğv olunub, ölkə 9 illik təhsilə keçib. Elan olunmayıb, rəsmən leqallaşmayıb, amma real durum budur. Ölkənin orta məktəblərində yuxarı siniflərdə kütləvi şəkildə dərs keçirilmir. Nazirlik komissiyalar yaratsın, ölkə üzrə ciddi və dürüst təhqiqat aparsın, görəcəklər ki, biz deyəndir. Məktəb direktorları 10-11-ci sinifdə oxuyan, ali məktəbə hazırlaşan uşaqları repetitor yanına, hazırlıq kurslarına getmələri üçün sərbəst buraxırlar. Belə olandan sonra ali məktəbə daxil olmaq istəməyən uşaqlara kim və niyə dərs keçsin? Dünya standartına dair təsəvvürlər Bir tənqid səsləndirən kimi də “dünya standartı” deyirlər... 2010-cu ildə ABŞ-ın ucqar ştatlarından biri olan Cənubi Karolinanın paytaxtı Kolombiada bir orta məktəbdə olduq. Məktəbin hər bir şəraiti vardı. Böyük və hər kəsə açıq kitabxanası, idman kompleksi, modern texnologiyalarla təchiz edilmiş kimya, fizika laboratoriyaları... Məktəbin ayrıca teleradio kanalı, qəzeti, saytı mövcud idi. Elə bir şərait vardı ki, şagirdlər məktəbdən çıxmaq istəməzdilər. Dünya standartı budur. Bizim məktəblər onların yanında əl anbarına oxşayan bir yerdir. Üstəlik, sosial-psixoloji mühit, tədrisin keyfiyyəti, pedaqoji universitetləri zor-bəla qurtarmış, attestasiyada aşağı nəticələr göstərən müəllimlərin hazırlığı dünya standartlarından qat-qat aşağıdır. Everest zirvəsi və Mariana çökəkliyi nədirsə, odur. Təhsilin evini yıxan, eyni zamanda, onu ayaqda saxlayan repetitor institutu Ali məktəblərə qəbul olunan uşaqların 99 faizi məhz repetitora borcludurlar. Daha dəqiqi, repetitorlara ödənilən külli miqdarda maliyyə vəsaitinə. Hamımız bilirik ki, ölkədə təhsilin evini yıxan məhz bu institutdur və o, əndazəsini xeyli aşıb. Bu institut ölkədə pulsuz təhsil deyilən şeyi tamamilə məhv edib. Eyni zamanda, etiraf etməliyik ki, abituriyentlərin ali məktəblərə qəbul olunması repetitorlarsız mümkün deyil. Ölkəmizdə repetitorlar da ən azı 3 qrupa bölünür: Kənd, qəsəbə repetitorları. Bunlar öz əməklərini yerli şəraiti və müştərilərinin imkanlarını nəzərə alaraq ucuz qiymətləndirirlər - hər fənnə görə 50-60 manat. Əvəzində onların topladıqları abituriyent qrupları daha böyük olur - 12-15 şagird. Şəhərin mərkəzi hissələrində çalışan repetitorlar. Bunlar abituriyentləri 70-100 manat arası məzənnə ilə hazırlaşdırırlar. “Şəhər uşaqları” da bir qrupda 8-10 nəfər civarında toplaşır. “Bunker repetitorları”. Onların əməyinin qiyməti astronomikdir - 400-500 manat. Bu şəxslər elitar təbəqənin övladlarını ali məktəbə hazırlaşdırırlar. Onlar ona görə bahacıldırlar ki, DİM-in sual bankında olan testləri hazırlayırlar, bir sıra məxfi məlumatlara çıxışları var, tendensiyanın nədən ibarət olduğunu bilirlər və bu məxfi informasiyaların valideynlərə, abituriyentlərə sızdırılmasının qiyməti ucuz ola bilməz. “Bunker müəllimləri”nin abituriyentlər arasında haqsız rəqabətin yaranmasında rolları böyükdür. DİM bu sahədəki neqativliklərə son qoymalıdır. Abituriyent qrupları olan müəllimlər “bunker” deyilən yerə buraxılmamalıdır ki, haqsız rəqabət olmasın. O qədər çalışmağın qabağında... DİM-in yaydığı açıqlamadan: “Bu fənlər üzrə aşağı siniflərin birində zəif öyrənilmiş bir mövzu yuxarı siniflərdə tədris olunan mövzuların mənimsənməsinə mane olur”. Olduqca cəfəng iddia və arqumentdir. Abituriyentlər hazırlıq kurslarına və ya repetitor yanına gedərkən bütün fənlərin lap ibtidaisindən, aşağı siniflərdən başlayaraq öyrənməyə başlayırlar. Ən azı 3 il  bu istiqamətdə gecə-gündüz çalışırlar. Onların ən azı yarısı itizəkalı, möhkəm yaddaşlı yeniyetmələrdir. Necə olur ki, onların hamısı məhz son iki ildə kütləvi şəkildə potensiallarından aşağı nəticələr əldə edirlər? Bəs iki il öncəyə qədər nədən bir xeyli abituriyent çox yuxarı nəticələr qazana bilirdilər? Sualların qəsdən ağırlaşdırılması DİM-in açıqlamasından daha bir sitat: “Qəbul imtahanlarında istifadə edilən tapşırıqların bu proqramlardan kənar olduğuna dair iddialar reallıqdan çox uzaqdır və bu günə qədər belə iddiaların heç biri öz təsdiqini tapmayıb”. İddialar və iradlar ondan ibarətdir ki, bu proqramların çərçivəsində olan tapşırıqlar həddən artıq ağırdır. 35-55 yaş arası, olduqca təcrübəli, uzun illər eyni fənni tədris edə-edə özünü təkmilləşdirilmiş müəllimlər 17-18 yaşlı, zəkası tam formalaşmamış gənclərə öz arşınları ilə yanaşır, onlardan özləri səviyyəsində bilik tələb edirlər. İdman terminləri ilə götürsək, bu yüngül çəkidə çıxış edən atletdən bir təkanla 220 kq ağırlığı qaldırmağı tələb etməkdir. Biz, 25-30 ilin jurnalistləri olaraq hansısa gənci işə qəbul edərkən ondan öz səviyyəmizdə yazı yazmağı tələb etsək, gərək 20 il gözləyək ki, qapıdan içəri bir erudit girəcək və bizim tələblərimizə cavab verəcək. Amma biz anlayırıq ki, yeni məzun olmuş gənc peşənin incəliklərini yavaş-yavaş öyrənəcək.  17 yaşlı gənclərin də kimya, fizika, riyaziyyat, biologiya kimi dəqiq elmləri tələb olunan səviyyədə öyrənmələri mümkün deyil. Eynşteyn və Parelman kimi dühaların günlər sərf edərək həll etdiyi məsələləri o yaşda uşaqlar yarım saatın içində söküb-yığa bilməzlər. DİM-in davranışından isə “bizə dəxli yoxdur, canları çıxsın, öyrənsinlər” ritorikası tökülür. Ard-arda keçirilən imtahanlarda yol verilən ayrı-seçkilik Məlum olduğu kimi, bu il qruplar üzrə imtahanlar ard-arda iki gün keçirildi (məsələn, 13-14 avqust, 20-21 avqust). Çoxsaylı müraciətlər və şikayətlər nəticəsində məlum olur ki, ilk gün imtahan verənlərin qarşılaşdığı suallarla ikinci gün imtahan verən abituriyentlərin üzləşdiyi suallar arasında ciddi fərqlər olub. Birincilərin sualları daha çətin, ikincilərinki isə xeyli asan imiş. Bunu isbat etmək üçün tanıdığımız, ikinci gün biologiyadan 25 suala düzgün cavab yazmış abituriyent ilk imtahan günü verilən suallara cavab yazmağa başlayıb və cəmi 17 suala cavab yazıb. Eyni abituriyent, eyni qrup, eyni fənn, ancaq asanlıq-çətinlik dərəcəsinə görə fərqli suallar. Bu, necə ola bilər və belə etməkdə məqsəd nədir? Bilik toplamaq həvəsinin öldürülməsi Uzun sözün kəsəsi, DİM son iki ildə abituriyentlərə qarşı yeritdiyi siyasətə açıqlıq gətirməlidir. Standartlar nədən dəyişib? Qurumda anlamalıdırlar ki, 3 il sərasər, hər şeyi oxuyaraq, usanmadan çalışaraq bilik toplayan gənclər öz potensiallarından  4 bal belə az toplayanda stress yaşayır, dərin məyusluğa qapılırlar. Onlar arzu etdikləri universitetə daxil olsalar da özlərinə inamları sarsılır, biliklərinə, çalışqanlıqlarına güvənləri zəifləyir. Bu, elmə, təhsilə həvəsə də sarsıdıcı zərbə vurur. Əvvəlki illərdə daha çox bal toplamaq, konkret olaraq 690-700 bal uğrunda yarışma gedirdisə, hər il daha çox abituriyent “mən də o zirvəni fəth edəcəyəm” deyə bilik dəryasına baş vururdusa, indiki düşüncə “onsuz da xeyri yoxdur, o qədər çətinləşdiriblər ki, heç istədiyimiz yerlərə düşə bilməyəcəyik”dir. Bəlkə məqsəd elə budur: köçürmələrdən qazanmaq? Daha bir neqativ tendensiya barədə. Budur, saytlarda informasiya var ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi avqustun 23-də başa çatıb və ümumilikdə 9 min tələbə köçürülüb. Bu, nə deməkdir? Əgər tələbə köçürülməsi bu qədər kütləvi olacaqdısa, onda DİM-in imtahan keçirməsinə nə ehtiyac var? Demək, imkanlı valideynlər öz savadsız, DİM-in standartları ilə keçid balını toplaya bilməyən övladlarını aparıb pul gücünə Ukraynda, Rusiyada, Belarusda, Türkiyədə və başqa “yolayaxın” ölkələrdə “kitayski” universitetlərə qəbul etdirəcəklər, 1 ildən sonra hamının, eləcə də DİM-in başının üstündən gətirib, yenə də pul gücünə ölkənin ən prestijli universitetlərin ən yaxşı fakültələrinə yerləşdirəcəklər? Halbuki kasıbın balası o fakültədə oxumaq üçün ən azı 3 il gözünün yağını əridib, kasıb valideyni isə repetitora bir ətək pul ödəyib. Bu da ciddi haqsızlıq və əyintidir. İmtahanlarda az bal toplayan gənclər sonradan ən yaxşı ixtisaslara yiyələnməməlidirlər. Bu, sadəcə, baha qiymətə diplom almaq deməkdir. Çıxış yolu Gənclərə qarşı bu qədər tələbkarlıq etməzdən öncə ölkədə 11 illik təhsili bərpa etmək, məktəbləri dünya standartlarına uyğunlaşdırmaq, fənləri məktəblərdə tədris etməyə başlamaq, “bunker müəllimləri” institutunu ləğv etmək, bilik qiymətləndirmə prosesini sadələşdirmək, gündə bir hoqqa çıxararaq, prosesi qəlizləşdirməmək, tələbə köçürmələrini minimuma endirmək lazımdır. Bir düşünək ki, test üsulu ilə tələbə qəbulu institutunu ölkəmizə gətirib tətbiq edən prezident Əbülfəz Elçibəy və ilk TQDK sədri Vurğun Əyyub milyonlarla insanın rəğbətini, rəhmətini qazandığı halda, indi bu işin başında duranlar nədən qarğış yiyəsi olmaqdadırlar.

bottom of page