top of page

"PAŞA Həyat getdikcə IT şirkətinə çevriləcək"


Azadpress.az "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılovun "APA-Economics" -ə verdiyi müsahibəsini təqdim edir.


-Niyaz müəllim, 2023-cü ilin sonuna PAŞA Həyat hansı məqsədlərinə çata bilib? Yadda qalan məqamları vurğulayardınız.

- 2023-cü il PAŞA Həyat’ın cari strateji dövrünün sonuncu ilidir. Xüsusi qeyd etmək istərdim ki, ən uğurlu illərimizdən biri olub. İlk olaraq rəqəmlərlə bağlı demək istəyirəm – biz nəinki həyat sığortası bazarında, o cümlədən ümumi sığorta bazarında mənfəət üzrə rekord bir nəticəyə gəlib çatmışıq. Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) göstəricilərinə əsasən ilin sonuna mənfəətimiz 40 milyon AZN-dən çox olacaq.

Strategiyamızın sonuncu ilinin uğurlu olmasını proqnoz edirdik, çünki 2021-2022-ci illərdə biznesimizdə xeyli işlər görülmüşdür, xüsusən də Agile transformasiya çərçivəsində müəyyən məhsulların inkişafı, proseslərin avtomatlaşdırılması, eləcə də Data Analitika sahəsinə kifayət qədər sərmayə qoyulmasını sadalaya bilərəm.

Ötən il bildirmişdik ki, Agile metodologiyasını ənənəvi struktur olan Satış departamentində tətbiq etməklə yığımlarda 25%-ə yaxın artım əldə etmişik. Ümumiyyətlə, Agile metodologiyasını bəzi arxa ofis strukturlarının proseslərində tətbiq etdik və nəticələr uğurlu olduğundan artıq növbəti illərdə digər strukturlarda da sözügedən metodologiya tətbiq olunacaq.

Məhsullar üzrə qeyd edə bilərəm ki, PAŞA Həyat cəmi 4 məhsulla təqdirəlayiq nəticələr əldə edib və ilin sonuna mənfəət üzrə yeni rekorda imza atıb. Digər könüllü növ məhsulların inkişafı istiqamətində işlərin icrası üçün laboratoriya yaradılıb və nəticə olaraq Korporativ Həyat Sığortası məhsulu üzrə 7,5 milyon AZN sığorta yığımları əldə olundu. Bu onun göstəricisidir ki, könüllü növ məhsullar üzrə inkişafın təməli artıq qoyulub və növbəti illərdə də satışların artırılmasına doğru gedəcəyik.

Həmçinin 2023-cü ildə PAŞA Həyat Naxçıvan nümayəndəliyinin açılışını elan etdi. Naxçıvan nümayəndəliyi portfelimizə daha çox İcbari sığorta sahəsi üzrə təsir göstərəcək, növbəti illərdə isə biz bu bölgədə digər könüllü məhsul növlərinin üzərində də işləyəcəyik.

Dövlət sahəsində ekosistemin təkmilləşdirilməsi çərçivəsində PAŞA Həyat və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müvafiq sistemləri ilə inteqrasiya işlərinə başlanılıb. Bu təşəbbüs yalnız PAŞA Həyat tərəfindən icra olunub. Belə ki, sığorta hadisələrinin araşdırılması üçün öncə 10 gündən artıq vaxt tələb olunurdusa, indi bu prosesin icrasına 10 dəqiqə vaxt sərf olunur. Bu da öz növbəsində həm müştəri məmnuniyyətinin artmasına, həmçinin insan resurslarının optimal istifadə olunmasına dəstək olur.

Optimallaşdırmaya toxunmuşkən bunu da qeyd edim ki, biznes proseslərimizin optimizasiyası məqsədilə yeni sistemlər qurulub. Müştəri məmnuniyyəti bizim üçün birinci dərəcəli məsələdir. Yeni müştəri cəlb edilməsi zamanı satış prosesinin yerində icra edilməsini ehtiva edən Lidlərin (müştəri məlumatları) idarəolunması sisteminin (Lead Management system – LMS) bu ilin sonu icra edilərək növbəti ildən artıq fəaliyyət göstərməsi planlaşdırılır. Belə ki, satış prosesində müqavilələrin bağlanması prosesi 1 gün ərzində həyata keçirilirdisə, artıq müqavilələr həmin anda bağlanılacaqdır.

Müştəri məmnuniyyəti çərçivəsində Müştərilərlə Münasibətlərin idarə olunması sistemi (Customer Relationship Management – CRM) quruldu. Bu sistem vasitəsilə müştərilərin istənilən sorğularının birinci zəngdən həll edilməsini hədəfləmişik.

İnformasiya texnologiyaları və şəbəkə arxitekturası sahəsində müəyyən yol xəritəmiz var idi, cari il xəritə üzrə işləri tamamladıq. Data Anbarının (Data Warehouse) qurulması üzrə yeni strukturu müəyyən etdik. 2024-cü ildə əsas hədəflərimizdən biri yeni tətbiq olunmuş texnologiyalara artıq miqrasiya etməkdən ibarət olacaq.

Yeni sistem və texnologiyaların tətbiqi softların daha keyfiyyətli olması, səhvlərin daha az olması, resursların optimal bölgüsü, Agile komandalara texnoloji avtonomiyanın verilməsi və həmçinin ani sürətdə qərarların qəbul edilməsi kimi müsbət nəticələrə gətirib çıxaracaq.

Həmçinin biznes proseslərinin daha effektiv təşkil edilməsi məqsədilə Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) sistemini tətbiq etmişik. Artıq bəzi proseslər avtomatik qaydada kompüter proqramları tərəfindən icra olunur.

Qeyd etdiyim məqamlar 2023-ci il üzrə, yəni PAŞA Həyatın 2021-2023 strateji dövrünün sonuncu ili üzrə əldə edilənləri ehtiva edir.

- 2021-2023 strareji dövrünüzü yekunlaşdırırsınız. Ümumi olaraq bu strateji dövr PAŞA Həyat üçün necə keçdi?

- 2021-2023 strateji dövr PAŞA Həyat üçün Rəqəmsal transformasiya dövrü idi. Bu müddət ərzində PAŞA Həyat’da rəqəmsallaşma, proses optimizasiyaları, innovasiyalar üzrə çoxsaylı işlər görüldü. Mənimlə hər il keçirilən müsahibələrdə sözügedən təşəbbüslərlə bağlı ətraflı məlumat paylaşmışdım.

Növbəti strateji dövrdə minimum resursla maksimum gəlir əldə edilməsini hədəfləmişik. Bu o deməkdir ki, rəqəmsallaşma üzrə daha da çox işlər görəcəyik, bazar tələbatına və mühitinə, müştəri ehtiyaclarına uyğun olaraq təkmilləşəcəyik. Burada əsas məsələ təməl sistemin qoyulması idi və bu da 2021-2023 strateji dövründə artıq icra olunub.

Belə ki, növbəti strateji dövrdə minimum resursla göstəricilərimiz üzrə rəqəmləri maksimum artırmaqla deyə bilərəm ki, PAŞA Həyat getdikcə bir IT şirkətinə çevriləcək.- Bilirik ki, "PAŞA Həyat"da şirkətdaxili mədəniyyətə xüsusi fikir verilir. Bu, biznesə necə təsir göstərir?

- Bəli, şirkətdaxili mədəniyyət biznes üçün çox önəmlidir. PAŞA Həyat bazarda çox azsaylı şirkətlərdəndir ki, İşçi Bağlılığı (Employee Engagement) layihəsini icra edib. Öncəki müsahibələrimdə korporativ mədəniyyətin, sağlam iş mühitinin dərəcəsini müəyyən edən Təşkilati Sağlamlıq indeksini ölçməyimizi qeyd etmişdim. Bu sorğu ilə şirkətdaxili mühitin və mədəniyyətin nə qədər sağlam olduğunu aydınlaşdırırıq. Şirkətdə sağlam mühitin formalaşması onun uğuruna düz mütənasibdir. İndi isə, layihə çərçivəsində keçirdiyimiz “Employee Engagement” sorğusu vasitəsi ilə biz daha detallı, öncədən görmədiyimiz məqamları da müəyyən edə bildik. Sorğunun nəticələri əsasında İdarə Heyəti üzvlərinin iştirakı ilə kurasiya üzrə vorkşoplar keçirilir, müəyyən edilmiş problemlər üzrə öhdəliklər götürülür.

Həmçinin Patrik Lensioniyə görə bir şirkətə təsir göstərə biləcək “Komandanın 5 Disfunksiyası” yanaşması üzrə layihəni həyata keçirdik. Bu layihə İdarə Heyəti üzvləri arasında icra olundu və geribildirim mədəniyyətinin inkişafı, komanda şəklində daha effektiv işləmə yönündə töhfə vermiş oldu. Nəzərdə tutulur ki, növbəti strateji dövrdə bu yanaşma artıq strukturlarda da tətbiq olunacaq.

Beləliklə, şirkətdə sağlam mühitin və sağlam mədəniyyətin yaradılması vacib bir vasitədir. Bunsuz heç bir nailiyyətdən danışmaq olmaz.

- Bildiyimiz qədər, şirkətdə əməkdaşların inkişafına da çox böyük önəm verilir. Bir peşəkardan gözləntiniz nədir?

- Növbəti strateji dövrdə böyük və prioritetdə olan təşəbbüslərimizdən biri İstedadların İnteqrasiyası layihəsidir. Bu layihə çərçivəsində biz işəqəbul sistemində yeni metodologiyalar tətbiq edəcəyik, o cümlədən İstedadların formalaşması naminə rəhbər şəxslərdə yeni kompetensiyaların üzərində işləniləcək və təkrar qiymətləndirmələr həyata keçiriləcək, buna əsasən də müvafiq əməkdaşlar üzrə inkişaf proqramları tətbiq olunacaq. Növbəti strateji dövrün ambisiyalı hədəflərinin həyata keçirilməsi üçün İstedadların olması vacibdir, çünki minimum resursla maksimum gəlir əldə etmək İstedadların sayəsində mümkün ola bilər, həmçinin İstedadların olması sağlam biznes mühitinə də təkan verəcək.

- Şirkət olaraq bazarda katalizator və yenilikçi şirkət olmağı məqsəd qoymusunuz. Buna necə nail olmağı düşünürsünüz?

- Bəli, bu məqsədə çatmaq üçün şirkətdə bəzi istiqamətlər üzrə daha da təkmilləşməyi hədəfləmişik. Bu istiqamətlərdən biri Müştəri Təcrübəsidir (Customer Experience). Müştəri təcrübəsi - müştərinin bizim şirkətlə ilk tanış olduğu andan etibarən və bütün növbəti dövr ərzində ehtiyaclarına uyğun olaraq keçdiyi təcrübəni əhatə edir. Müştəri təcrübəsi (CX) transformasiyası artıq biznes dünyasında rəqabətdə üstünlük əldə etmək üçün ən vacib alətlərdən biri halına gəlib. Çünki hazırda texnologiyanın inkişafı ilə müştərilərin tələbləri də artıb: onlar məhsuldan sadəlik, rahatlıq və sürət gözləyirlər, yüksək xidmət və onların ehtiyaclarını qarşılayacaq məhsullar gözləyirlər.

Digər istiqamətlərdən biri isə Data mədəniyyətinin formalaşması - məlumatlara əsaslanan qərarların verilməsi; şirkətimizdə Satış və arxa ofisdə tətbiq olunan Agile metodologiya; İnnovasiya – innovativ mühitin daxildə yaradılması, əməkdaşları yeni ideyaların və məhsulların üzərində işləməsinə sövq edilməsi bizim PAŞA Həyat olaraq bazarda katalizator rolunu oynamağımız üçün icra olunan hədəflərdəndir.

- Yeni strateji dövrə keçid edirsiniz. Növbəti il üçün hədəfləriniz nədir? Şirkət baxışında dəyişiklik olacaqmı?

- Bəzi təşəbbüslər haqda danışdım, lakin bir şeyi qeyd edim ki, bütün bu sadalanan addımlar xüsusi yanaşma çərçivəsində həyata keçiriləcək. Bu yanaşmanı biz 3 mühüm məqam əsasında formalaşdırmışıq - bizi ruhlandıran hədəf, güclü tərəfimiz və bunlara əsaslanan iqtisadi modelimiz. Yəni PAŞA Həyat olaraq müştəriyə göstərilən ideal xidmətdən həzz alırıq, güclü tərəfimizin Müştəri Təcrübəsi olduğuna inanırıq və bütün təşəbbüslər bu iqtisadi model üzərində artıq qurulub. Bu iqtisadi modeldə biznes fəaliyyətini ölçmək üçün bir işçiyə düşən gəlir hesablanacaq.


- Gələcəkdə həyat sığortası bazarının hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırırsınız?

- Son vaxtlar requlyatorun (Mərkəzi Bankın) apardığı yeni təşəbbüslər nəticəsində ümumi sığorta bazarının işkişafına çox böyük inamım var, çünki requlyatorun özü bazarın inkişafında və maliyyə sabitliyinin təmin edilməsində çox proaktivdir - sıx konskturktiv müzakirələrin olması, bütün müraciətlərin sürətli cavablandırılması bunun bariz göstəricisidir.

Əlavə olaraq digər bir müsbət məqamı da vurğulayım ki, requlyatorun təşəbbüsü ilə banklar və sığorta sahəsi tarixində ilk dəfə olaraq Bank-Sığorta modeli yaradılmışdır. Azərbaycan Sığortaçılar Assosasiyası və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində vahid işçi qrupu yaradılmışdır və bank kanalları vasitəsilə satışlar həyata keçirilməsi üçün işlər planı hazırlanıb. Bu öz növbəsində sığorta mədəniyyətinin artımına dəstək olacaq, həmçinin könüllü növ məhsulların inkişafında da biləvasitə rol oynayacaq.

- Şirkətin cari il üçün Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüsləri haqqında ümumi məlumat verə bilərsinizmi?

- Əlbəttə. Korporativ Sosial Məsuliyyətə sadiqliyimiz şirkətimizin dəyərlərinin təməl daşı olaraq qalır və mən bu il KSM təşəbbüslərimizdən bəzi əsas məqamları bölüşmək istərdim. Cari ildə diqqətimiz üç əsas sahəyə yönəlmişdir: cəmiyyətimizdə müvafiq sahələrə dəstək olmaq, mədəni irsi qorumaq və idmanın inkişafına töhfə vermək.

Birincisi, biz fəaliyyət göstərdiyimiz cəmiyyətləri dəstəkləmək üçün səylərimizi davam etdirmişik. Bayramlar ərəfəsində Beynəlxalq Qızıl Aypara cəmiyyəti ilə birgə əhalinin bütün təbəqələrini diqqət mərkəzində saxlayaraq sosial aksiyalar keçirmişik və buna görə "Fəxri fərman"la təltif olunmuşuq. Şəhid övladlarını daim diqqətdə saxlayaraq uşaqların parlaq gələcəyi naminə PAŞA Sığorta ilə birgə Naxçıvanda bütün muxtar respublikanın qazi və şəhid övladları üçün 1 iyun tarixində xüsusi tədbir həyata keçirmişik. Bundan savayı, bu il 300-dən çox şəhid övladı üçün "YAŞAT" düşərgəsinin təşkilində dəstək olmuşuq.

Həmçinin cari ildə PAŞA Həyat idman inkişafına dəstək verərək Səbail PFKAzərbaycan Boks Federasiyası ilə tərəfdaşlıq etməyə başlayıb, Sumqayıt FK ilə isə 8 ilə yaxındır ki, artıq tərəfdaşıq. Mədəni irsə olan töhfəmizdən isə qeyd edim ki, PAŞA Həyat 10 ildən çoxdur ki, İRS Nəşriyyat evi ilə birgə əməkdaşlıq edir və Azərbaycan tarixinə və mədəniyyətinə aid beynəlxalq miqyaslı kitablar nəşr edir. Bu il yeni kitablarımızın -"Gizli ölüm toxumları", “Dirçəliş. Başlanğıc””, türk dilində olan “Şuşa. Eziz şehir”, “Şirvanşahların minilliyi”, “Kəlam və Fırça” həm Azərbaycanda, Türkiyədə, həm də İtaliyada təqdimatlarını həyata keçirdik.

- Sonda demək istədiyiniz.

- Builki nailiyyətləri yekunlaşdıraraq fədakar komandamıza, sadiq müştərilərimizə və dəyərli tərəfdaşlarımıza dərin təşəkkürümü bildirmək istəyirəm. Biz birlikdə mühüm uğurlara imza atmışıq və Sizin inamınız bizim uğurumuzun təməl daşı olub. Səyahətimizdə iştirak etdiyiniz üçün təşəkkür edirik. Qarşıdan daha bir rifah və ümumi uğur dolu il gəlir.

Mən hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, həmrəyliyimizin daim yüksək səviyyədə olmasını arzu edirəm. Həmçinin Yeni İl bayramı münasibətilə də həmvətənlərimizi təbrik edirəm! Qoy yeni il hamımız üçün sevinc, uğurlar və yeni imkanlarla dolu olsun.

Comments


bottom of page