top of page

Paşinyan Ermənistanı Moskvadan qoparıb Avropaya apara biləcəkmi?




Ermənistanla Avropa Birliyi (AB) arasında imzalanmış Tərəfdaşlıq Sazişi martın 1-dən qüvvəyə minir. Avroatlantik məkana inteqrasiya yolunda əhəmiyyət daşıyan bu razılaşma hələ keçmiş prezident Serj Sərkisyan dövründə imzalanıb.

Lakin bu müqavilənin bağlanmasından az sonra ölkədə inqilabi şərait yetişdi və Sərkisyan rejiminə son qoyuldu. Hakimiyyətə küçədən gələn Nikol Paşinyanın AB-lə əlaqələrin inkişafında maraqlı olduğu aydın məsələdir. Qərbpərəst siyasətçi kimi xarakterizə olunan Paşinyanın Ermənistanı Avropaya yaxınlaşdırmaq yolunda bu sazişlə bağlı öhdəlikləri Rusiya ilə nataraz münasibətlər fonunda necə yerinə yetirəcəyi suallar doğurur.

Çünki Qarabağ müharibəsindən sonra hərbi kapitulyasiyaya imza atmış Ermənistanın müttəfiqi Rusiyadan qopmaq cəhdləri tam baş tutmadı. Ona görə AB ilə yaxınlaşmada yeni mərhələ Paşinyan hökumətinin Moskva tərəfindən yeni təzyiqlərlə üzləşməsi ilə müşayiət oluna bilər.

Bununla belə, qonşu ölkədə Tərəfdaşlıq Sazişinə çəhrayı ümidlər bəsləyirlər. Erməni siyasətçilər nicatı AB-yə inteqrasiyada görürlər. Bununla həm Ermənistanın iqtisadi cəhətdən dirçəlişinə ümid edilir, həm turizm sektorunda inkişafa səbəb olacağı gözlənilir, ən əsası demokratiya yolunda, Kremlin orbitindən ayrılmaq istiqamətində ciddi siyasi dəyişikliklərə gətirib çıxaracağı ehtimal edilir.

Bəs bu sənədin qüvvəyə minməsi böhranın dibində olan Ermənistan üçün nə deməkdir, iqtisadi dividentlər baxımından ona nə verə bilər? Dağlıq Qarabağ mövzusunda İrəvanın spekulyativ manevr imkanları genişlənə bilərmi? Qərb Gürcüstandan sonra Ermənistanı da Moskvanın nəzarətindən çıxara biləcəkmi? Bütövlükdə Rusiya ilə müttəfiqlik əlaqələrində olan ölkə üçün AB ilə yaxınlaşma hansı perspektivlər vəd edir?

Siyasi təhlilçi Züriyə Qarayevanın “Yeni Müsavat”a dediyinə görə, fevralın 10-da AB Ermənistana, 2017-ci il noyabrın 24-də bu ölkə ilə imzalanan Tərəfdaşlıq Müqaviləsinin radifikasiya prosesinin başa çatdığı barədə məlumat göndərib: “Brüsseldə imzalanan sənədə görə, Şərq Tərəfdaşlığı Ermənistanın Avropa Birliyi ilə münasibətini yeni müstəviyə çıxarmalıdır. Lakin Paşinyanın Rusiyanı bərk qəzəbləndirən ”İsgəndər" raket kompleksi barədə məlum açıqlaması İrəvanda situasiyanı gərginləşdirib. Bundan öncə də Paşinyan Rusiyanı qıcıqlandıran bəyanatlar vermişdi. Lakin Tərəfdaşlıq müqaviləsinin qüvvəyə minəcəyi martın 1-i ərəfəsində Paşinyanın son bəyanatı Rusiyanı hərəkətə keçməyə məcbur etdi. Ona görə Paşinyanı cəzalandırmaq istəyən və Rusiyanın təsirini hiss edən baş qərargahın yüksək rütbəli 40 zabiti istefa verdi. Bu isə respublikanın hərbi çevriliş astanasına gəldiyi deməkdir. Düşünürəm ki, Rusiyanın çoxdan Paşinyanı cəzalandırmaq planı stolun üstündədir".

Ekspert sözlərinə görə, sadəcə 9 noyabr və 11 yanvar razılaşmalarının, eləcə də Qarabağda Azərbaycan ordusunun zəfəri ilə dəyişən status-kvonun qarantı kimi Rusiya Paşinyanı əvəz edəcək alternativ axtarışında idi: “Sözügedən müqavilənin effektiv yerinə yetirilməsi Ermənistana demokratiyanı, siyasi-iqtisadi və sosial sabitliyi, irimiqyaslı reformlar isə vətəndaşların rifahına yüksəlişi gətirməlidir. Rusiyanı qane etməyən ordu strukturlarında aparılmalı olan köklü dəyişikliklər bəndi Ermənistan baş qərargahında islahat tərəfdarları və Rusiyayönümlülərdən ibarət iki hissəyə ayırdı. İrəvandakı Azadlıq meydanında Paşinyan tərəfdarları və müxalifət tərəfdarları da toqquşma həddindədir. Fikrimcə, Qarabağla bağlı sazişləri də, Avropa Birliyi ilə imzalanan müqaviləni də Ermənistan yerinə yetirmək məcburiyyətindədir. Güman olunan hərbi çevrilişlə hakimiyyətə gələcək Rusiyayönümlü hökumət də böyük üstünlüyə malik olan Paşinyan tərəfdarların qoruyub saxlayacağı hökumət də Qarabağdakı indiki status-kvonu dəyişməyəcək. Çətinliklə də olsa, hadisələrin ikinci xətlə cərəyan edəcəyinə əminəm”.

Emil SALAMOĞLU.

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page