top of page

Paşinyan niyə müharibəyə can atır?



Ermənistan var gücləri ilə çalışır ki, danışıqlar prosesini pozsun. Paşinyanın himayəsi altındakı qondarma rejim də buna can atır.

Bunu Axar.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov Dağlıq Qarabağdakı qondarma rejimin “başçısı” Araik Arutunyanın “danışıqlara yox, müharibəyə hazırlaşmaq lazımdır” bəyanatına münasibət bildirərkən deyib. Səməd Seyidovun fikrincə, işğalçı dövlət və onun himayəsindəki qondarma rejim sabitliyi pozmağa hazırlaşır:

“Onlar beynəlxalq güclərə mesaj göndərmək istəyirlər ki, guya təhlükə altındadırlar. Bu nöqteyi-nəzərdən, Arutunyanın dediklərində qeyri-adi heç nə yoxdur. Bu ilin iyul hadisələri də göstərdi ki, ermənilər təxribatlara can atır”.

Səməd Seyidov bildirib ki, bu gün söhbət başqa tərzdə getməlidir:

“Söhbət ondan getməlidir ki, bu gün Ermənistanın içərisində gedən proseslər onları müharibə etməyə, hansısa təxribatlar törətməyə vadar edir. Çünki onlar faktiki hakimiyyəti hər hansısa formada saxlamağa çalışırlar. Səbəbi odur ki, Ermənistanda müxalifət ciddi şəkildə baş qaldırıb. Üstəlik, sosial problemlər öz həllini tələb edir. Keçmiş prezidentlər Köçəryan və Sarkisyanın bəyanatlarına baxsanız görərsiniz ki, Ermənistanda ciddi siyasi savaş gedir. Məhz bu səbəbdən Ermənistandakı və işğal altındakı ərazilərimizdəki qondarma rejim diqqəti yayındırmaq istəyir".

Deputat bildirib ki, indiki durumda Ermənistanda heç bir halda sülh sərf etmir:

“Ona görə də Arutunyan və başqaları bu kimi bəyanatlar verirlər. Əslində bunların müharibə aparmağa, təkbaşına bu işləri görməyə gücləri yoxdur. İkinci səbəb odur ki, Ermənistan həmişə Rusiyanın plasdarmı olub. Rusiya həmişə bunlara yardım göstərib. Onlar bu cür bəyanatlarla Rusiyadan növbəti dəfə Ermənistana silah göndərməsini istəyirlər. Çağırışları isə bu cür edirlər. Bunların hamısı bizi düşündürməyə vadar etməlidir”. Azadpress.az

תגובות


bottom of page