"Paşinyan o kritik mərhələni normal ötüşdürə bildi"



“Ermənistanın məğlubiyyəti 30 ilə yaxındır aparılan siyasətin məğlubiyyətidir” Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə etirazlar getdikcə səngiyir. 44 günlük müharibədə sarsıdıcı zərbələr alan erməni cəmiyyəti kapitulyasiya sənədinə imza atan baş nazirə qarşı çox aqressiv davranırdı. Üstəlik, müxalifət də koalisiya yaradaraq Nikolu kürsüsündən aşırmağa çalışırdı. Ancaq reallıq budur ki, yeni təqvim ilində elə bir yaddaqalan aksiya olmayıb. Belə görünür, Paşinyan bütün təzyiqlərə rəğmən, öz kreslosunu qoruya bildi. Ancaq bu, hansı müddətədək davam edəcək?

Politoloq Tofiq Abbasovla söhbətimizdə əvvəlcə bu mövzudan başladıq: - Tofiq bəy, Ermənistanda aksiyalar keçirilsə də, bu etirazların tələbləri sırasında daha Nikol Paşinyanın istefası yer almır. Sizcə, müxalifətin sükutu, loyal davranışı nəyin göstəricisidir? Bu, nisbi, “tufanqabağı” sakitlik ola bilərmi? Sizcə, bu ölkədə qış ayları üçün siyasi mübarizənin xarakteri necə olacaq? - Mən belə başa düşürəm ki, yox, bu, tufanqabağı, qasırğaqabağı sakitliyin təzahürü deyil. Əksinə, Ermənistanda ehtiraslar o dərəcədə qaynar vəziyyətdə idi ki, müxalif qüvvələr hamısı birdən buna qarşı qaxdılar, onlar bir o qədər də böyük güc toplaya bilmədilər. Nikol Paşinyan küçənin, meydanın ab-havasını yaxşı duyan adam kimi, dərhal anladı ki, onun əsas vəzifəsi ondan ibarət olacaq ki, öz partiyasının və “Mənim addımım” blokunun daxilində sapmalar olmasın. Bir-iki nəfər deputat mandatından imtina etdi və s. Ancaq bu proses kütləvi hal almadı. Digər tərəfdən də vəziyyət onu göstərdi ki, hətta sosial zəmində olan narazılıqlar da insanların küçələrə axışmasına səbəb olmadı. Ola bilsin ki, burada pandemiyanın tələbləri də öz rolunu oynadı. Ancaq birmənalı olaraq deyə bilərəm - bu, mənim subyektiv yanaşmamdır - Nikol Paşinyan taktiki baxımdan çevik tərpəndi. Anladı ki, birincisi, müxalif qüvvələr kütləni toplaya bilmədilər, digər tərəfdən onların öz aralarında narazılıqlar, ixtilaflar, didişmələr var. Yəni orda vahid bir qüvvə formalaşa bilmir. Nəhayət, Vazgen Manukyanın önə çıxması özü də çox suallar doğurdu. Məsələ heç onun səhhətində, yaşında deyildi. Ola bilsin ki, 74-75 yaşında olan adam çevik, sağlam, gümrah olsun. Məsələ başqa şeydədir ki, o, köhnə “baqaj”la, köhnə ideologiya ilə radikalizm üzərində qurulmuş, köhnəlmiş konsepsiyanı yenə də gündəmə gətirmək niyyətində idi. Artıq o konsepsiyanın Ermənistana hansı bəhrələri verməsi göz önündədir. Yəni Ermənistan ən azı 25 il o yolla getdi, qazancı nə oldu: 44 günlük müharibə, ordakı acı məğlubiyyət və bütün o paradiqmaların hamısının çökməsi. Bəzi hallarda “Qarabağ layihəsi” deyilir. Amma əslində ermənilərin həyata keçirtdiyi Qarabağ deyil, “miatsum”, yəni birləşmə layihəsidir. O prosesin özünün də çanağı Ermənistanın öz başında sındı. Onlar nə Qarabağda normal vəziyyət yarada bildilər ki, desinlər bəli, biz orda vəziyyəti tam idarə edə bilirik, nə də Ermənistanın özünün vəziyyəti normallaşdı. İnsanlar bir ucdan çıxıb getdilər, demoqrafik resurs azaldı və demokratik şərait də gərginləşdi. Ona görə də elə başa düşürəm ki, Paşinyan qasırğaya bənzər vəziyyətdə sakit bir küncdə oturub gözlədi, öz müşahidələrini davam etdirdi. Deyək ki, bölgəyə səfəri zamanı keşiş ona əl vermədi, “çıx, get burdan” dedi, bunlar hamısı xırda-para məsələlər idi. Təbii ki, ölkədə vəziyyət kövrəkdir, stabillikdən danışmağa dəymir. Ancaq mən elə başa düşürəm ki, Paşinyan o kritik mərhələni, kritik zolağı normal ötüşdürə bildi. - Bəs, Nikol Paşinyanı devirə bilməyən müxalifətin koalisiyası ona qarşı terror planını reallaşdıra bilərmi? Xatırladaq ki, ilk günlər belə təhdidlər də var idi... - O ola bilər. Onların ənənəsində belə bir şey var. Biz dəfələrlə görmüşük, hətta müasir tarixdə də bunların şahidi olduq: gülləbaranlar, parlamentdəki, küçələrdəki hadisə, insanların qəfildən itməsi və s. Ancaq mən elə başa düşürəm ki, Paşinyan da artıq gərgin şəraitdə bir siyasətçi kimi yetişə bildi. İndi bəzi məsələləri onun üstünə yıxırlar, ancaq Ermənistanın məğlubiyyəti iki il yarımlıq Paşinyan hökumətinin məğlubiyyəti deyil, 30 ilə yaxındır həyata keçirilən siyasətin məğlubiyyətidir. O siyasətin əsas mənfur daşıyıcıları Robert Köçəryandır, Serj Sərksiyandır, onun kürəkəni, ətrafı, onların Qarabağda qızışdırıb ortaya saldıqları quldur dəstələri, onların başçılarıdır, balasanyanlar, petrosyanlar, abramyanlar və bütün yanlardır. Ona görə də onlar hamısı kollektiv surətdə bu məğlubiyyətin həm günahkarları, həm də məsul şəxsləridir. Ona görə də kimisə məhkəməyə çəkmək mövzusu ortaya gəlirsə, burada tək Paşinyandan söhbət gedə bilməz. Ölkəni ümumiyyətlə, uçuruma aparan məhz o dağıdıcı, faşist ideologiyası idi ki, Azərbaycan o ideologiyanın və o ideologiyanın daşıyıcılarının başını əzdi. Ola bilsin ki, biz hələ siyasi dəhlizlərə toxunmuruq. Ancaq meydanda olanlar kimlər idi: həmin o mənfur, idbar siyasətçilərin səlahiyyətli nümayəndələri idi ki, Azərbaycan torpaqlarında at oynayırdılar, meydan sulayırdılar və az qala bizə hesab təqdim edirdilər ki, siz bizə filan şeyləri təhvil verməlisiniz, vəziyyətlə barışmalısınız. Bu proseslərin hamısının kökündə duran bir amil var ki, ədalət həmişə zülmə, şərə qalib gəlib. - Ermənistanda “saray çevrilişi” gözləniləndirmi? - İnanmıram. Çünki Paşinyanın ətrafında olan adamlar hamısı bir növ onun silahdaşlarıdır. Digər tərəfdən də onlar görürlər ki, Paşinyan prinsip etibarilə zəiflik göstərmədi. O hətta özündə cəsarət tapıb sözün düzünü də dedi. Yəni birincisi, onun Azərbaycanla Türkiyəyə jest etməsi və deməsi ki, biz gərək münasibətlərimizi normallaşdıraq, münasibətlərimizi yenidən quraq, bu, nə deməkdir? Bu, o deməkdir ki, mən mənfur siyasətdən əl çəkirəm, bizim xilas, nicat yolumuz ancaq budur. Bu baxımdan məncə, Paşinyanın o fikirləri ifadə etməsi, indi Azərbaycanın nümayəndələri ilə yüksək səviyyəli görüşlərə razılıq verməsinin özü böyük cəsarət tələb edirdi. Görürsünüz, xüsusi xidmət orqanlarının da rəhbərləri görüşüblər. Bu məsələ Təhlükəsizlik Şurasında açıqlanıb və qeyd olunub ki, bütün iclas iştirakçıları hamısı dinlənilən məruzəni razılıqla qəbul ediblər, hətta orda Azərbaycan nümayəndə heyətinə hədiyyələr də Ermənistandan gedib, Moskvada onları təhvil veriblər. Bu, nədən xəbər verir? Bu, ondan xəbər verir ki, bu proseslər hamısı Paşinyanın özünün razılığı ilə həyata keçirilir. Digər tərəfdən də onlar artıq öz paxırlarını, səhvlərini etiraf edirlər. Bununla da “0"dan başlamağa qərar verirlər. Yəni yeni bir səhifə açılmaq üzrədir. - Belə görünür ki, yaxın və orta perspektiv üçün Ermənistanda Paşinyanın birinci şəxs olması Azərbaycan üçün daha sərfəlidir, nəinki başqa birisinin, eləmi? - Bəli. Mən də elə zənn edirəm. Çünki Paşinyan yenicə fəaliyyətə başlayanda yadınıza gəlirsə, prezident İlham Əliyevlə iki dəfə ayaqüstü görüşləri oldu - Düşənbədə və Sank-Peterburqda. O, hətta xahiş etmişdi, möhlət istəmişdi ki, bizə imkan verin, mən bu proseslərin hamısına əncam çəkəcəyəm. Sonra gördü ki, ümumiyyətlə, torpaq qaytarmaqdır, kompromisə getməkdir, bu kimi ifadələr, tezislər Ermənistan cəmiyyəti, daha doğrusu, siyasi qüvvələr tərəfindən qəti qəbul olunmur. Hətta xatırlayırsınızsa, müharibə başladıqda, Azərbaycanın üstünlüyü özünü qabarıq şəkildə göstərən kimi, o parlamentdə çıxış etdi ki, nə deyirsiniz, istəyirsiniz qoşunları çıxartmaq, torpaqları qaytarmaq şərtilə barışığa gedək, nə deyirsiniz, hə, ya yox? Hamı “yox” dedi. Paşinyan hardasa özünü sığortaladı. Yəni mən təklif etdim, siz yox dediniz. Amma siz bilmirdiniz ki, bizim hazırlığımız lazımi səviyyədə deyil? Dediniz “yox”, mən bu yolla getdim, biz nəyə layiq idik, onu da aldıq, məğlub olduq. - İki il əvvəl Azərbaycan prezidentinə vəd vermişdi, möhlət istəmişdi, amma başqa yol tutdu. Yəni bu dəfə Paşinyan daha vədinə xilaf çıxmayacaq, yolundan sapmayacaq? - O vaxt Paşinyanı vadar etdilər ki, vədinə xilaf çıxdı. Gördü ki, daha onların qarşısını ala bilmir. Əsas məsələ o idi ki, Qarabağda öz adamı oturtsun. Bako Saakyandan sonra Araik Arutyunyanı oturtdu və gördü ki, başqa hava çalsa, ayrı bir musiqini səsləndirsə, bunu yeyəcəklər. Dedi, yaxşı, demirsiniz Qarabağ bizimdir? Qarabağ Ermənistandır, vəssalam. Nöqtə. Onun yadına saldılar ki, bu, nəinki nöqtə, heç vergül də deyil, bu, boşluqdur. Yəni məsələyə nöqtə, yaxud nida işarəsini sən yox, biz qoyacağıq. Biz də nidanı qoyduq, vəssalam. - Və bu gün Ermənistanda valideynlər etiraza qalxıb ki, övladları Qarabağa göndərilməsin... - Bəli. Deyirlər ki, siz onları artıq ölümə göndərirsiniz. Bu, artıq Ermənistanın son illər həyata keçirdiyi siyasətə “yox” demək anlamına gəlir. Çünki hərbi və siyasi baxımdan Ermənistan müflisləşib, uduzub, məğlub olub. Bizim Prezident demişkən, Ermənistanın hərbi potensialının 80 faizi artıq məhv edilib. Deməli, bu variant işləmir, alternativ tapılmalıdır. Alternativ nədir? İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan təklif verdilər ki, əgər ağlınız başınızdadırsa, sağlam təfəkkürlə yanaşırsınızsa, gəlin, qarışın, 6 dövlət bir yerdə sülh platforması yaradaq və əməkdaşlığı, qonşuluq siyasətini gücləndirək. - İlham Əliyev illər öncə “Ermənistan əsgərinin Qarabağda nə işi var” sualını vermişdi. Bu gün ermənilər özləri bu sualı rəhbərlərinə verirlər... - Bəli. Həm də burada bir həqiqət yenidən özünü qabarıq şəkildə göstərir ki, bütün Qarabağın “özünümüdafiə ordusu” və ilaxır kimi iddialar uydurma olub. Lap olsun 150 min nəfər əhali, bu sayda əhali Azərbaycan ordusu qarşısında duruş gətirmək üçün nə ordu yarada bilərdi? İndi İrəvandakı aksiyalar, valideynlərin etirazları onu göstərir ki, Qarabağın “özünümüdafiə ordusu” barədə deyilənlər hamısı uydurmalar idi. Heç bir Qarabağ ordusu yoxdur və Ermənistan ordusu bütün bu problemin yükünü öz üzərinə götürmüşdü. Azərbaycanın ərazisini işğal edən Ermənistan ordusu idi. Kəlbəcərdə biz bunu gördük. Heç qarabağlıların ayağı dəyməmişdi ora, Ermənistan tərəfindən Kəlbəcər işğal olundu. Torpaq iddiaları zəminində çalışırdılar bütün dünyanı aldatsınlar ki, burada Azərbaycanın heç bir haqqı-hüququ yoxdur, bu torpaqlar bizimdir və biz onu azad edirik, guya... Azərbaycan da dözdü-dözdü, axırda sözünü dedi. Vəssalam. Elşad PAŞASOY,

Musavat.com

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.