Paşinyan Rusiyanın adamına yeni vəzifə verdi



Paşinyan karantində oğluna toy etdiyinə görə işdən çıxarılan generala vəzifə verdi.


Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Artak Davtyan hərbi-sənaye kompleksi komitəsinin başçısı təyin edilib.


“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytı məlumat yayıb.


Qeyd edək ki, Artak Davtyan koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində iyunun 7-də oğluna toy eləmişdi. Həmin toyda 100-dən çox qonaq iştirak etmişdi.


Bu hadisə cəmiyyətdə böyük etiraz doğurmuşdu. Etirazlara cavab olaraq onun istefa verdiyi ehtimal edilir.


Artak Davtyan 1970-ci ildə anadan olub. 2018-ci il mayın 24-də baş qərargaha rəis təyin edilib. Ehtimal edilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan onu bu vəzifəyə çoxdan təyin etmək istəyirmiş. Ancaq fövqəladə vəziyyət rejimində oğluna toy eləməsi baş naziri çıxılmaz vəziyyətdə qoyub. Ona görə də N.Paşinyan istefasından 40 gün keçəndən sonra onu komitəyə başçı təyin edib. Müşahidəçilər bildiriblər ki, Davtyan toy hadisəsi ilə bağlı Ermənistan cəmiyyətində koronavirusa qarşı mübarizə tədbirlərinə ziyan vurub. Paşinyan etirazlar səngiyəndən sonra onunla bağlı ideyasını həyata keçirib.

Xatırladaq ki, Davtyanın yerinə Onik Qasparyan təyin olunub.

Qeyd edək ki, Davtyan 1990-cı ildə Moskva Ali Hərbi Məktəbini bitirib. 1995-1998-ci illərdə Frunze adına Rusiya Hərbi Akademiyasında təhsil alıb. 2005-2006-cı illərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasında oxuyub.

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.