top of page

"Paşinyan bütün davranışları ilə dünyada özünü rüsvay edir"


Son günlərin xüsusi ilə əhəmiyyətli hadisəsi şübhəsiz ki, Prezident İlham Əliyevin Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitindəki çıxışı oldu.


Çıxışının əhəmiyyətli hissəsini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edən Prezident İlham Əliyev həmişə olduğu kimi bu dəfə də hücum diplomatiyasına üstünlük verdi. Azərbaycan Prezidenti ölkəmizin haqq səsini bir daha nüfuzlu beynəlxalq platformadan səsləndirməklə Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. İlham Əliyev dünya ictimaiyyəti qarşısında ortaya qoyduğu tutarlı faktlar və dəlil-sübutlarla Ermənistanın faşizm ənənələrinə söykənən dövlət siyasətini yerlə yeksan etdi.


Dünyada öz gücü və qüdrəti ilə sayılıb-seçilən Azərbaycanla acınacaqlı durumda və dərin tənəzzüldə olan işğalçı Ermənistan əlbəttə ki, müqayisəyə gəlmir. Azərbaycan uzun illərdir ki, işğal və hərbi təcavüzdən əziyyət çəkməsinə baxmayaraq sosial-iqtisadi sahədə böyük nəticələr əldə edib. Ümumi Daxili Məhsul dəfələrlə artıb, yoxsulluq səviyyəsi minimuma enib. İndi Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Azərbaycan tezliklə Avropa ölkələrini qazla da təchiz etməyə başlayacaq. Yəni, saymaqla bitməyən bu uğurlara sahib olan gənc müstəqil ölkənin həll edə bilməyəcəyi heç bir problem yoxdur. Yeganə problem yalnız Dağlıq Qarabağ məsələsidir ki, bu da Ermənistanın qeyri-kontruktiv mövqeyi səbəbindən həll edilməmiş qalır. Çünki, bu, Ermənistanın dövlət siyasətidir. Baş nazir Nikol Paşinyan da bu siyasətə sadiq qalır, beynəlxalq arenada uğursuz çıxışları və səviyyəsiz replikaları ilə həmişə gülüş, lağ obyektinə çevrilir. Xüsusən də Prezident İlham Əliyevin hər dəfə Paşinyanı yerində oturtması, sarsıdıcı diplomatik zərbəsi ilə onu çətin duruma düşürməsi Ermənistanı bir dövlət kimi daha rəzil vəziyyətə salır.

Ermənistan Baş nazirinin videokonfrans zamanı tibbi maska taxması isə bir ayrı aləmdir. Paşinyanın gülüş və ikrah doğuran bu ucuz, yersiz maska şousu onun beynəlxalq aləmdə onsuz da olmayan nüfuzunu heçə salır, şəxsiyyətini təlxəklik simvolu kimi xarakterizə edir. Erməni Baş nazir hələ də anlamır ki, kamera qarşısında tək oturub və əgər yaxınlığında heç kim yoxdursa maskadan istifadə lazım deyil. Özü də Paşinyandan başqa heç bir dövlət başçısı maska taxmadığı halda. Sammit zamanı ingiliscə bərbad danışığı, çıxışını kağızdan oxuya bilməməsi və sonda məcburən ermənicə danışmağa başlaması, rabitəsiz, məntiqsiz, bütövlükdə yalan və iftiralarla zəngin nitqi Paşinyanın əsl mahiyyətinin göstəricisidir.

Beləliklə, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə çətin vəziyyətə düşdü və özünü biabır etdi. Tam əminliklə demək olar ki, Nikol Paşinyan bu qeyri-peşəkar və məntiqsiz davranışları ilə beynəlxalq aləmlə yanaşı öz ölkəsində də böyük qınağa tuş gəlib, gülüş hədəfinə çevrilib. Erməni cəmiyyəti yenə xəcalət və utanc içindədir.


Sahil Kərimli,

Trend İnformasiya Agentliyinin baş redaktor müavini

bottom of page