top of page

Prezidentin son müsahibəsinin təhlili


Prezidentin yerli televiziyalara müsahibəsində Qarabağla bağlı çıxışında əsas göndərmələr Ermənistan rəhbərliyinə ünvanlansa da, xalqa verilən mesaj da olduqca net və dəyişməzdir: “Qarabağ Azərbaycandır. Nida!”

Azərbaycan prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsinin əlbəttə ki, bir neçə müxtəlif istiqmətlərdə təhlili vacibdir. Ümumi olaraq qısaca onu demək olar ki, son müsahibə bir daha Prezidentin bölgənin geosiyasi vəziyyəti haqda, eləcə də diplomatiya, iqtisadiyyat, sosial rifah və sair haqqında olduqca aydın və geniş məlumatlara sahib olmasını göstərdi.

Prezident müsahibəsinin əsaslı bir hissəsini Qarabağ probleminə həsr etdi. Prezidentin məhz münaqişə ilə bağlı çox əhatəli çıxışını şərti olaraq dörd hissəyə bölmək mümkündür: münaqişənin başlaması tarixi, Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, Ermənistan rəhbəri Nikol Paşınyanın təxribatçı siyasəti, münaqişəyə bəzi dövlətlərin baxışları.


Prezidentin yada saldığı iki ad: Qorbaçov və Volski...

Prezidentin münaqişənin başladığı dövrlə bağlı tarixə ekskursu əlbəttə ki, səbəbsiz deyil. 1989-cu ilin sentyabrın 18-dən 21-ə qədər erməni təxribatlarının mərkəzi olan Xankəndi şəhərində 63 azərbaycanlının evi yandırılıb, 270-dən artıq ev qarət olunub, yüzlərlə azərbaycanlı fiziki təzyiqə məruz qalıb, minlərlə azərbaycanlı öz doğma yurdunu tərk etmək məcburiyyəti ilə üzləşib. Münaqişənin ilk alovları isə 1987-ci ilin oktyabrında-Heydər Əliyev SovİKP MK-nın Siyasi Bürosundan uzaqlaşdırılandan iki həftə sonra başlamışdı.

Prezident Qarabağla bağlı çıxışının ilk bölümündə bu barədə danışıb. İ.Əliyev deyib ki, Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili ermənilərə uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməyib. Yalnız SSRİ rəhbəri Mixail Qorbaçov H.Əliyevi Siyasi Bürodan uzaqlaşdırandan sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırıblar. Prezident Qorbaçovu “Azərbaycan xalqının cəlladı” adlandıraraq Dağlıq Qarabağda Xüsusi Komitənin yaradılması və Arkadi Volskinin rəhbər təyin edilməsini Qarabağın Azərbaycandan qoparılma planı kimi dəyərləndirib.

Prezidentin Qorbaçov və onun emissarı haqda dediklərini bir daha təsdiq etmək üçün 1988-də Moskvada SSRİ Ali Sovetinin 12-ci növbədənkənar sessiyasında Volskinin dediklərinin xatırlatmaq kifayətdir: “Qarabağ bərbad vəziyyətdədir… Bakı üçün o həmişə ögey olub… Milli məsələ tamamilə məhv edilmişdir… Qarabağ faktiki olaraq xarici aləmdən qoparılmışdır… Bakıda anti-erməni əhval-ruhiyə hökm edir…”. Təsadüfi deyil ki, Volskinin “idarəetməsi” vaxtında yuxarıda da qeyd etdiyimiz kimi, azərbaycanlılar o vaxt Xankəndindən vəhşiliklə çıxarılmışdı. Volski Qarabağdakı “xidmətlərinə” görə 1990-cı ildə SovİKP MK baş katibinin köməkçilərindən biri olmuş, erməni lobbisi tərəfindən mükafatlandırılaraq sonralar Rusiya Sahibkarlar İttifaqına rəhbərlik etmişdir. Prezident deyib ki, o zamankı Azərbaycan rəhbərliyi xalqa xəyanət edib və 366-cı alayın azərbaycanlılara qarşı etnik təmizləməsinin və torpaqlarımızın işğal altına düşməsinin qarşısını ala bilməyib.

İrəvanın taleyi həm Bakıda həll olunurmuş...

“Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik” deyən, dövlət başçısı fikirlərinə daha sonra bunları əlavə edib: “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir”.

İ.Əliyev Ermənistan rəhbərliyini danışıqlar prosesini pozmaqda, cəfəng bəyanatlar verməkdə, təxribat xarakterli addımlar atmaqda və məsuliyyətsizlikdə suçlayıb: “Əfsus ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, bugünkü rəhbərlik ölkələrini uçuruma aparır”.

Dövlət başçısı iki il əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə “küçə qəhrəmanlarının” taleyinin həm də Azərbaycanın əlində olduğuna açıq işarə edib. Sitata diqqət edək: “İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu, labüd idi. Çünki Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hissləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət hakimiyyətə gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdır ki, bu məsələni həll etmək istəyirlər, əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o əvvəlki yanlış siyasətə düzəliş edəcək”.

Dövlət başçısı deyib ki, o vaxt xahiş olunub, “onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək. Onlar danışıqlara meyillidir, məsələni həll etmək istəyirlər və xahiş edilirdi ki, atəşkəs rejimi möhkəmlənsin”.

Prezidentin sitatlarla verdiyimiz bu çıxışı əlbəttə ki, sensasion açıqlamadır və iki il sonra xatırlanması təsadüfi deyil. Əvvala, bu nəticə çıxır ki, İrəvanda “küçə qəhərmanları”nın taleyini təkcə xaricdəki “dayıları” həll etməyib, Azərbaycanın da ən azı...neytral mövqeyi vacib amil olub. Çünki o zaman Azərbaycanın ictimai rəyində “Ermənistandakı qarışıqlıqdan istifadə edib Qarabağda hərbi əməliyyatlar başlamaq” əhval-ruhiyyəsi də vardı. Amma Prezident məhz neytrallıq deyəndə, “kəmfürsətlik etmədik ki, Ermənistan xalqı həm onu talamış rejimdən qurtulsun, həm də hakimiyyətə nəhayət Qarabağla bağlı reallığı düzgün qiymətləndirənlərin gəlmək şansı qaçmasın” kimi izah etmək mümkündür. Sonradan o da məlum olub ki, Bakı həqiqətən də Paşinyana hakimiyyətdə möhkəmlənmək üçün də çox ciddi şans verib, belə ki, ordumuz Naxçıvan istiqamətində uğurlu Günnüt əməliyyatı keçirsə də, Bakı yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməyib.


Paşinyanın prezident kimi ilk dəfə qatıldığı 2018-ci ilin sentyabrın 28-də Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının toplantısında da Azərbaycan prezidentindən yenidən xahiş edilməsi rəsmi Bakının o zaman tutduğu səbrli siyasətin doğruluğuna dəlalət edir. Yəni bunların əksi baş versəydi, “Paşinyan iqtidara gəlsəydi, daha fərqli sutuasiya olacaqdı” deyərək, yaranmış vəziyyətə, danışıqların dayanmasına görə bunun məsuliyyətini beynəlxaq birlik Azərbaycanın da üzərinə qoyacaqdı. İndi isə rəsmi Bakının səbirli davranışı, Paşinyanın özünü ifşa etməsi, baş nazirin səsləndirdiyi “Qarabağ Ermənistandır” sərsəmləməsi, əslində onun da keçmiş xunta rəhbərləri kimi ağıllı siyasətçi olmadığını üzə çıxardı. Prezidentin çıxışının bu bölümündə adını çəkməsə də, bunları sadalayaraq və yada salaraq məhz Nikol Paşinyanın siyasi siması(zlığı)nı üzə çıxarmış olub.

Qarabağa qanunsuz köçün reklamı kimi ağılsızlıq

Erməni hakimiyyətinin “Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” avantürasına gəlincə, Prezident qəti olaraq deyib ki, “oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz”. Bəs, danışıqlar? Prezidentin bu məsələdə də mövqeyi açıqdır: “Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, biz yox, Ermənistan danışıqlardan çıxıb. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”. Qarabağa qanunsuz köçü az qala reklam edən Ermənistan hakimiyyətinin siyasətini Prezident “Cenevrə Konvensiyasına zidd cinayət, Şuşada qondarma rejim “rəhbərinə” guya andiçmə mərasimi keçirilməsini isə növbəti təxribat adlandırıb.

Dövlət başçısı bundan sonra Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq edib. “Baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və əgər istəsəydik, biz Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma axırı pis olacaq onlar üçün. İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu. O, ifadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib”. Prezidentin bu sitatlarına da diqqət edək: “İndi də onlar o məğlubiyyəti qələbə kimi qələmə vermək istəyirlər. Amma sual olunur, əgər bu, qələbədirsə, haradadır bu qələbə? Nədir onda bu qələbə? Bu, birincisi. İkincisi, əgər bu qələbədirsə, onda siz niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edirsiniz? Niyə hay-küy qaldırırsınız? Niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək istəyirsiniz?” Daha bir sitat: “Bu, bir daha onu göstərir ki, Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq”.

Dövlət başçısı Ermənistanın müstəqilliyinin formal xarakter daşıdığını, Ermənistanda söz sahibinin Soros olduğunu deyib. Prezident bunu konkret misallarla göstərib: “Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. Ermənistanda iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur?”

Prezident əlbəttə ki, bu barədə söylədiklərində də tam haqlıdır. Çünki Ermənistanda indi təkcə müxaliflər deyil, Paşinyan rejimində acından ölməyə məhkum edilmiş erməni xalqının əksəriyyəti də repressiyalara məruz qalır. Amma Ermənistanda baş verənləri Prezidentin də dediyi kimi, Qərb təsisastları görməzdən gəlir ki, bu da onların Azərbaycan qarşı ikili standartlardan çıxış etməsini sübut edir. Yada salaq ki, bu ilin martında “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident” “seçkiləri”ndə də bəzi təşkilatlar, o cümlədən Avropa Şurası və Avropa Parlamenti mövqe bildirməmişdi. Prezident isə bu susqunluğu sərt tənqid etmişdi: “Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur”.

Prezident Gürcüstanı nümunə göstərdi, “Türkiyə ilə birliyimiz sərvətimizdir” dedi

Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi haqqında suala cavab verən dövlət başçısı qısaca olaraq hər iki ölkənin prezidenti ilə telefon söhbətində narahatlığını ifadə etdiyini deyib. Prezident bu məqamda Gürcüstanın öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədiyini deyib, gürcü hökumətinə təşəkkürünü bildiririb. “Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər”. Dövlət başçısı Azərbaycanın hər zaman Gürcüstanına inkişafın, rifahının, sabitliyinin tərəfdarı olduğunu, Ermənistanın isə BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verdiyini deyib.

Ermənistanın müsəlman ölkələrində diplomatik fəallığına gəlincə, dövlət başçısı deyib ki, Azərbaycanı BMT-də ən çox dəstəkləyən müsəlman ölkələridir. Dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini təqdir edib. Bununla bərabər İ.Əliyev “hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin” deyib. Dövlət başçısının bu sitatı da diqqət çəkir: “Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq?”


Yeri gəlmişkən, Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri də məhz müsəlman ölkələri ilə əlaqələrdir. Azərbaycanın islamofobiyaya qarşı mübarizəsi, ölkəmizdə İslam həmrəyliyi ilə bağlı keçilən tədbirlər, İSESKO-da, İƏT-də fəal işi, Azərbaycan Prezidentinin beynəlxalq tribunalardan etdiyi çıxışları yada salmaq kifayətdir. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə olduğunu məmnunluqla ifadə edən, birgə hərbi təlimlərdən danışan Prezidentin bu sitatı da diqqət çəkir: “Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır. Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə , regional sabitliyə lazımdır. Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil- Ermənistan özü baş çıxarsın”. Dövlət başçısı yada salıb ki, Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var: “Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif qapıları döyüb yardım istəyirlər. Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək”.


Göründüyü kimi, Prezidentin Qarabağla bağlı çıxışı mühüm mesajlarla zəngindir. Əsas göndərmələr Ermənistan rəhbərliyinə ünvanlansa da, xalqa verilən mesaj da olduqca net və dəyişməzdir: “Qarabağ Azərbaycandır. Nida!”

bottom of page