Ukraynada Qərblə toqquşmaq provokasiyası Rusiya prezidentinin siyasi hakimiyyətinin sonunu tezləşdirə bilər.
Ukraynanın şərqində baş verən hadisələrin müharibəyə keçmək ehtimalı hər keçən gün daha da artır. Mümkün müharibənin Karib krizisi ilə müqayisə edənlərlə razılaşmaq olar. İki nüvə dövlətinin (SSRİ və ABŞ) 1962-ci ilin payızında düyməyə basacaq həddə qarşıdurması bu dəfə Kubada deyil, Şərqi Avropada-Ukraynada yaranmış kimi görünür. Qarşı-qarşıya duranlar isə yenə iki supergücdür-Rusiya və ABŞ.
Ukrayna münaqişəsində həlledici mövqe Rusiyaya (Putinə)məxsusdur, buna şübhə yoxdur. Moskva 7 il əvvəl Ukraynanın şərqindəki separatçılığa görə birbaşa məsuliyyət daşıyır. Krımın anneksiyası da əlbəttə ki, yaddan çıxmayıb, əgər müharibə başlasa, yarımadanın taleyi də gündəmə gələcək, orada da mümkün hərbi əməliyyatlar haqda artıq danışmağa başlayıblar. Bu isə daha da təhlükəli ssenaridir.
Moskvanın və Putinin nə planlaşdırdığını demək çətindir, Ukrayna ilə sərhəddə zirehli texnika yığmaq hələ heç nə demək deyil.
Beynəlxalq hüquq Ukraynanın tərəfindədir, Rusiyanın Donbasda rusdilli əhalinin taleyi ilə bağlı narahatlığını isə dünyaya yox, daxili auditoriyaya qəbul etdirmək mümkündür. Amma Rusiyanın əlini gücləndirəcək faktor da olmamış deyil-bu, ABŞ-ın və NATO-nun münaqişəyə fəal müdaxiləsidir. Ukrayna NATO üzvü deyil, Amerika ilə hansısa strateji müqavilələri isə yəqin ki, var. Amma bu, münaqişəyə fəal hərbi müdaxilə üçün kifayət deyil. Bu səbəbdən demək olar ki, Putin lokal döyüşlərin brində qələbə qazanıb hakimiyyətini gücləndirməyə ümid edir.
Comments