"Qarabağda erməni qalmayacaq"-Hərbi cinayətkar Ohanyan


"Azərbaycan qoşunları Şuşa ətrafındakı meşələrlə gələrək şəhəri mühasirəyə aldı. Onların böyük say üstünlüyü vardı və hava məkanı da əsasən PUA-lar hesabına qarşı tərəfin nəzarətində idi".

Azadpress.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

"Mənim də olduğum Komanda Məntəqəsini yalnız 10 saatlıq mühasirədən sonra boşaltdıq. Bu məqsədlə ki, bölmələrimiz qarşı tərəfi daha rahat atəşə tuta bilsin. Şəhərin xəyanətlə təhvil verildiyi doğru deyil. Şuşa ətrafında hələ də erməni döyüşçülərin qaldığı barədə deyilənlər şayiədir. Var qüvvəmizlə vuruşsaq da, məğlubiyyət qaçılmaz oldu. Ancaq bunda təkcə ordu yox, hərbi-siyasi rəhbərliyimiz və parlament də günahkardır. Onlar bu məğlubiyyətə görə cavab verməlidirlər" deyə keçmiş nazir bildirib.


Seyran Ohanyan döyüşlərin dayandırılması barədə razılaşmanı doğru addım adlandırıb: "Bu qərarı mövcud vəziyyət diktə etdi. İmzalanan sazişdə göstərilənlər bizim üçün çox pis nəticələr vəd edir. Bunların həyata keçməsindən yayınmağın yollarını isə mən bilmirəm. Əgər Ağdam və Kəlbəcəri təhvil vermədən indiki mövqelərdə qalsaydıq, onda Dağlıq Qarabağın lap əvvəlki (Sovet dövründəki - S.H.) sahəsi qədər bir ərazi əlimizdə qalmış olardı.

Amma sazişdəki şərtlərə görə bunlar da əldən çıxanda ərazi həddindən artıq daralır. Nəticədə Dağlıq Qarabağ Azərbaycanın içində, dəhlizi olan yığcam bir əraziyə çevrilir. Proses ona aparıb çıxaracaq ki, oralarda erməni qalmayacaq. Deməli, son nəticədə, sülhməramlıların fəaliyyəti faydasız olacaq".

Qeyd edək ki, Seyran Ohanyan son döyüşlərdə Şuşa və ətrafında vuruşan erməni bölmələrinin qeyri-rəsmi komandanı idi.

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.