top of page

Qaz sayğaclarının dəyişdirilmə səbəbi məlum oldu


Azəriqaz İB ev sahibinə xəbərdarlıq etmədən smart tipli sayğacı mexaniki sayğacla əvəz edib.


Azadpress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə qeyd edilib. Bildirilib ki, İB əməkdaşları sayğacı dəyişdirdikdən sonra qazı bağlayıb və ev sahibinə istifadə qaydası ilə bağlı məlumat, eləcə də sayğac nömrəsi verməyib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azəriqaz İB-nin mətbuat katibi Ceyhun Səfərov bildirib ki, sayğaclar dövlət yoxlanışı çərçivəsində dəyişdirilir:

“5 ildən bir dövlət yoxlanışı zamanı müddəti başa çatan sayğacların dəyişdirilməsini həyata keçiririk. Bu, sayğacın istismar müddəti deyil, çünki sayğacların istismar müddət 20-25 il təşkil edə bilər. Dövlət yoxlanışı zamanı sayğaca əvvəlcə vizual baxış həyata keçirilir, daha sonra sayğac tərəfimizdən götürülərək daxili qüsurları öyrənilir. Qeyri-əhali qrupunda isə bu proses 3 ildir. Smart sayğacları dəyişdirilən zaman onun üzərində qalan məbləğ isə abonentin balansına köçürülür. Bu proses minimum 10, maksimum 1 ay müddətində ola bilər”.

C.Səfərov smart sayğacların mexaniki sayğacla əvəz edilməsinin həm abonent, həm də “Azəriqaz” üçün sərfəli olduğunu bildirib:

“Dünya enerji bazarında baş verən dəyişikliklər və s. məsələlərlə əlaqədar artıq smart tipli sayğaclardan istifadəni minimuma endirmişik. Smart sayğaclardansa, mexaniki sayğacların alınmasına üstünlük veririk. Çünki mexaniki sayğacların qiyməti onlardan 3 dəfə aşağıdır. Bundan başqa, mexaniki sayğacın komplektinin qiyməti 70-90 manat arasında dəyişir. Smart kart tipli sayğaclarda isə bu, 220-240 manat arasındadır. Mənzillərdə də smart kart tipli sayğaclar mexaniki sayğaclarla əvəz olunanda işlənmiş və ya köhnə sayğaclar təqdim edilmir.

Qeyd edim ki, hər iki sayğacın funksiyası eynidir və eyni işi görür. Hətta mexaniki sayğacların üstünlüyü də var ki, onlayn ödəniş mümkündür və daim qaz axını var. Smart tipli sayğaclarda kartda olan vəsait bitdikdə qazın verilməsi dayandırılırsa, mexaniki sayğaclarda bildirişi aldıqdan 30 gün ərzində abonentin möhlət hüququ olur”.

Qurum rəsmisi ailəyə sayğacın dəyişdirilməsi barədə xəbərdarlıq edilməməsinə də münasibət bildirib:

“Sayğacın dəyişdirilməsi ilə bağlı bildirişin vətəndaşa təqdim edilib-edilməməsi araşdırılır. Hesab etmirəm ki, bu proses ev sahibinə xəbərdarlıq edilmədən həyata keçirilib. Ola bilər ki, bildiriş təqdim edilən zaman ev sahibi evdə olmayıb və bildiriş mənzilin qarşısına qoyulub və daha sonra harasa düşüb. İstənilən halda bu araşdırılacaq”. (axar.az)

Comments


bottom of page