İlqar Məmmədov təşkilat rəhbəri seçiləcəkmi; Natiq Cəfərli: “Siyasi Komitədə onun namizədliyi müzakirəyə çıxarılacaq”
REAL Partiyasının avqustun 4-də onlayn təsis qurultayı keçirilib. Koronavirus pandemiyasına görə tətbiq edilən karantin qaydalarına uyğun şəkildə qurultay virtual baş tutub. İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Rəsul Cəfərov, Zaur Qurbanlı və Mahmud Mahmudov Siyasi Komitəyə üzv seçiliblər.
Əvvəllər hərəkat kimi yaradılan və sonradan partiyaya çevrilən REAL-a mövcud olduğu 11 il ərzində kimlərin gəlib-getdiyi, eləcə də, qurultay barədə N.Cəfərlinin fikirlərini aldıq.
N.Cəfərli bir ay ərzində sənədləri Ədliyyə Nazirliyinə göndərəcəklərini bildirdi: “REAL hərəkat formatında 2009-cu il yanvarın 21-də təsis olundu. O zaman 7 nəfər təsisçi var idi. Həmin şəxslərdən 4 nəfər REAL-ın Siyasi Komitəsində təmsil olunur. Yerdə qalan üç nəfər indi ölkədə yoxdur. Onlar da əmək və peşəkar fəaliyyətləri ilə əlaqədar beynəlxalq təşkilatlarda çalışdıqları üçün sonradan REAL-ın idarə heyətində təmsil olunmadılar. Amma o vaxt yola çıxdığımız insanların yarıdan çoxu hazırda yenə də təşkilatda təmsil olunurlar. 2018-ci ildə biz onlayn qurultay keçirməyə cəhd etdik. Amma bu keçərli sayılmadı. Çünki sənədlər Ədliyyə Nazirliyinə təqdim edilə bilmədi. Bir neçə gün keçdiyi və onlayn şəkildə keçirildiyi üçün qeydiyyatda lazım olan bəzi müddəalara əməl edə bilməmişdik. Ona görə sənədləri Ədliyyə Nazirliyinə göndərmədik. Bu səbəblərdən son qurultayımıza məcburən təsis qurultayı adını verdik. Çünki sənədlər bir ay ərzində qeydiyyat üçün Ədliyyə Nazirliyinə göndəriləcək. Əvvəlki nizamnamə və proqram böyük ölçüdə saxlanıldı”.
REAL funksioneri hədəflərini açıqladı: “Hədəfimiz ölkədə parlamentar respublikanın qurulması və Cümhuriyyət dəyərlərinin bərqərar olunmasıdır. Amma əvvəlki nizamnamədə sədrin daha böyük səlahiyyətləri var idi. Qurultay tərəfindən seçilmişdi. İndi isə qurultay 6 nəfərdən ibarət olmaqla Siyasi Komitəni seçdi. Siyasi Komitə sədri seçəcək. Komitənin istənilən an sədri istefaya göndərmək yaxud ondan hesabat tələb etmək hüququ var. Qurultay tərəfindən Siyasi Komitəyə genişlənmə səlahiyyəti də verildi. Çox güman ki, yaxın aylarda Siyasi Komitədə ölkədə tanınmış, kifayət qədər nüfuzlu şəxslərin təmsil olunması gözlənilir. Bu proses davamlı şəkildə gedəcək. Zaman-zaman Siyasi Komitədə yeni simaların, üzvlərin təmsil olunmasını görəcəyik. İndi texniki problemləri həll etdik. Qanunvericilikdə nəzərdə tutulmuş bütün qaydalara əməl etmək şərti ilə qurultayı keçirdik. Sənədlər hazırlanır. Yaxın günlərdə sənədlər Ədliyyə Nazirliyinə təqdim olunacaq. Qeydiyyata alınıb-alınmamaqla bağlı Ədliyyə Nazirliyi bir ay müddətində rəsmi cavab verməlidir. Ümid edirəm ki, müsbət cavab olacaq. Çünki qanunvericiliyin bütün tələblərinə əməl etmişik. Bundan əvvəl təsis qurultayını dəfələrlə normal qaydada keçirməyə cəhd etdik. Amma çox təəssüflər olsun ki, əvvəl icazə vermədilər, sonradan karantin rejimi tətbiq olunandan sonra ümumiyyətlə bu fiziki olaraq mümkünsüz oldu. Ona görə onlayn qaydada keçirməyə üstünlük verdik. Nəhayət, dediyimiz kimi, qurultayımız baş tutdu. Beş nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası seçilib. Burada da REAL həmişə olduğu kimi bir yeniliyə imza atdı. Nəzarət Təftiş Komissiyası daimi orqan olsa da, onun üzvləri rotasiya qaydası ilə təyin olunacaq. Qurultay ilk beş nəfəri seçdi. Təsdiq etdi ki, qurultay nümayəndələrinin hamısı əlifba sırası ilə növbəti qurultaya qədər hər üç aydan bir Nəzarət Təftiş Komissiyasının üzvləri olacaqlar. Bu da bir yenilikdir ki, Nəzarət Təftiş işində bütün qurultay nümayəndələri iştirak edəcəklər. 108 nəfər yerli məclislərdən və Təşkilat Komitəsi tərəfindən təqdim olunan siyahılar üzrə nümayəndə seçilmişdi. Texniki səbəblərə görə 10 nəfər qoşula bilmədi. 98 nəfər qoşuldu və yetərsay var idi. Demokratik abı-havada qurultayımızı keçirdik. Bir çox səsvermələrdə hətta çox böyük olmayan üstünlüklərlə təkliflərin qəbul olunmasının şahidi olduq. Kifayət qədər diskussiya, demokratiya ortamında bir qurultay baş tutdu. Axşam saat 19-da qurultay başladı və 4 saatdan çox çəkdi. Nəhayət bütün texniki problemləri həll etdik. Nizamnamə, proqramlar və atributlar qəbul olundu. Önümüzdəki günlərin birində Siyasi Komitə iclasını təyin edəcək. İlk iclasda partiyanın sədri seçiləcək. Hələ ki, partiyanın sədrliyinə İlqar Məmmədovdan başqa namizəd yoxdur. Çox güman ki, Siyasi Komitədə onun namizədliyi müzakirəyə çıxarılacaq”.
Commentaires