top of page

Rusiya iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi?



Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə ABŞ və Qərbin cavabı ani və sərt oldu. Rusiya qarşı maliyyə tarixində analoqu olmayan sanksiyalar tətbiq edildi. Bunların sırasında sanksiya altında olan bankların (növbəti mərhələdə ola bilsin hətta bütün bank sisteminin) SWIFT-dən ayrılması, Avropa İttifaqının Rusiya Bankı ilə bütün tranzaksiyalarının qadağan edilməsi, bu ölkənin qızıl-valyuta ehtiyatlarını dondurulmasını qeyd etmək olar.

Bu tədbirlər faktiki olaraq ölkənin maliyyə sistemini sıradan çıxarmaq məqsədi daşıyır. Bankların SWIFT-ə çıxışının bloklanması həmin maliyyə qurumlarını beynəlxalq maliyyə axınlarından kənarda qoyacaq və onların qlobal fəaliyyətini məhdudlaşdıracaq. Rusiya özünün daxil məlumatların ötürülməsi sisteminə bel bağlasa da bu vaxta kimi daxili bazardakı tranzaksiyaların yalnız 20 %-i onun vasitəsilə həyata keçirilirdi. O ki, qaldı xarici ödənişlərə bura da isə ənənəvi olaraq Çinin köməyə gələcəyinə ümid bəslənir. Söhbət CİPS-ə (China International Payments System) qoşulmaqdan gedir. Lakin nəzərə almaq lazımdır ki, Çin özü ABŞ sanksiyaları altındadır. Belə bir şəraitdə həm də Aİ-nin sanksiyaları ilə üzləşmək və qlobal tədarük bazarlarından tədric olunmaq onun marağında ola bilməz. Bu baxımdan ən azından mövcud durumda Çin alternativ beynəlxalq maliyyə sistemi yaratmaq niyyətində deyil. Ölkə rəqəmsal yuan layihəsi üzrə SWIFT-ə birgə platforma qurmaq üçün müraciət edib. Yəni özünü qlobal maliyyə sistemdən kənarda görmür. Çin Avropa ilə ticarət həcmini artırmaq niyyətindədir. Bu məqsədlə Yaponiya və Cənubi Koreya kimi ölkələrlə bazar payı uğrunda mubarizə aparır. Rusiya alıcı kimi onun üçün az maraqlıdır. O, Çin ixracının 2 %-ni alır və idxalın 3 %-ni təmin edir. Ona görə Çinin mövcud şəraitdə hətta siyasi maraqlardan irəli gələrək Şimali Koreya, Eritreya və Suriya ilə bir cərgədə olan ölkəyə görə Avropadakı iqtisadi maraqlarını risk altına alacağı az inandırıcı görünür.

Qızıl-valyuta ehtiyatları ənənəvi olaraq Rusiya iqtisadiyyatının böhranlar dövrü təhlükəsizlik yastığı rolunda çıxış edib. Ukraynaya qarşı “xüsusi əməliyyat”a başlamaq qərarı verilməzdən əvvəl də böyük ehtimalla əsas sığorta kimi məhz bu ehtiyatlar nəzərdə tutulub. Bu isə o deməkdir ki, Rusiya Qərbin bu cür sərt reaksiya verəcəyini gözləmirdi. Təsadüfi deyil ki, dünən Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Aİ-nin Rusiyadan karbohidrigen və qaz tədarükünün dayandırılması perspektivi haqqında suala cavab olaraq heç kəsin gəbul olunacağını gözləmədiyi tədbirlərin qəbul edildiyini vurğulayb. Bu gün həmin ehtiyatlardan istifadə etmək mümkün deyil. Bu səbəbdən Mərkəzi Bankın valyuta bazarına müdaxilə imkanları məhdudlaşıb. Bu isə milli valyutanın məzənnəsinə təziqləri artırır. Eyni zamanda antiböhran tədbirlərinin maliyyələşdirilməsi xeyli çətinləşib. Belə bir şəraitdə ən təsirli, eyni zamanda riskli vasitə olaraq inzibati məhdudiyyət alətlərinin işə düşməsidir ki, Rusiya Bankı və Maliyyə Nazirliyi bu sahədə aktiv fəaliyyət göstərir. Belə ki, Rusiya Bankı uçot dərəcəsini birdən birə iki dəfə qaldırdı, qeyri-rezidentlər ölkədən 5 min ABŞ dollarından artıq vəsait çıxara bilməz, fiziki və hüquqi şəxslər birjadan valyuta alarkən 12 % həddində komissiya odəməlidirlər, ixracdan qazanılan valyutanın 80 % satılmalıdır, banklardan çəkilən valyuta miqdarına məhdudiyyət qoyulub. Uçot dərəcəsini kəskin artırılması kredirləşməni bahalaşdıracaq. Beləliklə də əhalinin və biznesin ucuz pullara çıxış imkanları minimuma enir, iqtisadi fəallıq aşağı düşür. Milli valyutanın ucuzlaşması və qiymətlərin artım tempinin sürətlənməsi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaracaq. Bu isə ələlxüsus idxaldan əhəmiyyətli dərəcədə asılı olan yerli biznesi çox çətin vəziyyətə salacaq. Rusiyanı müflisləşmə epidemiyası bürüyə bilər. İşgüzar fəaliyyətin və istehsalın əhəmiyyətli dərəcədə məhdudlaşdırılması labüddür.

Rusiyanın avtomobil, energetika, qida, geyim və aksesuar, texnika və texnologiya, logistika kimi sektorlarında təmsil olunan transmilli korporasiyalar kütləvi şəkildə Rusiya bazarından çıxır. Yerli ofislər bağlanır, birgə istehsal dayandırılır. Bu, yaxın perspektivdə işsziliklə bağlı vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşəcəyinin carçısıdır. Yaranmış boşluğu qısa zamanda, o cümlədən milli analoqlar hesabına doldurmaq mümükün olmayacaq. Defisit bir çox məhsulların, o cümlədən ilkin tələbat mallarının qiymətlərinin kəskin artmasına gətirib çıxaracaq. Məsələ burasındadır ki, hətta yerli istehsal belə bu və ya digər formada idxaldan asılıdır. Rusiya iqtisadiyyatının aparıcı sektorlarında buraxılan məhsulun 30-70 %-i xaricdən tədarükdən asılıdır. İdxaldan asılılıq ən çox kompüter və elektronika, maşın, mexanizm və nəqliyyat vasitələri istehsalında müşahidə edilir. Kimya sənayesində idxaldan asıllıq 40 %, qida sənayesində - 30 %-dir. Xaricdən tədarükün bahalaşması məhsulun maya dəyərini artırmaqla daxili qiymətlərə təziq göstərəcək. Söhbət Çindən gedirsə alternativ olmayacağı təqdirdə bu ölkənin Rusiyaya qiymət diktə etmək imkanları xeyli artacaq. Çinin bu cür əlverişli şəraitdən maksimum istifadə edəcəyi isə şübhə doğurmur. Bu günə kimi Çinin sərgilədiyi fürsətcil yanaşma bunu deməyə əsas verir. Nəticə etibarı ilə milli müstəqiliyə təhdidləri neytrallaşdırmaq motivləri ilə qonşusuna qarşı “xüsusi əməliyyat” başladan Rusiya Çindən daha da asılı vəziyyətə düşəcək.

Mövcud reallıqda Rusiyada iqtisadi tənəzzül sadəcə olaraq zaman məsələsidir. Ölkənin aviasiya sektoru fəlakətin astanasındadır. Bunu görən hökümət artıq Qərbdən icarəyə götürülən təyyarələrin özəlləşdirilməsini belə nəzədən keçirir. Məsələ burasındadır ki, Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab olaraq Qərb və ABŞ bu ölkəyə təyyarə tədarükü və lizinqindən imtina edib. Eyni zamanda təyyarələrə texniki xidmətin göstərilməsi və sığortalanması qadağan edilib. Lizinqdə olan təyyarələr bir aydan az bir vaxt ərzində geri qaytarılmalıdır. Rusiya hava gəmilərinin milliləşməsinə getsə belə onlar cəmi bir neçə ay işləyə biləcək. Sonda onsuzda bütün məsələ hazırda mümkün olmayan texniki xidmətə dirənir. Bu qərar ölkənin beynəlxalq imicinə böyük zərbə vuracaq. Lakin görünən odur ki, hazırda bu aspekt şimal qonşumuz üçün az əhəmiyyətlidir. Bu kontekstdə hökümətin pirat proqram təminatının istifadəsinə görə cinayət və inzibati məsulliyyətin ləğvini müzakirə etməsi anlaşılandır. Söhbət yerli analoqu olmayan proqram təminatlarından gedir. Bunlar “Microsoft”, “Oracle”, “Autodesk”, “Cisco” kimi qlobal oyunçuların Rusiyadan getməsi fonunda baş verir.

Rusiyanın hələ də Ukraynaya qarşı başlatdığı müharibəni davam etməsi yeni sanksiyalar riskini artırır. Artıq ABŞ Rusiyanın neft-qaz sektoruna qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir. Bu sektor hesabına Rusiyanın büdcə gəlirlərinin üçdə biri təmin edilir. Nəzərə almaq lazımdır ki, sanksiyaların maliyyə sektoruna təsirləri daha ani olur. Belə ki, bu sektor investorların əhvalına bağlı olduğu üçün daha volatildir. Sənayedə və qida sektorunda sanksiyaların təsiri zaman ala bilər. Yəni bir müddət daha əvvəl tədarük edilən ehtiyatlar hesabına qiymətlərin artım tempini zəiflətmək mümkündür. Lakin ehtiyatlar tükəndən sonra istehsalın dayanması, kəskin bahalaşma qaçılmaz olacaq. Bu cür perspektivi nəzərə alan aparıcı beynəlxalq reytinq agentlikləri bu ölkənin reytinqlərini əhəmiyyətli dərəcədə aşağı salıb və Rusiya iqtisadiyyatı üçün ürək açmayan perspektiv vəd edir. Dünya İqtisadiyyatı İnstitutunun (IfW) Avstriyanın İqtisadi Tədqiqatlar İnstitutu (WIFO) ilə birgə davamlı sanksiyaların Rusiyanın müxtəlif xalq təsərrüfatlarına fəsadlarının modelini simulyasiya ediblər. Alimlər belə bir qənaətə gəliblər ki, bu ölkənin ÜDM-si hər il 9,71 % azala bilər. Qəbr mütəfiqlərinin məcmu iqtisadiyyatı cəmi 0,17 % azalacaq. Yəni Rusiyanın bu sanksiyalardan Qərbin itkiləri daha çox olacaq iddiaları daxili auditoriyanı sakitləşdirməyə yönəlmiş populizmdən başqa bir şey deyil.

Comments


bottom of page