top of page

"Rusiya son döyüşlərdə Ermənistanın köməyinə gəlmədi"-MÜSAHİBƏ


“Ermənistanın İordaniyadan aldığı silahlar köhnə və sovet dövründən qalmadır. Ermənilər guya bunları alıb modernizasiya edəcəklər. Əslində onlar boş qutu alıblar. İndi bu qutunu lazım olan avadanlıqlarla doldurmaq lazımdır”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov belə düşünür.

Onun teleqraf.com-a müsahibəsini təqdim edirik.


- Məlum olduğu kimi, ermənilər cəbhə xəttindəki gərginliyi xarici ölkələrə daşımağa başlayıblar. Burada əsas məqsədləri nədir - xaricdəki azərbaycanlılara hücumları hansı əsaslarla təşkil edə bilərlər?

- Ermənistan ordusunun Tovuz istiqamətindəki döyüşlərdə verdiyi itkiləri üzə çıxmalıdır. Paşinyanın əsas məqsədi də budur. Bu da gətirib ona çıxarır ki, gərginliyi xarici ölkələrə köçürsün. Bunun üçün seçdiyi yerlər və mərkəzlərdə də ermənilərin sayı daha çoxdur və fəaldırlar. Məsələn, Los-Anceles. Məlum olduğu kimi, Los-Ancelesdə Hollivud adlanan yerdə bir erməni məhəlləsi var. Erməni terrorçuların əvvəllər bu şəhərdə türk diplomatlarına qarşı qanlı akt törədiblər. Yəni ermənilər Los-Ancelesdə fəallıq göstərirlər. Bu baxımdan, Los-Ancelesdəki Azərbaycan konsulluğuna hücum süni şəkildə təşkil olunub. Məqsəd hansısa formada əks-səda yaratmaqdır.

- Niyə xarici ölkələr?

- Hücumlar təşkil etmək, bununla da təxribat törədib cavab aldıqdan sonra öz tərəflərindən hansısa formada bir qurban əldə edib, bundan Azərbaycana qarşı istifadə etmək niyyəti güdürdülər. Xarici ölkələrdə təxribatı da bunun əsasında təşkil etmək istəyirdilər. Məlumdur ki, onların xarici mediadakı mövqeləri bizdən qat-qat güclüdür. Bundan yararlanaraq, məlum olaylardan bizə qarşı istifadə edəcəkdilər. Hesab edirəm ki, əsas məqsədləri bundan ibarətdir.

- Ermənilərin bu təxribatlarına dair əldə edilən faktlardan hansı şəkildə istifadə edə bilərik, ümumən bu yöndə hansı işlər görülməlidir?

- İndi Azərbaycan tərəfi xarici ölkələrdə hücumlara məruz qalıb. Amma ermənilər hələ ki “itki” və ya “qurban” verməyə nail olmayıblar. İndiki məqamda Azərbaycan tərəfinin atdığı addım o olmalıdır ki, xarici ölkələrdə zərərçəkən soydaşlarımıza yardım etsin. Bəlkə də onların arasında xarici ölkələrin vətəndaşları da var. Bu istintaqa səfirlik və konsulluqlar nəzarət edərkən, prosesi məhkəməyə gətirib çıxara bilərik. Bu, bizim üçün faydalı olardı.

- Səfirliklər niyə burada iştirak etməlidir?

- Çünki bu hadisələr səfirliklərin yerləşdiyi binaların qarşısında olub. Vyana Konvensiyasının əsas bəndlərindən biri ondan ibarətdir ki, səfirliyi qəbul edən ölkə onun təhlükəsizliyini təmin etməlidir. Bu baxımdan, hücumlar təkcə aksiyaçılara yox, diplomatik nümayəndəliklərə qarşı da təşkil olunub. Hesab edirəm ki, Azərbaycan tərəfi indiki mərhələdə hüquqşünasları bu prosesə cəlb etməklə, məsələni məhkəmə müstəvisinə çıxarmalıdır. Bu, təbliğat baxımından bizim xeyrimizə olardı. Biz bununla ermənilərin vəhşiliklərini, yaşadıqları ölkələrin qanunlarını kobud formada pozduğunu, ümumiyyətlə bu münaqişədə haqlı olmadıqlarını sübut edə bilərik.

Hesab edirəm ki, hadisələrin ABŞ-da baş verməsi isə bu faydanın ölçüsünü daha da böyüdür. Nəzərə almaq lazımdır ki, əvvəllər ABŞ-da ermənilər və qaradərililər arasında da toqquşmalar baş verib. Bu kimi faktları da ön plana çəkməliyik. Yəni ermənilərin etnik zəmində törətdiyi bu kimi təxribatlardan onların özlərinə qarşı istifadə etməliyik. Qənaətimə görə, informasiya sahəsində aparacağımız bu təbliğat və işlər öz faydasını verəcək.

- Bəs bu günədək Azərbaycana yaxınlığı ilə seçilən İordaniya nədən Ermənistana silah satır?

- Əlbəttə bu, xoşagələn hal deyil. Çünki İordaniya kralının Azərbaycana münasibəti çox yaxşıdır. Kralın Bakıya rəsmi səfərlərində də bunu hiss etmişik, münasibətlər çox yüksək səviyyədədir. Eyni zamanda, İordan kralı Qüreyşilərdəndir, yəni peyğəmbərimizin nəslindəndir. Başqa sözlə, Yaxın Şərqdə çox nüfuzlu və ciddi siyasi fiqurdur. Hesab edirəm ki, indiki halda biz İordaniya ilə əlaqələri daha da gücləndirməliyik.

- Amma işğalçını silahlandırırlar...

- Ermənistanın İordaniyadan aldığı silahlara gəldikcə, bunlar köhnə və sovet dövründə istehsal olunan silahlardır. Ermənilər guya bunları alıb modernizasiya edəcəklər. Əslində onlar boş qutu alıblar. İndi bu qutunu lazım olan avadanlıqlarla doldurmaq lazımdır. Mənə elə gəlir ki, burada real silahdan söhbət getmir. Bu, Paşinyan tərəfindən imitasiya şəklində qurulmuş oyundur. Bilirsiniz ki, onun adı silahların qanunsuz alverində hallanır. İstisna etmirəm ki, bu məsələdə böyük maliyyə yeyintisi baş verib. Yayılan fotolardan da gördük ki, bunlar 30 ilin hava hücumundan müdafiə sistemləridir. İndi təsəvvür edin ki, onlar nə qədər pul xərcləyib bu qutudan nəsə düzəltməlidirlər.

Yenə də deyirəm ki, bizim İordaniya və onun kralı ilə münasibətlərimiz yüksək səviyyədədir. Hesab edirəm ki, müvəqqəti problemlər yaranıb, bunları həll etməklə əlaqələri daha da gücləndirə bilərik.

- Rus mediasındakı anti-Azərbaycan təbliğatı haqda fikriniz nədir - burada Kremldəki siyasi elitanın rolu nə qədərdir?

- Bu elitanın daxilində müxtəlif qruplaşmalar var. Burada Xarici İşlər naziri Sergey Lavrovla birbaşa bağlılığı olan ermənipərəst qruplaşmanın mediada mövqeləri çox güclüdür. İndi biz baş verənlərə reaksiyasını görürük. Amma mən inanmıram ki, rus siyasi elitasının qərarverici hissəsində Azərbaycana qarşı münasibət o qədər mənfidir. Bu, bir növ təbliğat müharibəsinin bir hissəsidir. Ermənilər harada güclüdürsə, orada öz imkanlarından istifadə edirlər.

Hesab edirəm ki, orada deyilən sözlərə çox da önəm vermək lazım deyil. Əsas məsələ bundan ibarətdir ki, Rusiya son döyüşlərdə Ermənistanın köməyinə gəlmədi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir üzvü ona dəstək vermədi. Bu, əsas nəticədir. Qənaətimə görə, bunlar ermənipərəst dairələrin bunu və zəif olduqlarını gizlətmək üçün göstərdiyi səylərdir.

bottom of page