Rusiyada Aleksey Navalniyə sui-qəsd olub


Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

Sabah.az rus KİV-nə istinadən xəbər verir ki, Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı A.Navalnı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib. Bu barədə Navalnının mətbuat katibi Kira Yarmış öz tvitter hesabında açıqlama verib.

O, Navalnının huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini qeyd edib.

Onun sözlərinə görə, A.Navalnıy səhər ancaq çay içib. Mətbuat katibi müxalifət liderinin çayına qarışdırılan maddə ilə zəhərləndirilməsindən şübhələndiklərini əlavə edib.

***

Kira Yarmışın sözlərinə görə, reanimasiya şöbəsinə yerləşdirilən Navalnı süni tənəffüs aparatına qoşulub: "Komadadır, vəziyyəti ağırdır. Analizin nəticələri hələlik yoxdur”.

Müxalifət liderinə qoyulan ilkin diaqnozun naməlum psixodisleptik (halüsinasiyaya səbəb ola biləcək maddələr) kəskin zəhərlənmə olduğu bildirilib. Xəstəxananın baş həkimi Aleksandr Muraxovski onun ağır vəziyyəti barədə məlumatı təsdiqləsə də, təfərrüatları açıqlamayıb. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.