top of page

Rəqəmsal İpək Yolu: regionun inkişafı üçün yeni imkanlar


Bu günlərdə Qara dənizin dibindən keçən, Avropanı Cənubi Qafqaz və Xəzər regionu ilə birləşdirən fiber optik internet xəttinin sahibi olan Gürcüstanın “Caucasus Online” şirkətinin Azərbaycanın “NEQSOL Holding” şirkəti tərəfindən satın alınması geniş əks-səda doğurdu. Belə ki, bu hadisə Azərbaycanın regional iqtisadi nailiyyətləri sırasında mühüm yer tutur. Beləliklə, 2018-ci ildən əsası qoyulan, Avropanı Gürcüstan və Azərbaycan üzərindən Orta və Cənubi Asiyaya qovuşduracaq fiber optik internet infrastrukturunun yaradılmasını hədəfləyən Digital Silk Way, yəni Rəqəmsal İpək Yolu adlı irimiqyaslı beynəlxalq layihəni tam şəkildə yerinə yetirməyə daha da yaxınlaşdıq.

Həmin layihə çərçivəsində Azərbaycanla Qazaxıstanı Xəzərin dibi ilə birləşdirəcək fiber optik xəttinin tikintisinin artıq getdiyi məlumdur. Ölkəmizi Türkmənistanla da birləşdirəcək bu cür xəttin tikilməsinə dair razılaşma 2019-cu ildə əldə edilib. Həmçinin ölkə daxilində də fiber optik internet xətlərinin tikintisi davam edir.


Bütün bunlar ölkəmizi Yaxın Şərq, Orta və Cənubi Asiya regionları üçün enerji habı olmaqdan savayı həm də rəqəmsal habına çevirəcək irimiqyaslı Azerbaijan Digital Hub proqramının tərkib hissəsidir. Rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək, müxtəlif rəqəmsal xidmətlərin intişar tapmasını təmin edəcək bu proqramın adıçəkilən regionların bütün ölkələrinə fayda gətirəcəyi şəksizdir.

Azerbaijan Digital Hub üç əsas mərhələdən ibarətdir. Bunlar ölkə daxilində və xaricində magistral internet infrastrukturunun yaradılması, Bakının İnternet Mübadiləsi Məntəqəsinə (İXP) çevrilməklə böyük regional data mərkəzinin tikilməsi, nəhayət, rəqəmsal ekosistemin təşəkkülüdür. Ekspertlərin rəyincə, bu və yanaşı həyata keçiriləcək layihələr sayəsində Azərbaycan uzun perspektivdə geniş regionda internet xidmətlərinin əsas satıcısına çevrilməklə rəqəmsal xidmətləri idxal edən ölkədən ixrac edən ölkəyə çevriləcək. Bu da “İndustry 4.0”, yəni Dördüncü Sənaye İnqilabının getdikcə daha geniş vüsət aldığı bir vaxtda ölkəmizin beynəlxalq mövqelərini, o cümlədən ölkə və kredit reytinqlərini gücləndirəcək, beynəlxalq sərmayə axınını daha da artıracaq.

Məlum olduğu kimi, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin məhdudiyyətləri nəticəsində hazırda bütün dünyada rəqəmsal xidmətlər daha da geniş yayılır, İKT sahəsində müxtəlif startaplar və rəqəmsal ticarət layihələri üzə çıxır. Bundan əlavə, Qarabağın işğaldan azad olunması da bölgədə smart şəhərlərin, kəndlərin yaradılacağını prezident İlham Əliyev dəfələrlə qeyd edib. “Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq”, – dövlət başçısı Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

Bütün bunlar nəzərə alınmaqla internet idxalı mümkün qədər azaldılaraq heçə endirilməli, daha əlverişli tariflərin tətbiqinə nail olunmalıdır. Ekspertlərin fikrincə, bunlar yuxarıda sadalanan beynəlxalq proqram və layihələr çərçivəsində mümkündür. Bu cür layihələrə istedadlı gənclərin cəlb olunması da onların məşğulluğuna mühüm töhfə olacaq. Son nəticədə həm iqtisadiyyatın rəqəmsallaşmasına dair qarşıya qoyulmuş hədəflərə çata, həm də rəqəmsal iqtisadiyyatın imkanlarını daha da artıra, neft amilinə bağlılığımızı isə azalda bilərik.

Qulu Nuruyev - ekspert

bottom of page